Accessibility links

Müzəffər Baxışov: Vəkillikdən uzaqlaşdırılmam söz azadlığımın pozulmasıdır [Audio-Müsahibə]


Müzəffər Baxışov

Müzəffər Baxışov

Vəkil Ali Məhkəmənin sədrinin sifarişi ilə işdən kənarlaşdırıldığını iddia edir

Vəkil Müzəffər Baxışovun vəkillik səlahiyyətlərinə xitam verilməsi üzrə məhkəmə təhqiqatı başlayıb. Aprelin 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti onun fəaliyyətini dayandırmaq və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək barədə qərar qəbul edib.

Bu qərara səbəb Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın Vəkillər Kollegiyasına müraciəti olub. Amma vəkil özü hesab edir ki, onun işdən kənarlaşdırılmasının səbəbi Azərbaycan Ali Məhkəməsinin sədrini tənqid etməsidir.

Baxışov Amerikanın Səsinə müsahibəsində bildirib ki, noyabrın 12-də müvəkkilinin işi üzrə prosesdə iştirak edib. İclasa Tatyana Qoldman sədrlik edirdi. Məhkəmənin digər iştirakçısı Müdafiə Nazirliyinin Stomatoloji poliklinikasının baş həkimi Fərhad Hacıyev idi.

O, Ali Məhkəmənin sədri Ramiz Rzayevi müalicə edən həkimdir və məhkəmə hansı qərarı qəbul edərsə etsin, yuxarı instansiyanın onun tərəfində olacağını bəyan edib.

“Onun dedikləri bir daha öz təsdiqini tapdı. Biz birinci instansiya qərarlarından apellyasiya şikayəti verdik. Apellyasiya Məhkəməsi də qanuni əsaslarla qərardad ləğv etdi. Sonradan qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti verdi. Bu mərhələdə hakim qanunsuz, heç bir hüquqi əsası olmadan, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən qeyri-mümkün olduğuna görə auditor yoxlamasının keçirməsinə görə iş üzrə icraatın dayandırması haqda qərar qəbul edib.

Bundan sonra hüquqlarını müdafiə etdiyim şəxs deyib ki, qarşı tərəf və hakim ölkə qanunlarına hörmət etmədiklərindən onların qarşısında ikinci qərardad üzrə çıxış etməyə ehtiyac yoxdur”, deyə vəkil bildirib.

Noyabrın 17-də moderator.az saytına müsahibəsində o deyib: “Bu yaxınlarda Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişinə əsasən hakim Qoldman qanunsuz qərar qəbul edib”.

“Bundan sonra hakim Qoldman mənim müsahibəmi götürüb, Ali Məhkəmənin 12 noyabr protokolunu saxtalaşdırıb, ora daxil etdirib, 18 noyabrda Vəkillər Kollegiyasına göndərib ki, haqqımda tədbir görülsün. Müraciətdə guya mənim hakimi “təhqir etməyim” göstərilir”, deyə vəkil bildirib.

Vəkil Kollegiyanın Rəyasət Heyətinin iddiasını qanunsuz hesab edir. Belə ki, Rəyasət Heyəti müstəqil hüquqi şəxs deyil və məhkəməyə müraciət etmək hüququna malik deyil.

Vəkil özü cavab iddiası ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

Baxışov işdən kənarlaşdırılmasını peşə hüquqlarının və söz azadlığının pozulması kimi qiymətləndirir.

O həmçinin “Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəridir.

Bununla yanaşı, Ali Məhkəmənin sədri vəkilin dediklərinə hələ münasibət bildirməyib.

Son illər Azərbaycanda bir sıra müstəqil vəkillər - Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov və başqaları fəaliyyətdən uzaqlaşdırılıb.

XS
SM
MD
LG