Accessibility links

STP Milli Məclisi Baş Prokurorun təqdim etdiyi qanun layihəsini qəbul etməməyə çağırır


Sivil Toplum Platforması

Sivil Toplum Platforması

Sivil Toplum Platforması (STP) Milli Məclisi Baş prokurorun Cinayət Məcəlləsinə yeni 148-1-ci maddənin əlavə edilməsi, habelə 323-cü maddəyə dəyişiklik və əlavələrin edilməsi haqda parlamentə təqdim etdiyi qanun layihəsini qəbul etməməyə çağırır.

STP Milli Məclisi sözügedən dəyişikliklər layihəsini dərhal parlamentin gündəliyindən çıxarmağa, ifadə azadlığı hüququ ilə bağlı düzənləmələri konstitusiyaya, Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırmağa və “Diffamasiya haqqında” qanunu müzakirəyə çıxarmağa çağırır.

Bu barədə Sivil Toplum Platformasının qanun layihəsi əlaqədar Mövqe sənədində deyilir.

Baş prokuror qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Cinayət Məcəlləsində təhqirə görə mövcud olan 148-ci maddəyə, yeni 148-1-ci maddə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) əlavə etməyə, habelə Azərbaycanın dövlət başçısının - prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltmağa görə məsuliyyət müəyyən edən 323-cü maddəyə dəyişikliklər etmək barədə qanun layihəsi təqdim edib. Yeni maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Layihə görə, həmçinin Cinayət Məcəlləsinin 323-cü maddəsinin (Azərbaycan dövlət başçısının - Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətini ləkələmə və alçaltma) dispazisiya hissəsində kütləvi tirajlarla müşayiət edilən internet informasiya ehtiyatları sözü salınmaqla, Cinayət Məcəlləsinin 148-1 maddəsindəki əməllər prezidentə qarşı yönələrsə məsuliyyət yaradacaq. Burada iki hissədə (maddə 323.1, 323.2), - birinci hissədə azadlıqdan məhrumetmə, cərimə və islah işləri nəzərdə tutulur. ikinci hissədə isə ölkə başçısını ağır və xüsusilə ağır cinayətlərdə ittiham etdikdə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Sivil Toplum Platforması cəzaların daha da sərtləşdirilməsini ölkə konstitusiyasına, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də Avropa İnsan Haqları Konvensiyasına, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi ilə bağlı öhdəliklərə zidd olduğunu qeyd edir.

STP vurğulayır ki, İfadə azadlığı hüququ təkcə öz adı altında deyil, həm də təxəllüs və ya bəlli olmayan anonim (saxta) adlar altında ifadələr yaymaq azadlığını əhatə edir. "Saxta və açıq yayılmış ifadələrə görə fərqli hüquqi məsuliyyət növlərinin müəyyən edilməsinin də heç bir məntiqi əsası yoxdur".

STP hesab edir ki, baş prokurorun ifadə azadlığından istifadəyə görə cəzaların sərtləşdirilməsini təklif etməsi ölkə başçısının təsdiqlədiyi proqramdan geri çəkilmə, habelə, hökumətin sözə görə cinayət cəzaları verən qanunvericiliyi dəyişdirmək barədə öhdəliklərini pozması kimi qiymətləndirilməlidir.

Show comments

XS
SM
MD
LG