Accessibility links

ABŞ prezident seçki kampaniyası sonuncu həftəsinə qədəm qoyur, lakin prezidentlik uğrunda yarışlar namizədlər haqda qalmaqallı xəbərlərə görə daha da gərgin xarakter alır.

Hillari Klinton keçən həftənin əvvəli ölkə üzrə aparılan sorğulara əsasən əminliklə öndə gedirdi və vəziyyətin onun xeyrinə olduğu kimi bir təsəvvür yaranırdı. Real Clear Politics sorğusunun nəticələrinə görə, 6 faizlə üstünlüyə malik olan Klinton ənənəvi olaraq respublikaçı ştatlar hesab edilən Texas və Arizonada fəal təşviqat kampaniyası aparırdı.

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

Lakin Federal Təhqiqatlar Bürosunun təhqiqatı, Obamacare tibbi sığortanın qiymətlərinin kəskin artması və WikiLeaks portalında hakerlərin müdaxiləsilə sındırılmış elektron poçt hesablarındakı yazışmaların açıqlanması seçkidən bir həftə öncə demokratların seçkiqabağı kampaniyasına öz təsirini göstərib.

Pis xəbərlər silsiləsi

Klinton üçün pis xəbərlər silsiləsi oktyabrın 21-də Obama administrasiyasının HealthCare.gov dövlət portalında satılan populyar tibbi sığortaların dəyərinin orta hesabla 25 faiz artdığını elan etməsilə başladı.

Bu, prezident Obamanın imzaladığı tarixi tibbi islahatları fəal surətdə dəstəkləyən və prezident seçildiyi halda onu saxlayıb genişləndirməyə söz verən Klinton üçün ağır zərbə idi.

Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi

Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi

Cümə günü isə Klintonu daha bir zərbə gözləyirdi: Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi keçmiş dövlət katibinin şəxsi elektron poçt serveri işi ilə potensial əlaqəsi ola bilən minlərlə email yazışmasının mövcud olduğunu elan etdi. FTB-nin agentləri Klintonun köməkçisi Huma Abedin və onun keçmiş həyat yoldaşı və ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Entoni Vinerin istifadə etdiyi kompyuterdə emaillərin aşkar edildiyini bildirib. Bu email yazışmaları Vinerin ehtimal edildiyi kimi 15 yaşlı qıza göndərdiyi seksual məzmunlu mesajlarla əlaqədar aparılan başqa bir təhqiqat zamanı aşkar edilib.

Klinton dərhal FTB-nin yeni təhqiqatı ilə bağlı kəskin şərhlərlə çıxış edərək, bunun seçkilərə belə az müddət qalmış açıqlanmasını "presedenti olmayan" və "həyəcan doğuran" hal adlandırıb.

Donald Trampın reaksiyası

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Federal Təhqiqatlar Bürosunun açıqlamasını son günlər keçirdiyi seçkiqabağı kampaniyanın əsas diqqət mərkəzində saxlamağa çalışır.

Tramp özü başqa siyasətçilərin bəlkə də öz namizədliyini geri götürməsi ilə nəticələnə biləcək qalmaqaldan müvəffəqiyyətlə çıxa bilib. Oktyabr ayının əvvəlində respublikaçı namizədin qadınlara sərbəst yanaşa bilməsi kimi qabiliyyətləri ilə lovğalandığı və qadınlar haqda nalayiq şəkildə danışdığı video mediaya sızdı. Bunun ardınca respublikaçı liderlər dərhal Trampı qınadılar və onun namizədliyini dəstəkləməkdən imtina etdiklərini bildirdilər.

ABŞ prezidentliyinə respubikaçı namizəd Donald Tramp

ABŞ prezidentliyinə respubikaçı namizəd Donald Tramp

Tramp videoda dediklərini "kişilər arasında cəfəng söhbət" kimi xarakterizə etdi və sözləri ilə fəxr etmədiyini etiraf etdi. Videonun açıqlanmasından sonra bir neçə qadının Trampı onlarla videoda təsvir etdiyi kimi davranmaqda ittiham etməsi ilə vəziyyət gərginləşdi.

Lakin Trampın sorğulara əsasən göstəricilərinin aşağı olmasına baxmayaraq, onun reytinqi kəskin düşməyib və o hətta oktyabrın sonuncu həftələri Klintonla fərqi azalda bilib. Videonun açıqlanmasından sonra Trampdan məsafə saxlamağa çalışan bəzi respublikaçılar isə hələ də respublikaçı namizədə dəstək verməyə davam edən və onların səslərinə ehtiyacı olan namizədlərdən də eyni davranışı gözləyən çoxsaylı seçicini özlərindən uzaqlaşdırmamaq üçün tənqidlərini yumşaltmalı olub.

Son rəy sorğuları (onların çoxu Federal Təhqiqatlar Bürosunun yeni təhqiqatından əvvəl keçirilsə də) namizədlər arasında fərqin getdikcə daha da azaldığını göstərir.

XS
SM
MD
LG