Accessibility links

Nardaran hadisələri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bugünki müşavirəsində əsas mövzu olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib ki, bu hadisələr onu məyus edib.

Paşazadənin fkrincə, “bunun dinlə əlaqəsi yoxdur”, bu, “dövlətə qarşı çıxmaq, terrordur”. Taleh Bağırzadə və onunla birlikdə olanlar dövlətə qarşı çıxırdılar, o belə hesab edir.

Eyni zamanda, Paşazadə hesab edir ki, Nardaran ağsaqqalları və sakinləri buna qarşı idilər, qanunazid əməlləri “gəlmələr” həyata keçiriblər.

“Bu hadisələrin kökü xaricə dayanır”, deyən Paşazadə İran və Türkiyəni deyil, “daha uzaq ölkələri” nəzərdə tutduğunu qeyd edib, amma kimdən bəhs etdiyini dəqiqləşdirməyib.

O həmçinin “dini ekstremizm” ifadəsinə qarşı çıxıb, belə ki, din ekstremizmlə bir araya sığmır.

Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Nardarandakı hadisələri “gənc dövlətin demokratiya yolunda həyəcan”, adlandırıb.

“Nardaranda bundan əvvəl də müxtəlif hadisələr baş verib və hakimiyyət müyyən güzəştlərə gedib. Amma bu dəfə dövlətin təməlləri təhlükə altındadır”, deyə o bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, islam siyasətə qarışan din deyil.

“Onu sadəcə olaraq siyasət alətinə çevirmək istəyirlər”.

O, Qurana və Peyğəmbərin hədislərinə əsaslanan ənənəvi islamın əsaslarını möhkəmləndirməyə çağırıb.

Parlamentin dini qurumlar və ictimai birliklərlə iş komitəsinin rəhbəri Siyavuş Novruzov hesab edir ki, işi güc tədbirlərinə qədər çatdırmamaq üçün profilaktik və maarifləndirici tədbirlərə ehtiyac var.

Qafqaz Müsəlmanları İdarəsinin nəzarəti altında olan məscidlərin axundlarının da iştirak etdiyi müşavirənin yekunlarına görə, Azərbaycan prezidentinə müraciət qəbul edilib.

Sənəddə Nardaran hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir, dövlətin siyasətinə dəstək ifadə olunur.

***

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Nardarandakı vəziyyətə həsr olunmuş xüsusi iclasını keçirib. Müzakirə zamanı komitə üzvləri aşağıdakıları bəyan etməyi özlərinə borc bilib:

Noyabrın 26-da güc qurumlarının Nardaranda keçirdikləri əməliyyatın elan edilmiş məqsədi – radikal islamçı qrupun zərərsizləşdirilməsi ciddi şübhələr doğurur, belə ki, bu əməliyyat tutarlı səbəb olmadan ictimai yerdə həddindən artıq güc nümayiş etdirilməsi ilə keçirilib. Həm polislərdən, həm də Nardaran məscidinin ziyarətçilərindən olan insan ölümü faktı özü, habelə güc qurumu əməkdaşlarının Nardarandakı hərəkətləri, o cümlədən kəndin mühasirəyə alınması, elektrik enerjisinin, qazın kəsilməsi təzyiq subyektinin hər-hansı bir qrup deyil, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, bütün Nardaran əhalisi olduğunu göstərir.

Hüquq-mühafizə orqanlarının imkanlarını bilərək, demək olar ki, qanunsuz əməllərdə iştirak etməkdə şübhəli bilinən şəxslərin həbsi istənilən vaxt lokal və fərdi formada, insan itkisinə və Nardaran sakinlərinə mənəvi, maddi ziyan vurulmasına ehtiyac olmadan həyata keçirilə bilərdi.

Kənd əhalisinin maliyyə borcu bəhanəsi ilə bütün kommunal xidmətlərinin kəsilməsi həm qanun, həm də əxlaq nöqteyi nəzərdən yolverilməzdir. Bu cür əməllər bir yaşayış məntəqəsində insan hüquqlarının kütləvi şəkildə pozulmasıdır. İnsanların yalnız fərqli düşündükləri və icmanın daxili ənənələrinə görə yaşamaq istədiklərinə görə cəzalandırılması Azərbaycan vətəndaşlarına güc tətbiq etməklə təsir göstərmək üçün bəhanə ola bilməz.

Hakimiyyətin kənd ağsaqqallarının danışıqlar aparılması təklifindən imtina etməsi qınağa layiqdir, çünki o, məhz dövlət başçısının elan etdiyi multikulturalizm siyasəti çərçivəsində bütün vətəndaşlarla dialoq qurmaq üçün hakimiyyətdir.

Yadda saxlamaq lazımdır ki, ölkə qanunlarından, ümummilli ənənələrdən başqa, həqiqətdə özünəxas yerli adət və ənənələr, dini üstünlüklər də mövcuddur və hakimiyyətin borcu onları güc və cəza tədbirləri ilə boğmaq deyil, onlara hörmət etmək və millətin sərvətinə çevirmək üçün onları uyğunlaşdırmaqdır.

Konstitusiya, ölkə qanunları, azərbaycanlıların dini və patriarxal ənənələri yerli və milli maraqların, icmanın və dövlətin maraqlarının vəhdətini təmin etmək məqsədilə qarşılıqlı hörmət və qarşılıqlı anlayış əldə etmək üçün nadir Nardaran icmasının üzvləri ilə ciddi, dərin və ardıcıl danışıqlar başlanmasını tələb edir.

Komitə həmçinin maraqlı olan xarici tərəfləri Azərbaycan ictimaiyyətində neqativ əhval-ruhiyyə yaratmaqdan imtina etməyə və öz səylərini dövlət nümayəndələri və hörmətli Nardaran icması arasında qarşılıqlı hörmət əldə edilməsinə yönəltməyə çağırmağı özünə borc bilir.

Xatırladaq ki, noyabrın 26-da hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Bu zaman silahlı insident yaranıb, 2 polis əməkdaşı olmaqla 7 nəfər ölüb.

Rəsmi məlumatlara görə, insidentlə bağlı 32 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG