Accessibility links

Ötən il noyabrın 26-da xüsusi əməliyyat zamanı 4 Nardaran sakininin həlak olmasının ildönümü ilə əlaqədar Bakı yaxınlığındakı bu qəsəbədə polis və daxili qoşunlar gücləndirilmiş rejimə keçib. Bu barədə Turan-a hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, həlak olanların qohumlarına əvvəlcədən islam ənənəsi ilə matəm mərasimi keçirməyin və kütləvi şəkildə məzarları ziyarət etməyin yolverilməz olduğu barədə xəbərdarlıq edilib. Bundan əvvəl naməlum şəxslər həlak olanların qəbirüstü abidələrini dağıdıb. Kütləvi tədbirlərdən ehtiyat edən polis preventiv həbslər həyata keçirib, "Nardaran işi" çərçivəsində qohumları xəsarət alan və ya həbs olunan iki yerli sakin saxlanılıb.

Saxlanılanlardan biri - Fail Şahbazov Sabunçu rayon Polis İdarəsinə, oradan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, məhkəmə onu 30 gün müddətinə həbs edib.

Bir müddət əvvəl Şahbazov Facebookda tənqidi məqalələr dərc edib və bir neçə gün bundan əvvəl dağıdılmış məzarların fotoşəklini yayıb.

Saxlanılan Saleh adlı digər şəxs barəsində 228.1-ci maddə (qanunsuz silah saxlama) ilə cinayət işi açılıb və o da həbs olunub.

Polis bir sıra digər şəxslərin axtarışını həyata keçirir.

Hüquq müdafəçisinin yaydığı məlumata görə hüquq-mühafizə orqanları hələ münasibət bildirməyib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə məhkəmə davam edir. Hadisələr zamanı 70-dən çox adam tutulub. Onlardan 18 nəfəri, o cümlədən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhkəmə qarşısına çıxardılıb.

Show comments

XS
SM
MD
LG