Accessibility links

“Nardaran işin”də təqsirləndirilənlər işgəncə altında ifadə verdiklərini bildirib


Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi (“Naradaran işi”) üzrə məhkəmə prosesi davam edib.

Bu gün təqsirləndirilənlərdən Rasim Cəbrayılov ifadə verib. O ifadəsində özünü təqsirli bilmədiyini, polis işçilərinə atəş açmadığını deyib.

Təqsirləndirlən Zakir Mustafayev də özünü təqsirli bilməyib.

Avqustun 3-də isə “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə məhkəməyə ifadəsində 2015-ci ilin noyabrında Nardaranda baş vermiş hadisələrdən danışıb.

“Hakimiyyət uzun müddət bizi qanunazidd əməllərə məcbur etməyə, münaqişəyə çəkməyə çalışıb, amma biz təxribata getməmişik”, o qeyd edib.

Bağırzadə ifadəsində prezidentin köməkçisi Əli Həsənovdan da danışıb. Onun sözlərinə görə, həbsindən sonra Əli Həsənov yanına adamlarla bunun arxasında şeyx Allahşükür Paşazadənin durduğu haqqında məlumat göndərib.

Taleh Bağırov

Taleh Bağırov

Eyni zamanda, telekanallarda onlara qarşı terrorçuluq və dini radikalizm ittihamları ilə təbliğat aparılıb.

“Nardaranda qan axıdılmasına heç bir səbəb olmayıb və bu təxribat Prezident Administrasiyasında hazırlanıb”, ilahiyyatçı bildirib.

“Biz namaz üstündə idik. Küçədən silah səsləri gəldi. Qara maskalılar güllə ata-ata içəri hücum elədilər. Fəallarımızdan birini maşında döyə-döyə öldürdülər. Bundan sonra istintaq məni islam dövləti qurmaq cəhdində, silah saxlamaqda və s. ittiham etdi. Bütün bunlar cəfəngiyyatdır”, o bildirib.

İki polisin ölümünə gəlincə, onlar polislərin özlərinin nizamsız atəş açmasının qurbanı olub. Onların ölümü Daxili İşlər Nazirliyinin üzərindədir, o qeyd edib.

İstintaq materiallarına toxunan Bağırzadə prokurorluğu saxtakarlıqda ittiham edib.

“Taleh Bağırzadənin “müraciəti” saxtadır. Onu bizim həbsimizdən sonra hazırlayıb, radikalizm sübutu kimi təqdim etməyə çalışıblar”.

Daha sonra ilahiyyatçı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (bandotdel) işgəncələrdən danışıb.

“Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər. Məni maşına atandan sonra əllərindəki silahların qundağı ilə başıma, üz-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi "bandotdel"də yerə atıb təpikləyirdilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, "daha bu qədər də eləməyin də”.

Əvvəlcə bizi İrana işləməkdə ittiham ediblər, daha sonra Milli Şuranın tapşırıqlarını yerinə yetirdiyimizi etiraf etməyi tələb etdilər. Bütün ifadələr işgəncə altında alınıb”, Bağırzadə bildirib.

Tale Bağırzadə “bandotdel”də ona Milli Şuraya qarşı ifadə verəcəyi təqdirdə verilən vəddən də danışıb.

“26 noyabrda məni o qədər döymüşdülər ki, üç gün özümdə olmadım. Üç gün sonra çağırdılar ki, maddəni yüngülləşdirəcəyik, sən sadəcə, yaz ki, bizim arxamızda Milli Şura, Nardaran hadisələrinin arxasında Cəmil Həsənli, Əli Kərimli dayanır. Üstəlik, bunu da dedilər ki, onlar ABŞ-a işləyir, sizi istəmirlər. Cavabında dedim ki, mənim damarımda kişi qanı axır, nəinki onların, heç sizin də üzünüzə dura bilmərəm. Onda gərək mən yaşamayım. “Bandotdel”də “Şrek” ləqəbli biri var, vahiməli biridi, bundan sonra o, otağa girdi, başladı döyməyə. Üç gün ağlasığmaz işgəncələr verdilər. Elə mənəvi işgəncələr verirdilər ki, sonra özümə bir şey eləyəcəyimdən qorxub yanıma adam salırdılar. Hiss eləyirdim ki, Milli Şuranı bu işə qoşmaq istəyirlər. Bu alınmayanda Leyla Yunus həbsdən buraxılan gün Fuad Qəhrəmanlını tutdular. Ondan sonra bu məsələ qapandı. Əgər mən istədikləri ifadəni versəydim, Cəmil Həsənli, Əli Kərimli və Fuad Qəhrəmanlını tutacaqdılar”.

“Müsəlman Birliyi”nin digər təqsirləndirilən üzvü Abbas Hüseynov da irəli sürülmüş silah saxlamaq və hakimiyyəti ələ keçirməyə hazırlıq ittihamlarını qəbul etməyib.

O, Taleh Bağırzadənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Müsəlman Birliyi” Hərəkatının üzvlərinə qarşı işgəncələr haqqında ifadələrini təsdiq edib.

Abbas Hüseynov bildirib ki, məhkəmədən ədalətli nəticə gözləmir. Ona görə də məhkəmə üçün yox, əslində nə baş verdiyinin ictimaiyyətə bəlli olması üçün ifadə verir. O, ifadəsində ittihamların qondarma olduğunu bildirib, işgəncəyə məruz qalmasından danışıb. Əməliyyat zamanı yaralandığını deyən Abbas Hüseynov qeyd edib ki, uzun müddət, hətta yaxınları belə, onun sağ olduğunu bilməyib. Çünki onun öldüyü barədə yalan məlumat yayılıb.

“İşgəncələrlə bağlı Zakir Qaralova məktub yazmışam. Mənə cavab gəlib ki, “sizi tutarkən heç əlinizi qandallamayıblar, öz xoşunuzla ifadə vermisiz”. Təsəvvür edin, bizi tutub maşında aparanda maskalılardan biri Əkbər qardaşımızın cəsədini göstərib deyirdi ki, “bunun qarnına güllələri mən doldurmuşam”. Məni gecədən səhərə qədər əli qandallı vəziyyətdə, başıma torba keçirib döyürdülər. Məcbur eləyirdilər ki, tutulanların əleyhinə ifadə verim. Məni elə vəziyyətə salmışdılar ki, sanksiya üçün məhkəməyə aparanda yeriyə bilmirdim, polislərdən ikisi qoluma girib aparırdılar. Çirkinliklərini ört-basdır eləmək üçün məhkəməyə aparanda paltar, ayaqqabı alıb geyindirdilər. Dövlət hesabına təyin olunan vəkil, hakim bir soruşmadı ki, bu adamın üz-gözü niyə bu gündədir?”

Abbas Hüseynov deyir ki, həbsindən əvvəl Yasamal trayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev onun anasını çağıraraq, oğlunun başına oyun açılacağı ilə hədələyib.

Abbas Hüseynov ona verilən işgəncələrlə əlaqədar Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şahid qismində məhkəmədə dindirilməsini istəyib.

“Çünki həmin vaxt o da “bandotdel”də idi və mənə verilən işgəncələri, bədənimdəki xəsarət izlərini görüb”.

Taleh Bağırzadə də Abbas Hüseynovun dediklərini təsdiqləyib.

“Bandotdel”də qardaşlarımızın işgəncədən qışqırtıları məni narahat edirdi. Abbasın da səsini eşitdim, müstəntiqə dedim ki, Abbası çağırın, ona deyəcəm ki, tələb olunan ifadəyə qol çəksin. İnsanları öldürmək olmaz, gecə səhərə qədər qışqırıq səsləri gəlirdi”.

Abbas Hüseynovun sözlərinə görə, yanvar ayında ondan işgəncə altında istədikləri ifadəni alandan sonra evlərilə telefonla əlaqə saxlamasına imkan verilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışmada 6 nəfər, o cümlədən iki polis öldürülüb. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” Hərəkatının üzvləri və tərəfdarları olan ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub. Onlar Cinayət Məcəlləsinin konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və s. maddələri ilə ittiham olunur.

AXCP sədr müavini Fuad Qəhrəmanlı dövlət əleyhinə çağırışlarda, dini ayrı-seçkilik salmaqda, kütləvi iğtişaşlara çağırışda ittiham olunur.

XS
SM
MD
LG