Accessibility links

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin işi məhkəməyə göndərilib


Nardaranda etiraz aksiyası
Nardaranda etiraz aksiyası

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov və daha 17 nəfərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhramanlı barəsində olan cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində yazıb.

Yaxın vaxtlarda işin təyin edilməsi gözlənilir.

Müdafiə tərəfi hesab edir ki, ibtidai istintaq elan edilmiş ittihamla bağlı ortaya sübut qoya bilməyib və bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb.

“Bunlardan biri, 26 noyabr 2015-ci ildə Nardaranda həlak olan, ön qarın nahiyyəsindən güllə yarası almış polis işçilərindən birinin hadisə vaxtı nəyə görə zirehli gödəkçədə olmamasıdır, bu belə olsa idi həmin xəsarətin alınması mümkün deyildi. Hər halda rəsmi məlumatlarda Nardaranda keçirilən əməliyyat xüsusi əməliyyat adlandırılıb”, vəkil qeyd edir.

2015-ci il noyabrın 26-da Nardaranda polisin keçirdiyi xüsusi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər ölüb.

Hadisədən sonra 70-dən çox insan saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) və 315.1 (hakimiyyət nümayəndisənə qarşı zorakılıq tətbiq etmək), 214.2.1 (mütəşəkkil qrup tərkibində terrorizm), 214.2.3 (odlu silah işlətməklə terrorizm), 214-2 (terrora açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizliyə çağırışlar), 228.3 (mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz silah dövriyyəsi), 228.4 (qanunsuz odlu silah və qaz balonunun gəzdirilməsi), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili və onlarda iştirak), 278 (hakimiyyətin zorla ələ keçirilməsi), 279.1 (qanunsuz silahlı birləşmələrin yaradılması və ya onlarda iştirak), 281.2 (mütəşəkkil qrupun tərkibində silahlı qiyamda iştirak) və 283.2.3 (mütəşəkkil qrupun tərkibində dini ədavətin qızışdırılması) maddələri ilə ittiham irəli sürülüb.

Həbs edilənlərin bir çoxu inzibati qaydada cəzalandırılıb, onlarla insan barəsində isə qrup halında məhkəmələrdə barələrində müxtəlif müddətlərə həbs seçilib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də həbs edilib. Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (zor tətbiq etmə hədəsilə milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham olunur. O, facebook səhifəsində yazdığı statusla bağlı ittiham edilir.

XS
SM
MD
LG