Accessibility links

Nərgiz Börk-Petersen:Eurovision müsabiqəsinə özümü sınamaq üçün qatıldım


Presenters Eurovision 2012

Presenters Eurovision 2012

Eurovision-2012 mahnı müsabiqəsinin aparıcısı hüquqşünas karyerasını davam etdirmək istədiyini deyir

Eurovision 2012 mahnı müsabiqəsinin aparıcılarından biri Nərgiz Börk Peterseni sözün əsl mənasında müasir qadın adlandırmaq olar. Ali təhsilli hüquqşünas olan Nərgiz vaxtı ilə model kimi çalışıb, tələbə olduğu illər jurnalistika fəaliyyətilə məşğul olub, hazırda ailələdir, iki övladı var. Bu yaxınlarda isə Avropa və dünyanın başqa ölkələrində milyonlarla tamaşaçı Nərgiz Börk-Petersonu tamamilə yeni rolda tanıdı. Amerikanın səsinə müsahibədə Nərgiz Börk-Peterson Eurovision 2012 mahnı müsabiqəsində qazandığı təcrübədən danışır.


Dilşad Əliyarlı: Nərgiz, siz Avropada ən populyar musiqi tədbirlərindən birinin aparıcı olmusunuz. Sizi indi milyonlarla belə tanıyır, lakin həyatınızda qazandığınız başqa uğurlar da olub. ABŞ-da hüquqşünas kimi təhsil almısınız, model kimi çalışmısınız, iki övladınız var. Özünüz haqda daha nə əlavə edə bilərsiniz?

Nərgiz Börk-Petersen: Çox sağ olun. Mən həqitətən də ABŞ-da hüquqşünas təhsili almışam. Amerikaya 17 yaşında olarkən köçmüşəm və ali təhsilimi orada almışam. Təhsilimi bitirdikdən sonra vəkil işləmişəm. Artıq xeyli vaxtdır model kimi çalışmıram. Sonra həyat yoldaşımla Danimarkaya köçmüşəm. O danimarkalıdır. Bundan sonra Moskvaya getmişik və mən orada da hüquqşünas kimi çalışmışam. Ona görə də Eurovision karyeramla əlaqədar deyil. Ölkəmdə baş verəcək bu gözəl tədbirə qatılmaq istəyi və arzusu çox güclü idi və xoşbəxtlikdən bu şans mənə nəsib oldu.

Dilşad Əliyarlı: Deməli, siz buna hazırlaşırdınız, bunu arzu edirdiniz.

Nərgiz Börk-Petersen: Bəli, bəli, etiraf etməliyəm ki, bu haqda fikirləşirdim və bunu arzu edirdim. Keçən il Azərbaycan qalib gələndə biz Moskvada idik. Müsabiqəyə dostlarımızla və həyat yoldaşımım həmkarları ilə birlikdə baxırdıq.Mən sevimcimdən bilmirdim nə edim, qürur duyurdum və özümü çox xoşbəxt hiss edirdim. Mən bilirdim ki, insanlar nə qədər sevinir. Moskvada yaşayan minlərlə azərbaycanlı küçələrə çıxmışdı. Onlar Azərbaycan səfirliyinin qarşısında toplaşmışdılar. Səhər saat 4-yə yaxın idi, və buna baxmayaraq, Azərbaycan səfirliynin qapıları açıldı və səfir toplaşanlar qarşısında çıxış etdi. YouTube-da da qələbənin təntənə edildiyi göstərilən videolara baxırdım və özümün burada necə iştirak edə biləcəyim haqda fikirləşirdim. Deyirdim, görəsən, Azərbaycanda Eurovision aparıcısı kim olacaq? Mənim özümün bir qədər jurnalist təcrübəm var. Azərbaycanda universitetdə təhsil aldlğlm illər orada TV-də çalışmışdım. ABŞ-da model kimi işlədiyim vaxt da televiziya təcrübəsi qazanmışdım. Buna görə fikirləşdim ki, mən bu işin öhdəsindən gələ bilərəm. Sonra işlərin necə təşkil olunduğunu öyrənməyə başladım və təşkilatçılarla əlaqə saxladım. Mən seçimlərin nə zaman başlanacağını və necə keçəcəyini soruşdum. Vaxta hələ çox qalırdı, ona görə də mənə dedilər ki, gözləyin, aparıcıları seçməyə başlayanda sizinlə əlaqə saxlayacayıq.

Dilşad Əliyarlı: Arzudan gerçəkliyə gedən yolda qarşıda məşqlər, fərqli həyat tərzi, gərgin iş rejimi və hazırlıqlar var idi.

Nərgiz Börk-Petersen: Elədir. Mənə deyəndə ki sizinlə əlaqə saxlayacayıq, düzü fikirləşirdim ki, yəqin bunu nəzakət xatirinə belə deyirlər. Amma sonra mənə zəng etdilər və aparıcı seçimlərinə çağırdılar. Özü də zənglə məşqlərin başlaması arasında cəmi bir neçə gün var idi. Kopenhagendən Bakıya gəldim. Foto-şəkillər çəkildi, şounun prodüseri ilə intervyu oldu və o mənə dedi ki, mən daha uzun müddət üçün Bakıda qalıb bir neçə proqram aparmalıyam. Bununla yanaşı, Avropa Yayım Birliyinin nümayəndəsi də məni görüb öz qərarını verməli idi. Çünki mənim də, başqa aparıcıların da namizədliyi Avropa Yayım Birliyi tərəfindən təsdiq edilməli idi.

Dilşad Əliyarlı: Eldar və Leyla ilə birgə işləmək necə idi. Sizə səhnədən baxanda uğurlu bir komanda kimi görünürdünüz, sanki bir-birinizlə işləməkdən zövq alırsınız.

Nərgiz Börk-Petersen: Mən həqiqətən də onlarla işləməkdən böyük zövq aldım. Biz tamamilə müxtəlif insanlarıq. Gənc olmalarına baxmayaraq, Eldar və Leyla yüksək professionallığa malikdir. Həm də çox ağıllı və şən gənclərdir. Onlarla işləmək insana böyük zövq verir. Biz bilirdik ki, bizim bir komanda kimi görünməyimiz olduqca vacibdir. Amma komanda görüntüsü yaratmaq mümkün deyil, dost kimi görünmək mümkün deyil, komanda ya var, ya da yoxdur. Görüntü yaratsaydıq tamaşaçı bunu hiss edəcəkdi, bunun qeyri-təbii olduğunu görərdi. Bəxtimizdən aramızda çox səmimi və gözəl münasibətlər yarandı. Səhnəyə də bir komanda kim çıxırdıq. Yadımdadır, hər şoudan əvvəl üçümüz də dua edirdik. Əlimizdən gələni edə bilmək üçün dua edirdik. Biz zövq almaq, şounun şən və gözəl əhval-ruhiyyədə keçməsini istəyirdik. Siz çox həyəcan keçirdiyinizi göstərməməlisiniz. Xüsusilə də belə bir tədbirdə. Amma eyni zamanda, biz daim öz ölkəmizi təmsil etdiyimiz haqda düşünürdük, çünki çox sayda tamaşaçı Azərbaycanı tanıyacaqdı. Onu deyə bilərəm ki, bu, çox çətin iş idi. Bir tərəfdən şən və əyləncəli bir atmosfer yaratmaq, digər tərəfdən də öz vənənini təmsil etmək kimi məsuliyyətli bir iş görmək. Çiynində böyük bir məsuliyyət daşıdığını hiss edirdin. Mənə elə gəlir ki, bu işin öhdəsindən gələ bildik.

Dilşad Əliyarlı: Siz Eurovision-da həm Azərbaycanı, həm də Qərbi təmsil edirdiniz. Danimarkada Eurovision müsabiqəsinin Bakıda keçirilməsi və aparıclardan birinin azərbaycanlı olması ilə yanaşı, Danimarkanı da təmsil etməsini necə qarşılayırdılar?

Nərgiz Börk-Petersen: Son balların hesablanması zamanı Danimarkanın nümayəndəsinin məni qeyd etməsi əslində məni çox təəccübləndirdi. O məni qeyd etdi və dedi ki, Nərgiz Börk-Petersen demək olar həm də daniyalıdır. Bu mənə həqiqətən də çox xoş idi. Mənim evim indi Kopenhagendədir. Amma bunu onların özündən eşitmək çox xoş idi. Mətbuata bir neçə dəfə mesahibələr vermişəm, qəzetlərdə bir neçə dəfə məqalələr dərc edilib. Mənim özümə maraq göstərilib. Çoxları mənim hüquqşünas olduğumu biləndə çox təəccüblənirdilər.

Dilşad Əliyarlı: Eurovision müsabiqəsindən sonra həyatınız nə dərəcədə dəyişib? Siz özünüz bunu necə hiss edirsiniz? Ana, həyat yoldaşı, hüquqşünas, Eurovision aparıcısı və model kimi müxtəlif funksiyaları yerinə yetirən müasir qadın olaraq həyatınızın dəyişdiyini deyə bilərsinizmi?

Nərgiz Börk-Petersen: Eurovision dövrü həyatım tamamilə dəyişmişdi. Ailəmdən uzaq düşmüşdüm. Şoubiz həyatı qeyri-adi bir həyatdır. Adi həyatda çox vaxt ayırmadığınız işlərə saatlarla vaxt sərf edirsiniz. Saç düzümü, makiaj kimi işlərə vaxt çox gedir. Yəqin buna görə, siz də məni model kimi qeyd etdiniz, çoxlarının da dediyi kimi modelə bənzəyirdim. İndi artıq normal həyata qayıtmışam. Həyatımın büsbütün dəyişdiyini deyə bilmərəm. Düzdür, indinin özünə qədər Eurovision müsabiqəsinin xatirələri ilə yaşayıram. Onu da deyim ki, uşaqlarımda o qədər böyük təəssürat yaratmamışam. Əlbəttə ki, ailəm mənə dəstək verirdi, mənə görə qürur hissi keçirirdi. Amma indi yenə normal məcraya qayıdıb. İndi hüquqşünaslıq sahəsində iş axtaracam, şoubiz deyil. Mən buna karyera kimi baxmırdım. Bunu edə biləcəyimi özümə sübut etmək üçün etmişdim. Eurovision müsabiqəsində iştirak mənim üçün gözəl bir təcrübə oldu. Amma mən hüquqşünasam və öz peşəmi sevirəm. Məni yaxşı hüquqşünas kimi tanıyırlar. Buna görə də illərlə gördüyüm bu işi atmaq fikrində deyiləm. Lakin yenə də insanlar zövq almaq xatirinə nəsə edirlər, mənim də yenidən belə bir şansım olsa, ondan istifadə edəcəm.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG