Accessibility links

Narkotik - Azərbaycanın «ümummilli ittiham maddəsi» - infoqrafika


Azərbaycanda siyasi baxışları və fəaliyyəti hakimyyətin ürəyincə olmayan şəxslərin həbsi nadir hadisə deyil. Hakimiyyətin siyasi rəqiblərinin həbsi ilə bağlı tənqidlərə Azərbaycan rəsmiləri inadla cavab verirlər ki, həmin şəxslər konkret cinayətlərə görə müstəqil məhkəmələr tərəfindən məhkum olunub. Eyni inadla beynəlxaql təşkilatlar və Qərb siyasətçiləri Azərbaycan məhkəmələrini müstəqil deyil, siyasi hakimiyyətin əlində repressiya aləti olduğunu bəyan edirlər. İllərdi davam edən bu ritorikanın fonunda, tənqidi jurnaslitlərin, müxalifət və vətəndaş cəmiyyəti fəallarının həbsləri davam edir. Bu həbslərin əsasında daha çox "narkotik maddə ittihamı" durur. AzadlıqRadiosu son illər belə həbslərin xronologiyasını təqdim edir.

MİRZƏ SAKİT

«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitlə başlayan narkotik ittihamı, hələlik, Müsavat Gənclər Təşkilatının üzvü, sosial şəbəkə fəalı Fərəc Kərimli ilə yekunlaşıb. Birinci hadisə 2006-cı il iyulun 23-də, sonuncu hadisə 2014-cü il iyulun 23-də baş verib.

Mirzə Sakit həmin hadisəni 8 il sonra belə xatırlayır:

«2006-cı il iyunun 23-də «Dostluq» kino-teatrının yanında DİN-in Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinin 6 nəfər əməkdaşı taksidə getdiyim yerdə qarşımı kəsdilər. Sonra taksidən düşürüb «Prado» avtomobilinə mindirdilər. Avtomobilin salonunda qollarımı burdular və həmin idarənin rəisi sellofan torbadakı 9 qram heroini şalvarımın sol cibinə qoydu. Bu miqdara görə mənə 5 ildən 12 ilə qədər həbs düşürdü. Sonradan fikirlərini dəyişərək, məni 234.1 maddəsi ilə ittiham etdilər. Bu maddəyə görə, məni 3 ilədək cəza gözləyirdi. Onu da verdilər...».

Satirik yazar 2009-cu ilin aprelində amnistiya ilə azadlığa çıxıb və ölkədən mühacirət edib.

Növbəti narkotik ittihamı 2007-ci ildə, terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Eynulla Fətullayevə qarşı irəli sürülüb. 2009-cu il dekabrın 29-da 12 saylı həbsxananın rəhbərliyi jurnalistin üzərindən 0.22 qram heroin tapıldığını bəyan edərək ona qarşı «narkotik vasitələrin qanunsuz saxlanması» maddəsi ilə ittiham irəli sürüb.

Jurnalist bütün bunların onu susdurmaq üçün atılan addım olduğunu deyib.

NARKOTİK İTTİHAMI İLƏ ÜZLƏŞƏN ƏN GƏNC FƏAL

2011-ci il fevralın 5-də narkotik ittihamı ilə tutulan şəxs AXCP üzvü, 20 yaşlı Sumqayıt sakini Cabbar Savalan olub. Sumqayıt Dövlət Universitetində oxuyan, vaxtaşırı müxalifətin etiraz aksiyalarına qatılan gənc fəal elə həmin il mayın 4-də 2 il 6 ay azadlıqdan məhrum edilib. O, 2011-ci ildə elan olunan əfvlə azadlığa buraxılıb.

Məhbəsdən çıxan Cabbar Savalanlının AzadlıqRadiosuna söylədiklərindən:

– Cibindən narkotik çıxmasını necə qarşıladın?

– Düzü, bildim ki, bu narkotikdir. Həm televiziyalardan görmüşdüm, həm də əvvəllər siyasi məhbusları da eyni üsulla həbs etdiklərini eşitmişdim. Cibimdən kağız bükülünü çıxaranda başımı masaya çırpdım. Anladım ki, daha hər şey əvvəlki kimi olmayacaq.

– Hakim məhkəmə hökmünü oxuyanda nə hiss edirdin?

– Hökm oxunarkən də heç nə hiss etmirdim. Bildirdim ki, bu qərar yuxarıdan verilib və heç bir nəticə olmayacaq.

2013-cü ilin martında Sumqayıtda həbs edilən daha bir AXCP üzvü Daşqın Məlikova da narkotik maddə saxlama ittihamı irəli sürülüb. 2 il yarım həbs cəzası alan gənc fəal prezident İlham Əliyevi dəstəkləyən bəyanat yazaraq üzvü olduğu partiya sıralarını tərk etdiyini bildirəndən sonra şərti olaraq azadlığa buraxılıb.

«Tolışi Sədo» qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov da narkotik ittihamı ilə həbs olunub. 2012-ci il iyunun 21-də narkotik saxlama ittihamı ilə saxlanan hüquq müdafiəçisi sonradan «dövlətə xəyanət»də və «milli ədavət yayma»da da suçlanaraq 4 il azadlıqdan məhrum edilib.

İranın «Səhər» telekanalının Azərbaycan üzrə müxbiri, 2012-ci il fevralın 17-də saxlanan Anar Bayramlı da «qanunsuz narkotik saxlama»da ittiham olunub. O, həmin ilin dekabrında əfv edilib.

2013-cü ilin martında həbs edilən və «kütləvi iğtişaşlar hazırlamaqda suçlanan 8 NİDA üzvündən 4 nəfərinə qarşı da narkotik ittihamı irəli sürülüb. Gənclər bu ittihamların qurama və sifarişli olduğunu, onların ictimai fəaliyyətindən qaynaqlandığını bildiriblər.

«Facebook» sosial şəbəkəsində «Yaltaqlara dur deyək!», «Seçki saxtakarlıqları» səhifələrinin idarəedicilərindən olan Əbdül Əbilov də 2013-cü ilin noyabrında narkotik ittihamı ilə saxlanıb. O, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Bloqqer ona qarşı irəli sürülən narkotik maddə saxlamaq ittihamını rədd edir və həbsinin sosial şəbəkələrdəki fəaliyyətindən qaynaqlandığını söyləyir.

Lənkəran sakini Şaiq Ağayev də sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra həbs olunub. O, övladının orta məktəbdə döyülməsinə dair videomüsahibə hazırlayıb sosial şəbəkələrdə yayandan sonra narkotik maddə satışında suçlanaraq tutulub.

NARKOTİK İTTİHAMI NAXÇIVANA DA GEDİB ÇATIB

2013-cü il noyabrın 24-də saxlanan Müsavat Partiyası Babək rayon təşkilatının sədri Mehdi Niftəliyevə qarşı da narkotik ittihamı irəli sürülüb. O, 3 ay həbsdə qalandan sonra 2014-cü ilin yanvarında şərti azadlığa buraxılıb.

DİN VƏ NARKOTİK MADDƏ İTTİHAMI

Narkotik ittihamı ilə həbs olunanlar arasında dini təmayüllü sayt jurnalistləri və dindarlar daha çoxdur.

Ruhani Tale Bağırzadə, Mehdi Şamili, Bülbülə qəsəbəsindəki Ağabalabəy məscidinin axundu Səxavət Əliyev, Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin sakini ruhani İlqar Əliyev, diniyönümlü azadxeber.az saytının redaktoru Nicat Əliyev, islamazeri.az saytının baş redaktoru Ramin Bayramov və ruhani Abgül Süleymanov da Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə («Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma») suçlanaraq, müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Onlardan bəzisi artıq azadlıqdadır.

Hüquqşünas Elman Fəttahın fikrincə, hakimiyyətin müxalif siyasətçilərə, gənc fəallara, bütövlükdə sosial şəbəkə fəallarına və dindarlara narkotik ittihamı irəli sürməsi daha asan başa gəlir. Bundan başqa həmin şəxslərin siyasi fəaliyyətinə görə həbs olunmaması görüntüsü də yaradılır:

«Hakimiyyət bununla beynəlxalq aləmə göstərir ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə həbs edilmir. Bu həbslərin mahiyyəti bütün cəmiyyətə məlum olsa da, hakimiyyət azı 10 ildir təməli qoyulan bu ənənənin hələ də uğurlu olduğuna inanır. Müsavat üzvü Fərəc Kərimlinin iyulun 23-də tutulması bunu bir daha sübut edir».

«XALAC HƏBSXANASINDA MƏHBUSLARIN 80 FAİZƏ YAXINI NARKOTİK İTTİHAMI İLƏ CƏZA ÇƏKİR»

Elman Fəttah deyir ki, Azərbaycanda bu məsələyə acı istehzayla yanaşılması boş yerə deyil və artıq ölkə həbsxanalarında Cinayət Məcəlləsinin 234-cü maddəsini «ümummilli maddə» adlandırırlar:

«Statistika var. Misal üçün deyim ki, Salyanın Xalac kəndindəki həbsxanada məhbusların, az qala, 80 faizə yaxını narkotik ittihamı ilə azadlıqdan məhrum edilib. Bir az sarkazmla desək, «xuliqanlıq», «narkotik» ittihamları sanki Azərbaycan hakimiyyətinin profilinə uyğun maddələrdir. İstər tonla olsun, istər qramla – narkotik vasitələrin hamısı nəzarətdədir. Nə qədər narkotik aşkarlansa da, kimlər tutulmalıdırsa, onlar tutulmur».

Müxaliflərin, sosial şəbəkə fəallarının həbsində narkotik maddələrdən istifadənin səbəblərinə gəlincə, Elman Fəttah hesab edir ki, söhbət icra hakimiyyətindən qaynaqlanan həbsləri həyata keçirmək üçün ideal variantdan gedir:

«Siyasi və ya qeyr-siyasi həbslərə qərar veriləndə bu ittihamla istənilən adamı həbs etmək asandır. Tutarlı sübut və ya şahid axtarmağa ehtiyac qalmır. Heç narkotik maddəni adamın cibinə, avtomobilinə, evinə qoymadan da bunu etmək mümkün olur. Sadəcə, tutulacaq adamı bölməyə aparıb seyfdən narkotik maddəni stolun üstünə atırlar, sonra ya işgəncə verib boynuna qoyurlar, ya da özlərinin yalançı şahidlərindən yararlanırlar».

Hüquqşünasın fikrincə, narkotik vasitələr bəzi hallarda natural halda deyil, digər formalarda da hüquq-mühafizə orqanlarının dadına çatır. Onun sözlərinə görə, bəzən ziyalıları, hamının yaxşı tanıdığı adamları həbs etmək üçün narkotik asılılığı olan adamlardan faydalanırlar. Hüquqşünas Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının həbsini buna misal çəkir:

«Ya adamların cibinə narkotik maddə atılır, ya da narkotik maddədən asılılığı olan adamları istədikləri şəxsin üzünə durdururlar».

«HAKİMİYYƏT HANSI SİFARİŞİ VERSƏ, EKSPERTİZA DA ONA UYĞUN RƏY VERİR»

Hüquqşünas narkotik ittihamının geniş yayılmasını həm də Azərbaycanda bunu yoxlayacaq müstəqil tibbi ekspertizanın olmaması ilə izah edir:

«Hakimiyyət sifarişlə həbs etdirdiyi adama hansı ittihamı irəli sürübsə, tibbi ekspertiza da rəyini həmin göstərişə uyğun hazırlayır. Fikir verin, müxalifət nümayəndələrinə, fəallara ən çox irəli sürülən ittiham «xuliqanlıq» və «narkotik» ittihamlarıdır. Hər ikisi də tibbi ekspertlərdən asılı olan məsələdir. Bir sözlə, siyasi işlərin sifarişçisi icra hakimiyyətləridir, rəy verənlər də onların tabeliyində olan qurumlardır».

«SON VAXTLAR İNANDIRICI GÖRÜNMƏSƏ DƏ...»

Vəkil Əshabəli Mustafayev də konkret misallarda diqqət çəkir:

«Bu, həm Müsavat üzvü Yadigar Sadıqlı, həm də Gəncədə həb edilən QHT rəhbəri Həsən Hüseynli ilə bağlı olub».

Əshabəli Mustafayevə görə, son vaxtlar narkotik ittihamları elə inandırıcı görünməsə də, Müsavat üzvü olan iki qardaşın narkotik saxlamaq ittihamı ilə həbsi hakimiyyətin öz niyyətindən hələ də əl çəkmədiyini göstərir.

Fikri soruşulan hüquqşünasların fikrincə, 2006-cı ilədək siyasi rəqiblərə qarşı ittihamlarda ən çox qanunsuz silah gəzdirmə maddəsi əsas götürülürdü:

«Yadınızdadırsa, bütün cibləri tikili olan AXCP sədri Əli Kərimlinin də cibindən qumbara tapıldığını bəyan etmişdilər. Bir də əvvəllər indiki kimi cinayət müstəvisində kütləvi həbslər yox idi. O zaman daha çox inzibati həbslər həyata keçirilirdi».

PREZİDENTƏ MÜRACİƏTLƏRDƏKİ NARKOTİK MƏNTİQSİZLİYİ

Hüquqşünas Elman Fəttah narkotik ittihamı ilə bağlı bir məsələyə də aydınlıq gətirir:

«Fikir verirsinizsə, narkotik maddə ittihamı ilə həbs edilənlərin bəziləri bir müddət sonra prezidentə müraciət edib deyirlər ki, bir daha siyasətlə məşğul olmayacaqlar. Necə olur, adam narkotik ittihamı ilə tutulur, amma prezidentə müraciətində narkotikdən deyil, siyasətdən danışır. Burda həm məntiqsizlik, həm də məsələnin siyasi mahiyyəti ortaya çıxır. Adam doğrudan da narkotik maddədən istifadəyə və ya onun satışına görə həbs edilibsə, o, prezidentə müraciətində yazmalıdır ki, bir daha narkotik vasitədən istifadə etməyəcəyəm...».

RƏSMİ STATİSTİKA

Daxili İşlər Nazirliyinin 2014-cü ilin 6 ayı üzrə açıqladığı hesabata görə, narkotiklərlə əlaqədar 1743 cinayət, o cümlədən satışı ilə bağlı 449 fakt müəyyən edilib. 90 nəfərdən ibarət 27 cinayətkar qrup zərərsizləşdirilib.

373 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Nazirlik bildirir ki, narkotik ittihamı ilə məsuliyyətə cəlb olunmuş 1252 nəfərdən 1150-i əməkqabiliyyətli, amma işləməyən və oxumayan, onlardan 353-ü əvvəllər cinayət törətmiş şəxslər, 32 nəfəri qadınlardır.

Rəsmilər Azərbaycanda insanların siyasi fəaliyyətinə görə deyil, konkret törətdiyi əmələ görə həb edildiyini bildirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG