Accessibility links

Dünyanın daha bir nüfuzlu jurnalist təşkilatı Xədicə İsmayılı şərəfləndirir


ABŞ-ın Milli Mətbuat Klubu 2015-ci il mətbuat azadlığı mükafatını azərbaycanlı jurnalist Xədicə İsmayıla vermək qərarına gəlib.

“Biz ümid edirik ki, Avropa Oyunlarını seyr edən dünya ictimaiyyəti Azərbaycanda müxbirlərin və başqalarının taleyinə biganə qalmayacaq. Bu insanlar sərbəst özünü-ifadə hüququndan istifadə etdiklərinə görə həbsə salınıblar,” deyə Milli Mətbuat Klubunun prezidenti John Hughes bildirib. “Xəbərləri söyləmək cinayət olmamalıdır – nə Azərbaycanda, nə də başqa yerdə.”

Xədicə İsmayıl, AzadlıqRadiosunun jurnalisti

Xədicə İsmayıl, AzadlıqRadiosunun jurnalisti

Hər il Milli Mətbuat Klubu azad mətbuat dəyərlərini öz işində əks etdirən iki kateqoriyada jurnalistlərə nüfuzlu John Aubuchon Mətbuat Azadlığı mükafatını təqdim edir. Bunlardan biri amerikalı jurnalistlərə, o biri isə xarici jurnalistə verilir.

Aubuchon mükafatları iyulun 29-da keçiriləcək mərasimdə təqdim olunacaq. Amerikadan bu mükafatı Washington Post qəzetinin müxbiri Jason Rezaian və müstəqil jurnalist Austin Tice alacaqlar.

Jason artıq 9 aydır ki, heç bir ittihamsız İranda, Austin isə Suriyada saxlanılır.

Xəbərləri söyləmək cinayət olmamalıdır – nə Azərbaycanda, nə də başqa yerdə.

1908-ci ildə təsis edilmiş Milli Mətbuat Klubu – National Press Club – dünyanın aparıcı peşəkar jurnalist təşkilatıdır. Qurumun mətbuat azadlığı komitəsi dünya boyu müstəqil jurnalizmin və şəffaflığın qorunmasına xidmət edir.

Xədicə İsmayıl bu günlərdə Amerikanın başqa nüfuzlu təşkilatı olan PEN-in Barbara Goldsmith mükafatı ilə təltif olunub.

Prezident İlham Əliyev və onun ailə üzvlərinin biznes maraqlarını araşdıran Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs olunub. Beynəlxalq jurnalist və hüquq təşkilatları xanım İsmayıla qarşı irəli sürülən ittihamları qondarma hesab edirlər.

XS
SM
MD
LG