Accessibility links

Natiq Cəfərli: Yol-nəqliyyat qəzalarının əksəriyyəti korrupsiya ilə bağlıdır


Natiq Cəfərli: Yol-nəqliyyat qəzalarının əksəriyyəti korrupsiya ilə bağlıdır
Natiq Cəfərli: Yol-nəqliyyat qəzalarının əksəriyyəti korrupsiya ilə bağlıdır

2012-c ilin ilk günlərində 70-dən çox yol nəqliyyat qəzası baş verib və hadisələr nəticəsində 40-dək adam dünyasını dəyişib, 70-dən çox adam xəsarət alıb.

2011-ci ildə yol-nəqliyyat qəzalarının, o cümlədən qəzalar zamanı ölən və yaralananların sayı artıb. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən il respublikada baş verən 2890 yol qəzasında 1016 nəfər ölüb, 3031 nəfər xəsarət alıb. İl ərzində baş verən qəzaların 1175-i Bakı şəhərində olub. Bu qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb.
2012-c ilin ilk günlərində isə 70-dən çox yol nəqliyyat qəzası baş verib və hadisələr nəticəsində 40-dək adam dünyasını dəyişib, 70-dən çox adam xəsarət alıb.
REAL Vətəndaş Hərəkatının icraçı katibi Natiq Cəfərli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, qəzaların təxminən 40 faizi piyadaların ölümü ilə nəticələnib. Onun fikrincə, yol-nəqliyyat qəzalarının əsas səbəbləri korrupsiya ilə bağlıdır. Belə ki, yol hərəkət qaydalarını pozanlara qarşı sərt cəza tədbirləri görülmür. “Yol qəzaları qanunvericiliyin yaxşı icra edilməməsi, yol infrastrukturunun zəif olması, yollarda nişanlanmanın az olması, işıqforların işləməməsi, səkilərin zəbt edilməsi, yolların yaxşı işıqlandırılmaması, tıxacların çox olması, sürücülərin yol hərəkət qaydalarını bilməməsi, maarifləndirmənin zəif olması ilə bağlıdır”, - deyə o qeyd edib.
Cənab Cəfərli Gürcüstanda olduğu kimi Azərbaycanda da idarəetmə sistemində köklü dəyişikliklər aparılmasına ehtiyac olduğunu deyib. “Gürcüstanda köklü islahatlar nəticəsində Dovlət Yol Polisi ləğv edildi. Bu zaman bəzi ekspertlər yollarda xaos yaranacağını deyirdi. Amma, bunun əksi oldu. Orada əhalinin və avtomobillərin sayına görə baş verən qəzaların sayı Azərbaycandan xeyli azdır”, - deyə o qeyd edib.
Ekspert həmçinin İspaniya hökumətinin vətəndaş cəmiyyətinin gücündən istifadə edərək yol qəzaların sayının azalmasına nail olma təcrübəsinə müraciət edib. “İspaniyada yol qəzalarının qarşısını almaq üçün hökumət vətəndaş cəmiyyətinə müraciət etdi. Vətəndaş cəmiyyəti isə yol qaydalarını pozan sürücülərin adını ictimaiyyətə elan etdi, onları məzəmmət etdi, maarifləndirmə işləri genişləndirildi. Beləliklə, ötən il İspaniya yol qəzalarının sayının azlığına görə, hətta Almaniyanı geridə qoydu”.

XS
SM
MD
LG