Accessibility links

Vəkilin Natiq Cəfərli ilə görüşünə icazə verilmir


Vəkil Elçin Sadıqovu hüquqlarını müdafiə etdiyi hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə görüşməyə icazə verilmir.

Sadıqov Facebook səhifəsində yazır ki, 15 avqust 2016-cı ildən Natiq Cəfərlinin müdafiəsinə qoşulub.

“Vəkil orderimin əslini, şəxsiyyət vəsiqəmin və vəkil vəsiqəmin surətini Prokurorluğuna təqdim edib Natiq Cəfərli ilə görüş tələb etməyimə baxmayaraq bu günədək Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi mənim Natiq Cəfərli ilə görüşümə qanunsuz olaraq icazə vermir. Bununla BAŞ Prokurorluq Natiq Cəfərlinin müdafiə hüququnu kobud şəkildə pozur”, vəkil yazır.

Öz növbəsində, prokurorluq hələ vəkilin yazdığına münasibət bildirməyib.

Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Natiq Cəfərli Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Natiq Cəfərli konstitutiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumun əleyhinə çıxan REAL Hərəkatının rəhbərlərindən biridir. O, hökumətin iqtisadi-maliyyə siyasətini də kəskin tənqid edir. Cəfərli REAL Hərəkatı Mərkəzi Seçki Komissiyasından təşviqat qrupu yaratmaq üçün seçici imzaları toplanması məqsədi ilə imza vərəqlərini götürdükdən bir neçə gün sonra tutulub.

O, ittihamları qəbul etmir və REAL Cəfərlinin həbsini siyasi sifariş hesab edir. Çoxsaylı beynəlxalq təşkilatlar hökuməti Cəfərlini həbsdən azad etməyə çağırıb.

XS
SM
MD
LG