Accessibility links

Natiq Cəfərli: Referendumdan sonra sistemin fundamental daşlarında oynamalar olacaq [Video-müsahibə]


REAL Hərəkatının icra katibi Amerikanın Səsinə müsahibəsində referendumdan sonrakı dönəmdən danışıb

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində həbsinin səbəblərindən, müxalifətin konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma qarşı mübarizə strategiyasından danışıb.

Amerikanın Səsi: Həbsinizin və tez bir zamanda həbsdən azad olunmağınızın səbəblərini necə izah edərdiniz?

Əsəbi bir qərar olub ki, obrazlı desək, bunlar söz başa düşmür. Çünki, həbs müddətində verilən sualların da böyük əksəriyyəti məhz flayerlərlə və REAL-ın fəaliyyəti ilə bağlı idi.

Natiq Cəfərli: Əslində, nə həbsimi, nə də həbsdən belə tez azad olunmağımı məntiqlə izah etmək çox çətindir. Həmin ərəfədə nə həbsimi gözləyirdim, nə də belə tez azad olunacağım barədə ümumiyyətlə düşünmürdüm. Çünki, ölkədə buna bənzər proseslərin nə qədər uzun çəkdiyini çox yaxşı bilirik. Sadəcə həbsimlə bağlı qərar, çox güman ki, (mənə elə gəlir) spontan (qəflətən-red) verimiş bir qərar idi. Çünki, REAL Hərəkatı son zamanlar həddindən artıq aktivləşmişdi. Həm regionlara səfərlərimiz artmışdı, həm də bir milyon insana flayer (reklam vərəqi-red) çatdırmaq haqqında bir qərarımız var idi ki, həm İlqarla (REAL Hərəkatının həbsdə olan lideri nəzrədə tutulur-red) bağlı, həm REAL-la bağlı, həm referenduma çıxarılan məsələlərlə bağlı insanları bilgiləndirmək istəyirdik. Xatırladıram ki, bunun bir iyun ayağı da var. İyun ayında növbəti dəfə biz flayerlər çap etmək istəyəndə “Qanun” Nəşriyyatından bizim flayerlər müsadirə olunmuşdu. Buna görə, Bakı şəhər Baş Polis İdarəsini məhkəməyə vermişdik. Mənə elə gəlir ki, bunların da bir-birinə bağlantısı var. Çünki, biz ikinci dəfə sifariş verdikdə çox güman ki, əsəbi bir qərar olub ki, obrazlı desək, bunlar söz başa düşmür. Çünki, həbs müddətində verilən sualların da böyük əksəriyyəti məhz flayerlərlə və REAL-ın fəaliyyəti ilə bağlı idi. Ona görə düşünürəm ki, qərar spontan verilmişdi. Həmin gecə, bir saatın içində verilmiş qərar və mənim həbsim köhnə maddələrlə, yəni mən həmin maddələrlə, həmin ittihamlarla, 2014-cü ildən 2015-ci ilədək, bir ildən də artıq müddətdə ən azı 15-20 dəfə prokurorluqda dindirilmişdim. Sonda hətta mənim xaricə çıxışıma qoyulmuş qadağa da götürülmüşdü, cəmi 400 manat cərimə olunmuşdum. Həmin cəriməni də ödəmişdim. Yəni eyni məsələlərə görə, artıq cinayət işinin başlanması, görünür ki, sonradan özləri də düşünüblər ki, xeyli absurd səslənir. Ona görə də həbsdən belə tez azad olunmağımda çox güman ki, bunun da rolu olub. Bir də həm beynəlxalq təşkilatların, həm qərb ölkələrinin, həm cəmiyyətin reaksiyasının da düşünürəm ki, bunda bir mühüm rolu oldu.

Amerikanın Səsi: Natiq Cəfərli həbsdən əvvəl və həbsdən sonra eyni psixoloji, siyasi baxışları daşıyır? Baxışlarınızda dəyişikliklər olub?

Orada düşündükcə, belə bir qənaətə gəldim ki, tutduğumuz yol doğru yoldur. Doğru yoldur ki, bu qədər aqressiyaya, bizə qarşı ciddi təzyiqlərə səbəb olur.

Natiq Cəfərli: Baxışlarda fundamental dəyişikliklər təbii ki, olmayıb. Sadəcə bir ay müddətində həbsdə qalmağım, insanın ən böyük resursu zamandır, yəni zaman keçmir. Zaman kifayət qədər olduğu üçün düşünməyə kifayət qədər əsaslar olur. Orada düşündükcə, belə bir qənaətə gəldim ki, tutduğumuz yol doğru yoldur. Doğru yoldur ki, bu qədər aqressiyaya (qəzəb-red), bizə qarşı ciddi təzyiqlərə səbəb olur. Ona görə də bu yolun doğruluğuna, cümhuriyyətin, dəyərlərin bərpa olunması yolunun doğru olduğuna bir daha məndə əminlik yarandı. Həbsdən əvvəl hansı fikirlərin, ideyaların daşıyıcısı idimsə daha möhkəmlənmiş şəkildə, daha bərkimiş şəkildə bu ideyaların daşıyıcısına çevrildim. Yaxın zamanlarda fəaliyyətimi ictimaiyyət bir daha görəcək.

Amerikanın Səsi: Psixoloji dəyişikliklər olub?

Psixoloji dəyişikliklər, təbii ki, birinci günlər çox çətin idi. İlk 5-6 gün çox çətin idi.

Natiq Cəfərli: Psixoloji dəyişikliklər, təbii ki, birinci günlər çox çətin idi. İlk 5-6 gün çox çətin idi. Çünki, həm havalarla əlaqəli, çox isti havalara düşdü, havalar həddindən artıq isti idi. Həm çox məhdud məkanda, iki nəfərlik kamerada saxlanılırdım. Çox dar bir kamerada saxlanılırdım. Tez-tez yerimi dəyişirdilər. Bu da psixoloji təsir vasitələrindən biri idi. Təbii ki, çalışırdım ki, özümü aqressivləşməyə qoymayıb. Çünki insan aqressivləşdikcə rassional düşünməsində məhdudiyyətlər yaranır. Yəni, psixoloji cəhətdən ilk günlər çox ağır idi. Amma sonradan hər şey qaydasına düşdü və çox şükür ki, mən aqressivləşmədim. Yəni, daxildə aqressivləşsəydim rassional düşüncəmi itirə bilərdim. Bu da ümumiyyətlə yaxşı hal deyil.

Amerikanın Səsi: Cəmiyyətin həbsinizə reaksiyası sizi qane edirmi? REAL-ın lideri İlqar Məmmədov da uzun müddətdir həbsdədir. Bu cəmiyyətə görə həbs həyatı yaşamağa dəyər?

Dəyərlərimiz üçün bəli, mübarizəyə dəyər. Çünki bizim cümhuriyyətin qurucu ataları cəmi 70-75 nəfər olub. Onda cəmiyyət heç bilmirdi ki, cümhuriyyət nədir.

Natiq Cəfərli: Çox maraqlı sualdır. Cəmiyyətin sırf mənim həbsimlə bağlı reaksiyası, - vəkillərdən aldığım məlumatlara görə,- sosial şəbəkələrdə, mediada kifayət qədər dəstək olub. Fürsətdən istifadə edib bütün dəstək göstərən insanlara, sadə vətəndaşlara, ictimai, siyasi xadimlərə təşəkkür edirəm. Kifayət qədər böyük bir dəstək olduğunu mənə söylədilər. Həm qərb səfirliklərindən, beynəlxalq təşkilatlardan, həm daxili auditoriyadan kifayət qədər dəstək olduğunu hiss etdim. Bu da insana mənəvi cəhətdən çox yaxşı təsir göstərir. O ki, qaldı sədrimizin həbsinə, İlqar Məmmədov artıq 3 il 7 aydır çox absurd ittihamlarla, qondarma bir işlə həbsdədir. Onun həbsdə uzun müddət qalması təbii ki, nə ölkəmiz üçün, nə cəmiyyətimiz üçün, həm də REAL təşkilatı üçün heç də yaxşı hal deyil. İlqarın uzun müddət həbsdə qalması ilə ölkənin imicinə çox böyük zərbə dəyib. Amma o ki, qaldı sualınızın sonuna, dəyərlərimiz üçün bəli, mübarizəyə dəyər. Çünki bizim cümhuriyyətin qurucu ataları cəmi 70-75 nəfər olub. Onda cəmiyyət heç bilmirdi ki, cümhuriyyət nədir. Bilmirdi ki, nə qurulur. Amma cümhuriyyətin qurucu ataları o məsuliyyəti hiss etdilər və 1918-ci ildə Azərbaycanın şərqdə ilk demokratik cümhuriyyətini qurdular. Bu, bir mənəvi məsuliyyət idi. Bu, xalq qarşısında olan məsuliyyət idi. İndi də ona bənzər bir dönəmdir. Ola bilər ki, cəmiyyətdə gedən prosesləri tam anlamayan böyük bir kütlə var. Amma bu o demək deyil ki, bizim düşünən insanların, ziyalı, aktiv insanların məsuliyyəti yoxdur. Bu məsuliyyəti biz hiss edirik. Dəyərlərimizə görə, ölkəmizin gələcəyinə görə bu yolda mütləq sona qədər getməliyik ki, həm cəmiyyətimiz, həm xalqımız, həm ölkəmiz üçün daha işqılı sabahlara yol aça bilək.

Amerikanın Səsi: Referendumdan sonra siyasi partiyalar, vətəndaş cəmiyyətinin mübarizə strategiyası necə olmalıdır? Dəyişikliklər gözləmək olarmı?

Mənə elə gəlir ki, referendumdan sonra yeni bir situasiya yaranacaq. Yəni, bu referendum ölkədə olan köklü problemləri həll etmir. Problemlər iqtisadiyyatdadır, problemlər idarəetmədədir.

Natiq Cəfərli: Əslində müəyyən dəyişikliklər olmalıdır. Çünki bu günədək keçilən yola biz özümüz də tənqidi yanaşmalıyıq. Özümzü tənqid etməyi bacarmalıyıq. Nələri isə düz etmirik ki, cəmiyyətdə susqunluğun, süstlüyün bu qədər artıq olması, heç kimə sirr deyil. Ola bilər ki, təbii ki, bunun obyektiv səbəbləri var. Cəmiyyətdə olan abu-hava, basqılar, həbslər, təzyiqlər, təqiblər çox ciddi təsir göstərir. Amma mənə elə gəlir ki, tək bununla izah etmək kifayət deyil. Həm sivil toplum, həm vətəndaş cəmiyyəti, həm media, əsasən də siyasi partiyalar, siyasi təşkilatlar, onların liderləri yenidən düşünməlidirlər ki, haradasa səhvlər varsa, haradasa buraxılmış səhvlərin düzəldilməsinə imkan varsa, buna çalışmalıdırlar. Mənə elə gəlir ki, referendumdan sonra yeni bir situasiya yaranacaq. Yəni, bu referendum ölkədə olan köklü problemləri həll etmir. Problemlər iqtisadiyyatdadır, problemlər idarəetmədədir. Əgər, bununla bağlı hər hansı bir pozitiv addımlar olacaqsa, o zaman sivil toplum da, müxalifət partiyaları da buna uyğun öz strategiyalarını hazırlamalıdırlar. Yox, basqılar artacaqsa, ölkə həddindən artıq qapanacaqsa, - hərçənd mən buna inanmıram, çünki ölkənin qapanması üçün resursu yoxdur. Çünki qapanmaq çox ciddi resurs tələb edən bir məsələdir. İndi də Azərbaycanın ən böyük problemi resursların olmamasıdır. Əgər hakimiyyət səhv olaraq qapanmaq yolunu tutacaqsa, həm müxalif düşərgə, həm sivil toplum buna uyğun öz strateji planını hazırlamalıdır. Mənə elə gəlir ki, Azərbaycanı çox maraqlı bir dönəm gözləyir. Referendumdan sonra istər-istəməz sistemin fundamental daşlarında müəyyən yerindən oynamalar olacaq. Bunların cəmiyyətə və ölkəmizə pozitiv, yaxud da neqativ təsirlərinin olacağını da zaman göstərəcək. Ən azından hər hansı bir dəyişikliyin olmasının özü belə pozitiv bir məsələdir.

XS
SM
MD
LG