Accessibility links

NATO-nun Azərbaycan üçün rolu: Türkiyə üzvlüyündən ibrətlər müzakirə edilib


NATO-nun Azərbaycan üçün rolu: Türkiyə üzvlüyündən ibrətlər müzakirə edilib
NATO-nun Azərbaycan üçün rolu: Türkiyə üzvlüyündən ibrətlər müzakirə edilib

Əsas diqqət mərkəzində duran məsələlərdən biri də NATO ilə əməkdaşlığın daxili islahatlara köməyi olub. Ekspertlər hesab edir ki, Azərbaycan 1994-cü ildən NATO ilə əməkdaşlığa bağladıqdan sonra hərbi-təhlükəsizlik, elm və informasiya, ekologiya sahəsində çoxsaylı layihələr reallaşdırılıb.

Azərbaycanın Milli və Beynəlxalq Araşdırma Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətii - 93 devizi ilə “NATO-nun Azərbaycan üçün rolu: islahat instrumenti yoxsa təhlükəsizlik qarantı? Türkiyə üzvlüyündən ibrətlər” mövzusunda konfrans keçirib. Konfransa beynəlxalq və yerli ekspertlər, bir sıra NATO-ya üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri və gənclər qatılıb.

Çıxışlarda Azərbaycana qarşı hazırkı təhlükə riskləri, daxili islahatlar, NATO-ya inteqrasiya prosesi, Türkiyədə və Azərbaycanda NATO-nun rolu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Türkiyə NATO-ya daxil olmaqla daxili demokratiya sahəsində uğurlar qazandı, Türk ordusu öz bacarığını beynəlxalq səviyyədə nümayiş etdirdi, Türkiyənin maraqlarını qorudu və beynəlxalq təcrübə sahəsində daha da təkmilləşdi. Türkiyə biznesi də NATO səviyyəsində inkişafa nail oldu və hazırda dünyada qabaqcıl səviyyəyə çıxıb. Ölkədə elmi texniki inkişaf da NATO standartlarına uyğundur” - deyə Qazi Universitetinin doktoru Zəhra Odyakmaz bildirib.

O həmçinin NATO - nun kollektiv müdafiə təşkilatı olduğunu diqqətə çatdırıb. “NATO üzv dövlətin hər hansına qarşı təcavüzə birgə cavab verir. Bu isə üzv dövlətlərə Silahlı Qüvvələrinin sayını azaltmağa və daha qarantlı müdafiə sisteminin qurulmasına imkan verir. Təbii ki, hər bir xalq müstəqilliyini ilk öncə özü qorumalıdır”, - deyə o qeyd edib.

Ekspertlər keçmiş SSRİ-yə daxil olan dövlətlərin yenidən müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdığından NATO-ya üzvlük məsələsinin bu dövlətlər üçün aktual olduğunu diqqətə çatdırıb. “Azərbaycanın NATO-ya üz tutmasının əsas səbəbi öz təhlükəsizliyi ilə bağlıdır. 1990-cı illərdən başlayaraq Ermənistanla müharibə, qərblə kommunikasiya qurğularının keçdiyi Gürcüstanın dağınıq vəziyyətdə olması, İranın Azərbaycanın müstəqilliyini qəbul etməməsi, Rusiyadan gözlənilən təhlükələr, Xəzərin hüquqi statusunun müəyyən olmaması Azərbaycanın NATO ilə əməkdaşlığını zəruri edir. Bu səbəblərdən Azərbaycan ictimaiyyətinin NATO-ya inteqrasiyada fikri praqmatikdir. NATO, Amerika və Türkiyə ilə münasibətlərin inkişafı təhlükələrlə bağlı riskləri azaldır”, - deyə politoloq Rasim Musabəyov qeyd edib.

Ekspertlər Rusiya-Gürcüstan müharibəsini xatırladaraq NATO ilə əməkdaşlığın üzvlük səviyyəsinə qaldırılmasının yeni risklər yaradacağını bildirib. “Bu səbəbdən inteqrasiya fərdi tərəfdaşlıq davam etdirilməlidir. Üzvlük mərhələsinə keçid yeni təhlükə riskləri yaradır və NATO-nun tərəfdaşlarının ərazi bütövlüyünün birgə müdafiəsi ilə bağlı öhdəliyi yoxdur”, - deyə Bakı Dövlət Universitetinin doktoru Bəxtiyar Aslanbəyli qeyd edib.

Konfransda əsas diqqət mərkəzində olan məsələlərdən biri də NATO ilə əməkdaşlığın daxili islahatlara köməyi olub. Ekspertlər hesab edir ki, Azərbaycan 1994-cü ildən NATO ilə əməkdaşlığa bağladıqdan sonra hərbi-təhlükəsizlik, elm və informasiya, ekologiya sahəsində çoxsaylı layihələr reallaşdırılıb. “NATO ilə əməkdaşlıq çərçivəsində yalnız demokratiya sahəsində hər hansı birgə layihə reallaşdırılmayıb. Demokratiya sahəsində NATO ilə əməkdaşlıq gücləndirilməlidir. Demokratik islahatlar demokratik idarəetmə, söz azadlığı, korrupsiyaya qarşı mübarizə və ilk öncə ciddi demokratik seçki deməkdir. Bu həm də Misir inqilabına gedən yoldan qaçmaq deməkdir”, - deyə ekspert Yaşar Cəfərli qeyd edib.

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva da hesab edir ki, NATO-ya və Türkiyəyə inteqrasiya demokratikləşmə meyllərinə kömək etməlidir. “Azərbaycan çox mürəkkəb geosiyasi regionda yerləşir. Buna baxmayaraq, NATO-ya inteqrasiya islahatlara təkan verməlidir”, - deyə o qeyd edib.

Ekspertlər həmçinin NATO-ya inteqrasiya üçün peşəkar ordunun yaradılmasını, müdafiə sənayesinin NATO standartlarına uyğun qurulmasının vacibliyini deyib.

XS
SM
MD
LG