Accessibility links

Ceyms Appaturay: Münaqişə siyasi həllini tapmalıdır


NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay

NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay

NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycanı tranzit yüklərin daşınmasında NATO-nun etibarlı tərəfdaşı adlandırıb. Bizim qoşunlar Əfqanıstanda birgə əməliyyatlar aparır.

Prezident İlham Əliyev Azərbaycanın NATO-ya Əfqanıstanla bağlı bundan sonra da dəstək verəcəyini bildirib.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay jurnalistlərə bildirib ki, Azərbaycanda yüksək səviyyəli görüşlərində əməkdaşlıq məsələlərinin müzakirə edildiyini deyib. “Azərbaycanla Əfqanıstanla bağlı yaxşı əməkdaşlığımız var. Yalnız əsgərlə bağlı deyil, NATO-ya tranzit məsələlərində yardımı etdiyi üçün hökumətə minnətdarlıq edirəm. Azərbaycan Əfqanıstana sülhməramlı kontingent göndərməklə və təlimlərə dəstək verməklə yardım edir. Azərbaycan əfqan minaaxtaranlarına təlimlərin keçirilməsi layihələrində də yaxından iştirak edir”.
O Azərbaycanda Əfqanıstana yük daşınması ilə bağlı müzakirələr apardığını bildirib. “Azərbaycan tranzit yüklərin daşınması sahəsində NATO-nun etibarlı tərəfdaşıdır. Bizim qoşunlar Əfqanıstanda birgə əməliyyatlar aparır. Azərbaycanla bir yerdə işləyirik. Eyni zamanda, Əfqanıstana tranzit yüklərin daşınmasının iqtisadi cəhətdən Azərbaycana xeyir verməsini istəyirik”.
Cənab Appaturay Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) 3-cü mərhələsi təsdiq olunduğunu deyib. “Artıq üçüncü mərhələyə başlamışıq”, - o qeyd edib.
Xüsusi nümayəndə həmçinin suallara cavabda NATO-nun Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul oluna bilən sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
"Minsk prosesi davan edir. NATO prosesdə iştirak etməsə də, onu dəstəkləyir".
O NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatlığını ifadə edib.
"Son zamanlar baş verən insidentlər bizi narahat edir. Region nəhəng iqtisadi və siyasi potensiala malikdir. Münaqişə siyasi həllini tapmalıdır, hərbi həll uğur gətirməyəcək", - Appaturay qeyd edib.
XS
SM
MD
LG