Accessibility links

Aleksey Navalnı - küçə nümayişlərindən həbsə və böyük siyasətə gedən yol


Aleksey Navalnı
please wait
Embed

No media source currently available

0:00 0:03:11 0:00
Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinə qarşı küçə nümayişlərinə başçılıq etmişdi.

Bu il prezident Putin cavabını verdi.

Navalnı böyük miqdarda maliyyə mənimsəməklə əlaqədar məhkəmə qarşısına çıxdı.
İki həftə bundan əvvəl isə məhkəmə onun haqqında beş illik həbs cəzasına dair qərar çıxardı. Bu qərar Rusiyanın ən populyar müxalifət liderinin gələn dəfə prezident seçkilərində iştirakının qarşısını alır.

Məhkəmənin qərarından bir gün sonra Navalnı paytaxt Moskvanın meri seçkilərinə qatılmaq üçün azad edilmişdir.

Moskva Karneqi Mərkəzində Rusiya siyasəti üzrə təhlilçi Liliya Şevtsova: ”Onlar Moskva seçkilərini, Sergey Sobyanini legitimləşdirmək istəyir və onun həqiqi opponentin olduğu bir şəraitdə yenidən seçilməsinə çalışır.”

Prezident Putinin aparatının keçmiş rəhbəri Sergey Sobyanin üç il bundan əvvəl Moskvanın meri təyin olunmuşdu. İndi o, sentyabrın 8-də seçkilərdə bu adı qazanmaq istəyir.

Moskva küçələrində şəhərin simasını dəyişən Sobyaninə böyük dəstək var.
Vəkil Vaqan Davidyants ona səs verəcəyini deyir: ”Biz ona gələn dörd, ya da beş il vaxt verməliyik ki, o planlaşdırdığı işləri bitirsin. İki il kifayət deyil, o, Moskvanı dəyişdirmək üçün hələ ilk addım atıb. Buna görə də mən ona səs verəcəm.”

Yuliya Juyeva Moskvada gedən dəyişiklikləri bəyəndiyini deyir: “O əvvəl yaşadığı şəhərdə də çox yaxşı mer olub. Sonra isə Moskvaya gəlib və planlaşdırdığı işlərin çoxunu görə bilib.”

Lakin başqaları Rusiyada siyasətin daha çox dəyişməsinə ehtiyac olduğunu deyir.

Mariya Navalnının kampaniyasına dəstək verir: “Mən Navalnıya səs verəcəm, ona görə yox ki, o, super qəhrəmandır, ona görə ki, o, əsl insandır.”

Kompyuter mütəxəssisi İqor Tarasov Navalnının kampaniya vərəqələrini yayır və bunun səbəbini izah edir: “Mən Navalnını başqa namizədlərdən daha açıq olduğuna görə xoşlayıram. İnanıram ki, onunla hökumət daha şəffaf, daha demokratik və daha Qərb yönümlü olacaq.”

Polis Navalnının kampaniya çadırına yanaşır. İqor Tarasov onun fəalları qovmağa çalışdığını deyir: “O məni həbs etmək istədi, mən də ona dedim ii, burada tək dayanacam və qanuna görə tək adamın piketi üçün icazə almaq lazım deyil.”

Vladimir Putinin idarə etdiyi Rusiyada köhnə adətləri aradan qaldırmaq çətindir. Təhlilçilər Kremlin sentyabr seçkilərindən sonra Navalnını həbs edəcəyini qabaqcadan söyləyir. Lakin bu dəfə o, həbsə ölkə paytaxtında on minlərlə insanın dəstəyini qazandıqdan sonra gedə bilər.
XS
SM
MD
LG