Accessibility links

Vəkillər Naxçıvanın keşmiş MTN rəhbərinin hüquqlarının pozulduğunu deyir [Video-müsahibə, Vəli Ələsgərovun video müraciəti]


Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin vəkili Vüqar Xasayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:09:43 0:00

Naxçıvan Muxtar Respublikası MTN keçmiş rəhbəri olan Vəli Ələsgərovun vəkili Vüqar Xasayevın müsahibəsi

Vəkilin sözlərinə görə, istintaq zamanı Ələsgərovu keçmiş işçiləri döyür və alçaldır

Naxçıvan Muxtar Respublikası keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkilləri onun hüquqlarının kobud şəkildə pozulduğunu deyirlər.

Bu barədə bugünki mətbuat konfransında onun vəkilləri Vüqar Xasayev və Tofiq Allahverdiyev bildirib.

“Bu miqyasda qanunsuz əməllərlə ilk dəfə qarşılaşıram. Həm də bu, təkcə təqsirləndirilən şəxsə qarşı deyil, onun qohumlarına və vəkillərinə qarşı edilir”, Xasayev bildirib.

Ələsgərov vəzifəsindən 2015-ci il dekabrın ortalarında azad edilib. Bu il martın 7-də o, həbs edilib və Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 309.1-ci (böyük ölçüdə mənimsəmə, sui-istifadə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Martın 14-də vəkil Xasayev Naxçıvana gəlib və İstintaq Təcridxanasında məhbusla görüşüb. Ələsgərov dövlət vəkilindən imtina haqqında ərizə yazıb və işgəncəyə məruz qaldığını bildirib. Daha sonra o qeyd edib ki, ilk dəfə stress vəziyyətində ifadə verib və vəkilinin iştirakı ilə yeni ifadə vermək istəyir.

Bakıya qayıdan Xasayev yeni dindirmə keçirilməsi haqqında vəsatət tərtib edib. Lakin martın 16-da yenidən Naxçıvana gəldikdə onu prokurorluğun müstəntiqləri Elşad Ağayev və Elşad İbrahimovla görüşə buraxmayıblar. Vəkil istintaq təcridxanasında Ələsgərova da baş çəkə bilməyib.

Axşam vəkili polis saxlayıb və axtarış aparıb. “Bu, qanunsuz idi, amma mən etiraz etmədim”, deyə vəkil bildirib. Sonradan o öyrənib ki, martın 15-də Ələsgərovu Xasayevin xidmətlərindən imtina etməyə məcbur ediblər.

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun bəyanatı
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Martın 29-da V.Ələsgərov ev dustaqlığına buraxılıb və o təsdiq edib ki, onu Xasayevin xidmətlərindən imtina etməyə məcbur ediblər, amma aprelin 26-dan o yenidən Ələsgərovun hüquqlarını müdafiə edir.

Vəkilin sözlərinə görə, istintaq zamanı Ələsgərovu vaxtaşırı Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə aparırdılar, elə özünün keçmiş işçiləri onu döyürdülər və alçaldırdılar.

V.Ələsgərovun qohumlarına da təzyiq göstərilir. Onun qardaşı üç gün polisdə saxlanılıb, sonra isə 100 min manat alınaraq azad edilib.

Ələsgərovun özünün, qardaşının və iki bacısının mənzillərini, evlərini, müəssisələrini və torpaq sahələrini əllərindən alıblar. Ümumilikdə müsadirə edilmiş əmlakın məbləği 6 mln. manat təşkil edib. Bu zaman əmlakın bir hissəsi məhkəmə qərarı ilə alınıb, amma böyük hissəsini saxta bağışlama müqavilələri ilə verməyə məcbur ediblər. Bundan başqa, V.Ələsgərovun 50-dən çox qohumu işdən qovulub.

İttihamlara gəlincə, istintaqın məlumatına görə, Ələsgərov əməkdaşların adına mükafatlar yazırdı və vəsaitin böyük hissəsini mənimsəyirdi, tabeliyindəki insanlarla kobud davranırdı və s.

Digər vəkil Tofiq Allahverdiyev aprelin 26-da NMR-ə gedib və Ələsgərovun prokurorluğa deyil, Dövlət Təhlükəsizlik Xidmətinə aparıldığını görüb.

Vəkil bunu qanunsuz hesab edir, belə ki, DTX-nin təqsirləndirilən şəxsi dindirmək səlahiyyəti yoxdur. Bundan sonra vəkil faktiki olaraq Naxçıvandan deportasiya olunub.

Vəkil Xasayev hesab edir ki, Ələsgərov Naxçıvanda hakimiyyətdaxili mübarizənin qurbanı olub.

İstintaq materiallarında MTN-də Turac Zeynalovun işgəncələrdən ölməsi və yerli fəalların və jurnalistlərin təqibi haqqında epizodlar olub-olmaması haqqında suala Xasayev inkaredici cavab verib.

Jurnalistlərin Ələsgərovun özünün MTN-də müxalifətə qarşı repressiyalar həyata keçirməsi ilə bağlı iradlarına cavabda vəkil bildirib ki, müdafiə tərəfi qanun çərçivəsində araşdırmaların tərəfdarıdır.

Mətbuat konfransının məqsədi ictimaiyyətin diqqətini qanun pozuntularına çəkməkdir.

Müdafiə tərəfi həmçinin Azərbaycan prezidenti və baş prokuror Zakir Qaralova işin prokurorluğun Bakıdakı şöbələrindən birinə verilməsini təmin etmək xahişi ilə müraciət edib.

Hələlik Ələsgərov Naxçıvandadır, onun həbsi və fiziki cəhətdən alçaldılması təhlükəsi realdır, vəkillər belə hesab edir.

Ələsgərovun Azərbaycanın keçmiş MTN rəhbəri Eldar Mahmudovla yaxın əlaqələrinə görə həbsi haqqında versiyaya toxunan vəkil qeyd edib ki, onlar arasında yalnız xidmət əlaqələri olub. Bundan başqa Ələsgərov bəzi məsələlərdə Mahmudovla münaqişə yaşayırdı, deyə vəkillər bildirib.

XS
SM
MD
LG