Accessibility links

İctimai Palatanın fəalı Zeynalabdin Bağırzadənin fermer təsərrüfatına basqın edilib

Turan agentliyinin məlumatına görə, Naxçıvanda müxalifətdə olan İctimai Palatanın (İP) fəallaşmasından sonra yerli hakimiyyət adekvat addımlar atmağa başlayıb.

Belə ki, avqustun 15-də səhər saatlarında İP-nin fəalı Zeynalabdin Bağırzadənin fermer təsərrüfatına basqın edilib. Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbovun rəhbərlik etdiyi bir qrup şəxs “ağır texnika”larla Bağırzadəyə məxsus olan əkin sahələrinə icazəsiz daxil olaraq şumlama əməliyyatı keçirib. Təsərrüfatda olan bütün bitkilər yerlə yeksan edilib.

Maraqlıdır ki, “şumlama qrupu”nda Naxçıvan MR Ali Məclisinin
deputatı, YAP-ın Babək rayonu üzrə sədri İsa Məmmədov, Babək rayon Baytarlıq idarəsinin rəhbəri Cəlal Həsənov, Babək rayon İdman komitəsinin sədri və Babək rayon İcra Hakimiyyətinin bir neçə şöbə müdürü olub.

Z. Bağırzadə Turanın bölgə müxbirinə bildirib ki, bələdiyyə sədri onu
ağır söyüşlərlə təhqir edərək provakasiyaya çəkməyə cəhd edib. “T. Abutalıbov mənə dedi ki, siz xəyanətkarsınız. Bütün danışanları susdurub kənddən qovmuşuq, siz də rədd olub getməlisiniz. Sənin üstündə şərti işin var, səni yenidən tutdurarıq”- deyə Bağırzadə
bildirib.

Bağırzadə deyib ki, fermer təsərrüfatının qanuni sənədləri var və torpağın hər qarışı üçün pul ödəyir. “Təsərrüfatıma külli miqdarda ziyan vurulub. Əraziyə suvarma suyu verməmələri səbəbindən hektarlarla taxıl sahəm və 2 mindən çox alma ağacı məhv
olub”.

O bütün bu təzyiqləri qardaşı AXCP Naxçıvan təşkilatının sədri Yaşar
Bağırsoyun və özünün siyasi fəaliyyəti ilə əlaqələndirir. Bu hadisə son günlər Bağırzadə qardaşlarına qarşı baş verən ilk təzyiq deyil. Bir neçə gün əvvəl digər qardaş Cəfər Bağırovun da heç bir əsas olmadan sürücülük sənədləri müsadirə edilib və bildirilib ki, bu göstəriş Naxçıvan MR Daxili İşlər Naziri tərəfindən verilib.

Z. Bağırzadə 2011-ci ilin dekabr ayında dələduzluq maddəsi ilə 7,5 il həbs cəzasına məhkum olunub. Bir neçə məhkəmə çəkişməsindən sonra Bağırzadənin həbs qəti imkan qərarı şərti cəza ilə əvəz edilib.

Naxçıvan rəsmilərindən hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG