Accessibility links

Naxçıvan MTN-nin saxladığı şəxsin ölümünə hüquqi qiymət tələb edilir


Naxçıvan MTN-nin saxladığı şəxsin ölümünə hüquqi qiymət tələb edilir

Naxçıvan MTN-nin saxladığı şəxsin ölümünə hüquqi qiymət tələb edilir

Naxçıvanda Turac Zeynalovun müəmmalı ölümü hüquq müdafiəçiləri tərəfindən qəzəblə qarşılanıb. Onlar ölümə hüquqi qiymət verilməsini tələb edir. MTN-nin məlumatına görə, Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalov avqustun 24-də Azərbaycan Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi təqsirləndirilən şəxs qismində tutulubmuş.

Avqustun 24-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən saxlanmış və avqustun 28-də cəsədi ailəsinə qaytarılmış Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun ölümü ilə bağlı Naxçıvan MR MTN-i məlumat yayıb.

Turan İnformasiya Agentliyi məlumatına görə, nazirlik Turac Zeynalovun ölümünü aşağıdakı kimi izah edib:
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən bir qrup şəxs müəyyənləşdirilib və barələrində 09 avqust 2011-ci il tarixdə Naxçıvan MR MTN İstintaq şöbəsi tərəfindən AR CM-in 274-cü maddəsi ilə (Dövlətə xəyanət) cinayət işi başlanıb.
Göstərilənlər ilə əlaqədar olaraq cinayət işi üzrə Culfa rayonunun Ərəzin kənd sakini 1980-ci il təvəllüdlü Zeynalov Turac Şuriyyə oğlu 24 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) şübhəli şəxs qismində tutulub, 26 avqust 2011-ci il tarixdə təqsirləndirilən şəxs qismində həmin maddə ilə istintaqa cəlb olunub. Həmin tarixdə Naxçıvan şəhər məhkəməsinin qərarı ilə T.Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilmiş və saxlanılması məqsədi ilə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilib.
Cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, T.Zeynalov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə NMR-də yerləşən hərbi hissələr, iqtisadi və strateji dövlət obyektləri, yeni inşa olunmuş sement istehsalı zavodunun istehsal gücü və mühafizə səviyyəsi barədə məlumatlar toplayaraq onlara verib.
Eyni zamanda, T.Zeynalov muxtar respublikadakı su hövzələri, onların mühafizə rejimlərinin müəyyən edilməsi, su hövzələrinə zəhərli maddələrin atılmasının mümkünlüyü, gələcəkdə bu yolla muxtar respublika ərazisində epidemiya və xəstəliklərin yayılması, ölkəmizin bu yolla qonşu dövlətlərdən asılı vəziyyətə salınması barədə tapşırıqlar alıb.
28 avqust 2011-ci il tarixdə zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə T.Zeynaolv NMR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasından NMR MTN-ə gətirilərkən yolda səhhəti pisləşdiyindən Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzindən tibbi yardım çağırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, T.Zeynalov vəfat edib. Ölümün səbəblərini araşdırmaq məqsədi ilə T.Zeynalovun meyidi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Baş vermiş hadisə ilə əlaqədar olaraq T.Zeynalovun valideynlərinə dərhal məlumat verilib.
T.Zeynalov istintaqa verdiyi ifadələrində dəri xərçəngi xəstəliyindən əziyyət çəkdiyini, bel, boyun, sinə, qarın nahiyələrində xərçəng şişlərinin olmasını, bu şişlərin Bakı şəhərində və xarici ölkələrdən birindəki xəstəxanalarda şüa verilərək yandırıldığını və mütəmadi olaraq müalicə olunduğunu bildirib.
Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) açılmış cinayət işinin istintaqı davam etdirilir.

Öz növbəsində ölkənin hüquq müdafiəçiləri ölüm hadisəsinə hüquqi qiymət verilməsini tələb edir.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bildirib ki, Turac Zeynalovun ölümünün səbəblərinin araşdırılması üçün Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edəcək. “Ailə üzvləri Turac Zeynalovun işgəncələr nəticəsində dünyasını dəyişdiyini bildirir.”
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlının fikrincə, Turac Zeynalovun ölüm halı cəzasız qala bilməz. “Bu fakt ictimaiyyətin müzakirəsinə verilməlidir. İşgəncə törədənlərin adları açıqlanmalı və dərhal istintaqa cəlb edilməlidir. Biz, ölüm faktının Azərbaycan məhkəmələrində hüquqi qiymətini almasını istəyirik. Bu mümkün olmazsa, beynəlxalq məhkəmələr buna qiymət verəcək”.
Hüquq müdafiəçisi T.Zeynalovun işgəncə nəticəsində öldüyünü sübut etmək üçün əsaslar olduğunu deyib. ”Turac Zeynalovun atası oğlunun həbsdən öncə tam sağlam olduğun bildirib. Eyni zamanda, avqustun 25-də Naxçıvan MTN-də oğlunu atası ilə görüşdürərkən onun başına torba salıblarmış. Çox yəqin ki, Turacın başında işgəncə izləri olduğuna görə başına torba keçiriblərmiş. Atası da təsdiq edir ki, onu bərk döymüşdülər və Turac axsayırmış. Bütün bunlar işgəncə faktı olduğuna dəlalət edir”, - deyə xanım Qocamanlı qeyd edib.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Azərbaycan hökumətini təqiblərə son qoymağa çağırıb. “Təqiblər, insanların dəlixanaya salınması, fiziki təzyiqlər, xüsusilə Naxçıvanda səciyyəvidir. Bu halların hamısına hüquqi qiymət verilməlidir. İnsanlar nə qədər əziyyət çəkməlidir?”, - deyə o qeyd edib.
Xanım Cəfəroğlu hüquq müdafiəçilərini, vəkilləri təcili Naxçıvana gedib ölüm faktını araşdırmağa çağırıb. “Naxçıvanda baş verənlərə hüquq müdafiə orqanları qiymət vermək istəmirlərsə, ictimaiyyət qiymət verməlidir. Son dövrlər bütün “SOS” siqnalları Naxçıvandan gəlir”, - deyə o vurğulayıb.

XS
SM
MD
LG