Accessibility links

Naxçıvanda insan hüquqlarının vəziyyəti müzakirə edilib


Naxçıvanda insan hüquqlarının vəziyyəti müzakirə edilib

Naxçıvanda insan hüquqlarının vəziyyəti müzakirə edilib

Bölgədə müstəqil mətbuat yoxdur, paytaxtda çıxan müxalif və müstəqil nəşrlər muxtar respublikaya, demək olar ki, buraxılmır.

Naxçıvanda insan haqlarının durumuna və Azərbaycanda yeni media texnologiyaları vasitəsilə insan hüquqlarının qorunmasının gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Almaniyanın Marşal Fondu, Norveç Xarici İşlər Nazirliyi və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) təşkilatçılığı ilə keçirilən forumda Naxçıvan Demokratiyanın İnkişafı və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib ki, muxtar respublikada əhalisi qorxu içində və informasiya boşluğunda yaşayır.

Contact.az saytının məlumatına görə, RATİ-nin Naxçıvandakı əməkdaşı Həkimeldostu Mehdiyev qeyd edib ki, bölgədə müstəqil mətbuat yoxdur, paytaxtda çıxan müxalif və müstəqil nəşrlər muxtar respublikaya, demək olar ki, buraxılmır, hüquq mühafizə orqanları mətbuat yayıcılarını təqib edir. “Xüsusi xidmət orqanı interneti izləyir və muxtar respublikada hansısa məmurun müxalif saytı oxumaq cəhdi sərt cəzalandırılır”.

Turan Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycanda hakimiyyət 9 mərkəzi teleradio kanalının, 130 qəzetin və onlarla xəbər saytının fəaliyyət göstərdiyi media məkanına, demək olar ki, tam nəzarət edir. “Əksər KİV ictimai rəyin manipulyasiyası ilə məşğuldur və yalnız az hissəsi hadisələri adekvat işıqlandırmağa çalışır. Hətta bu cüzi hissə də hakimiyyətdə dözümsüzlük yaradır. Son iki həftədə jurnalist İdrak Abbasovun ailəsi döyülüb, onun qardaşlarına qarşı cinayət işi qaldırılıb. Lənkəranda jurnalist Aydın Canıyev həbs olunub, Gündəm-Xəbər qəzetinə cinayət işi qaldırılıb, hakimiyyətin siyasəti ilə razılaşmayan redaktorlara qarşı qarayaxma kampaniyası başlanıb”.

Mehman Əliyevin fikrincə, jurnalistlər və nəşrlər jurnalist və hüquq müdafiə təşkilatlarının dəstəyindən də kənarda qalıb. Turan Agentliyinin direktoru qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən jurnalist və hüquq müdafiə təşkilatlarının fəaliyyətini sərt tənqid edib, onların aldıqları maliyyə yardımlarını faktiki havaya sovurduqlarını qeyd edib.

Azərbaycan Media Mərkəzinin koordinatoru Seymur Kazımov vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi üçün sosial şəbəkələrdən və bloqlardan daha geniş istifadəyə tərəfdar olduğunu bildirib: “Bu, media auditoriyasını xeyli genişləndirməyə imkan verərdi”.

Öz növbəsində, rəsmi Bakı və Naxçıvan MR rəsmiləri media azadlığının və vətəndaşların informasiyaya çıxışının təmin edildiyini bildirir. Onlar bir qayda olaraq, vətəndaş cəmiyyətinin tənqidlərinə əks arqumentlərlə cavab verir.

XS
SM
MD
LG