Accessibility links

Nazim Məmmədov: Korrupsiyaya qarşı mübarizə bəyanatı kadr islahatı ilə davam etməlidir


Nazim Məmmədov: Korrupsiyaya qarşı mübarizə bəyanatı kadr islahatı ilə davam etməlidir
Nazim Məmmədov: Korrupsiyaya qarşı mübarizə bəyanatı kadr islahatı ilə davam etməlidir

Ekspertlər korrupsiyaya qarşı mübarizənin hələ effektli olmadığını düşünür. Bazarlarda idxal məhsullarının qiymətlərində enmə baş verməyib, hətta bəzi məhsulların qiymətləri bahalaşıb

Azərbaycan prezidentini Nazirlər Kabinetinin iclasında və Tovuz rayonunda ictimaiyyətin nümayəndələri qarşısında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı çıxışından sonra, ölkənin hər yerində korrupsiyadan danışılır. Demək olar ki, bütün nazirliklərdə korrupsiyaya qarşı mübarizənin lazımlığı ilə bağlı geniş iclaslar keçirilib. Amma, ekspertlər korrupsiyaya qarşı mübarizənin hələ effektli olmadığını düşünür. Ekspertlərin fikrincə, bazarlarda idxal məhsullarının qiymətlərində enmə baş verməyib, hətta bəzi məhsulların qiymətləri bahalaşıb.

Prezident bildirib ki, nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. “Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərəncamlar imzalanıb. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün, biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq”, - deyə o qeyd edib.

Milli Məclisin bugünkü plenar iclasında da deputatlar korrupsiya və rüşvətə qarşı mübarizə məsələlərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov prezidentin təşəbbüsünü dəstəkləyir. O korrupsiyaya qarşı mübarizənin fundamental olacağını deyib.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, korrupsiyaya qarşı mübarizə sadəcə kampaniya deyil, rəhbərliyin siyasətidir. O hesab edir ki, prezidentin korrupsiyaya qarşı mübarizə ilə bağlı bəyanatının Misirdə və digər ərəb ölkələrindəki xalq etirazlarından ehtiyatlanmaqla əlaqələndirilməsi düzgün deyil.

Deputat Fəzail Ağamalının fikrincə, məmur özbaşınalığının aradan qaldırılması vacibdir. “Hökumət uzun müddətdir ki, korrupsiyaya qarşı mübarizə aparır”.

Deputat Fazil Mustafa korrupsiyaya qarşı mübarizə üzrə dövlət komissiyasının tərkibində ictimaiyyətin və parlament müxalifətinin nümayəndələrinin olmasını vacib sayır. “Bəyanatlar o zaman effektli olur ki, sözdən işə keçsin, konkret islahat proqramlarında əksini tapsın”.

İqtisadçı ekspert Nazim Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, prezidentin bəyanatları ilk öncə kadr islahatları ilə davam etməlidir.

Sual: Korrupsiyanın aradan qaldırılacağı reallığını görürsünüzmü? Prezidentin bəyanatından sonra idxal məhsullarının qiyməti enməyib, əksinə bəzi məhsulların qiyməti artıb.

Cavab: İstənilən halda, idxalda və istehsal prosesində rüşvət və korrupsiya halı varsa, bütün bunlar sahibkar tərəfindən malın maya dəyərinə oturdulur. Korrupsiyaya qarşı mübarizə tədbirləri davamlı xarakter daşıyarsa mal və xidmətlərin qiymətləri aşağı düşməlidir. Bu tədbirlərin davamlı olmasında, mal və xidmətlərin qiymətlərinin aşağı endirilməsində cənab prezident maraqlıdır. Prezident dəfələrlə bəyan edib ki, əmək haqlarının artırılması inflyasiya üçün yem olmamalıdır. O baxımdan biz də, vətəndaş cəmiyyətləri də təşkilatlanmalıyıq və bu istiqamətdə mübarizəni gücləndirməliyik.

Sual: Bir qədər əvvəl Prezident Administrasiyasının rəhbəri televiziyalarda verilişlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı bəyanatla çıxış etdi. Geniş iclaslar, müzakirələr keçirildi. Amma, indi özləri də təsdiq edir ki, bəyanatla keyfiyyət olmur, televiziya verilişlərinin keyfiyyətində elə də müsbət dəyişiklik baş verməyib. İndi də korrupsiyaya qarşı mübarizə sahəsində nazirliklər iclaslar keçirir, amma ortada faktlar yoxdur. Köklü dəyişikliklər görünürmü?

Cavab: Güman edirəm ki, bəyanatların davamı olaraq kadr islahatları aparılmasının şahidi olmalıyıq. Hər hansı ölkədə qanunvericilik bazasının və sistemin mükəmməl olmasından asılı olmayaraq icraçılar insanlardır. Ona görə, hesab edirəm ki, cənab prezident kadr islahatlarını həyata keçirəcək. Bu olmazsa, kampaniyaçılıq olardı. İdarəetmənin mexanizmləri daha da dəqiqləşdirilməli, daha da təkmilləşdirilməli və islahatlar daha da dərinləşdirilməlidir. Eyni zamanda, kadr islahatlarına yüksək səviyyədə start verilməlidir. Bu halda nəyinsə dəyişəcəyini görə bilərik.

Sual: Korrupsiyaya qarşı mübarizədə qonşu Gürcüstan təcrübəsi var. Gürcüstan hazırda korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar bir nümunədir. Prezident Saakaşvili gömrükdə rüşvətin aradan qaldırılması üçün çoxsaylı inzibati tədbirlər həyata keçirdi. Bu günlərdə isə dəniz administrasiyasının işçilərini azad edib. Azərbaycan praktikası ilə Gürcüstan praktikası arasında oxşarlıqlar mümkündürmü?

Cavab: Şübhəsiz ki, Azərbaycanda da real tədbirlər olacaq. Çünki istənilən hakimiyyətin nüfuzu onun məmurunun xalqla münasibətindən asılıdır. Hər bir sahədə məmurun maaşını və ona qarşı tələbkarlığı artırmaq lazımdır. Bu baxımdan, Azərbaycanda 300 dollara yaxın maaş alan gömrük məmuru ilə Gürcüstanda min dollara yaxın maaş alan gömrük məmurunu müqayisə edə bilmərik. Ona görə, çalışılmalıdır ki, insanlarla münasibətlərdə olan sadə məmurun əmək haqqı və məsuliyyəti artırılsın. Məmur rəhbərindən deyil, qanunun tələblərindən qorxmalıdır.

Sual: Amerika prezidenti daxil olmaqla demokratik dünyada bütün məmurlar xalq qarşısında gəlirləri ilə bağlı hesabatlıdır. Azərbaycanda hər hansı yüksək vəzifəli məmur bir dəfə belə gəlirləri ilə bağlı hesabat verməyib. Azərbaycan Nazirləri Kabineti isə bir neçə il öncədən prezidentin tapşırığı olmasına baxmayaraq, hələ də məmurların gəlir bəyannaməsinin nümunəsini hazırlayıb mətbuatda dərc etməyib.

Cavab: Gəlirləri ilə bağlı məlumat vermək məmurun özündən asılıdır. Qanunla müəyyən edilib ki, hər bir məmur ilin başlanğıcında, yanvarın 31-dək gəlirləri ilə bağlı ictimaiyyəti məlumatlandırsın. Məmurların hansı qurumlara hesabat vermələrini isə Milli Məclis təsdiq edib. Hesab edirəm ki, özünü dürüst hesab edən məmur əmlakı və gəlirləri ilə bağlı müxtəlif qəzetlərdə və öz sərəncamlarında olan elektron vasitələrdə ictimaiyyətə hesabat verə bilər. Bunu qanun qadağan etmir. Bir də Azərbaycan balaca ölkədir. Hamının əmlakı barədə insanlar məlumatlıdır.

Sual: Doğrudan da hansı məmurun nə qədər evlinin, villalarının olduğunu, kimin övladının hansı maşında gəzdiyini hamı danışır. Eyni zamanda, bir sıra məmurların övladlarının özləri mülkiyyətləri, avtomobilləri, hətta telefonları barədə məlumatları və ya onların şəkillərini internetdə yerləşdirib. Media orqanları davamlı olaraq bununla bağlı məlumatlar yayır. Wikileaks saytı da Azərbaycan məmurları və onların övladlarının qanunsuz mülkiyyəti ilə bağlı kifayət qədər inandırıcı məlumatlar dərc edib. Amma, bu məlumatlar belə, hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb ictimaiyyətə məlumat verilmir? Səbəbi nədir?

Cavab: Əgər məmurlar mülkiyyətini gizlədirsə, öz obyektlərini, mülkiyyətini başqasının və ya hansısa qaçqının adına yazdırırsa, bunun yalan olduğun ortaya çıxarmağın çox asan yolu var. Təbii, bütün daşınan və daşınmaz əmlakın reyestri aparılır. Belə ki, tərəqqipərvər ölkələrdə əmlaka, torpağa proqressiv vergi müəyyən edilir. Vətəndaşın adına olan birinci mülkdən fərqli olaraq, ikinci mülkdən daha çox vergi alınır. Adekvat vergi yolu ilə bu malikanələrin, mülklərin, torpaqların kimə məxsus olduğu ortaya çıxar.

Bir çox məmur dövlət vəzifəsində oturub, öz biznesini idarə edir. Belələri daha təhlükəlidir. Deyək ki, Xəzər sahilindəki torpaqlar neftdən daha əhəmiyyətlidir. İndi sahilboyu əraziləri çəpərləyiblər. Bu hallara qarşı qətiyyətli mübarizə aparmaq lazımdır.

Bu ilədək Azərbaycan qanunvericiliyində müəyyən məbləğdən sonra nəyisə almaq barədə deklarasiya verilməsi nəzərdə tutulmurdu. Bu il parlament çirkli pulların yuyulması və terrorizmə qarşı mübarizə məqsədi ilə qanunvericilikdə norma müəyyənləşdirib. Xüsusi maliyyə xidməti orqanı yaradılıb. Yəni irəliyə doğru addımlar atılır.

XS
SM
MD
LG