Accessibility links

Nazim Məmmədov: Məmurlar əmək haqlarından dəfələrlə çox əmlaka malikdir


Nazim Məmmədov: Məmurlar əmək haqlarından dəfələrlə çox əmlaka malikdir

Nazim Məmmədov: Məmurlar əmək haqlarından dəfələrlə çox əmlaka malikdir

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud durum, aylıq maaşlar və korrupsiya mühiti, qiymətlərin aylıq əmək haqlarına uyğun olmaması barədə ekspertin fikirləri

İqtisadçı alim Nazim Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud durum, aylıq maaşlar və korrupsiya mühiti, qiymətlərin aylıq əmək haqlarına uyğun olmamasından danışıb.

Sual: Azərbaycan rəhbərləri korrupsiyaya qarşı mübarizə ilə bağlı davamlı bəyanatlar verir. Dövlət məmurlarının əmək haqqı korrupsiyaya uğramamağa şərait yaradırmı?

Cavab: Tamamilə yox. Çünki, hazırda orta aylıq əmək haqqı 350 manatdır. Yüksək səviyyəli məmurlar isə orta hesabla 1000 manatdan 1500 manatadək aylıq əmək haqqı alır. Amma, məmurların son 20 ildə gəlir və xərclərini müqayisə etdikdə görürük ki, onlar əmək haqlarından dəfələrlə çox daşınan və daşınmaz əmlaka sahib olublar. Eyni zamanda, gündəlik həyatlarında insanları qıcıqlandıran hərəkətlərə yol verirlər. Bu dəbdəbəli toylardan başlayaraq dəbdəbəli avtomobillərə, övladlarını necə aparmasına qədər insanlarda qıcıq yaradır. Bu baxımdan, cəmiyyətdə karbohidrogen ehtiyatlarından əldə edilən vəsaitin əhəmiyyətli bir hissəsinin mənimsənilməsi barədə fikir formalaşıb. Gəlirlərin əhəmiyyətli bir hissəsi isə investisiya xərcləri adı altında mənimsənilir. Bunun nəticəsində, dövlət büdcəsinin gəlir və xərcləri artsa da vətəndaşların həyat şəraiti yaxşılaşmır.

Sual: Qiymətlərlə əmək haqları arasında münasibət necədir. Bu günlərdə, universitetlərdə təhsil qiymətlərinin artırılması ictimaiyyəti narahat edən məsələlərdəndir. Məsələn, Diplomatik Akademiyada illik təhsil haqqı 4700 manat, bəzi universitetlərdə illik təhsil haqqı 4500 manat, hətta bəzi uşaq bağçalarında illik qiymətlər 7-12 min manat arasında dəyişir? İnsanlar bu pulları haradan əldə edib ödəyir?

Cavab: Baxmayaraq ki, Azərbaycanda təhsil pulsuzdur. Təhsilin maliyyələşdirilməsi köklü dəyişməyənədək bu problem həllini tapmayacaq. Ali məktəblərin maliyyələşdirmə sistemini cənab prezident dəyişdirməsinə baxmayaraq ən çox dövlət universitetlərinə dövlət sifarişləri göndərilir. Amma, əksinə özəl universitetlərin rəqabət mühitini və qabiliyyətini yuxarı qaldırmaq üçün dövlət sifarişləri yalnız bu universitetlərə verilməlidir. Hazırkı siyasət nəticəsində 130 manat aylıq əmək haqqı alan müəllim və həkimin, 85 manat pensiya alan şəxslərin övladları məcburiyyət qarşısında bütün xərcləri rəsmi və ya qeyri rəsmi qaydada ödəyir.

Sual: Azərbaycan rəsmiləri son illər ölkədə yoxsulluq səviyyəsinin 49 faizdən 9 faizə endiyini bəyan edir. Fikrinizcə, 85 manat əmək haqqı və ya pensiya alan insanlar yoxsuldur və ya ərzaq ehtiyaclarını necə təmin edir?

Cavab: 2015-ci ilədək pensiya islahatları çərçivəsində müvafiq addımlar atılacaq. Amma, ümid edirəm ki, hökumət bu il yaşayış minimumunu təmin edəcək. Yəni, Pensiya Fondunun rəhbəri bildirib ki, pensiya islahatlarından sonra minimum pensiya 150 manatdan çox olacaq. Bizim hesablamalara görə, hazırda yaşayım minimumu təqribən 168 manatdır.

Amma, problem odur ki, gəlirləri artan şirkətlər vergidən daha çox yayınır və daha çox ikili mühasibatlıq vasitəsi ilə pulları xərcləməyirlər. Əslində isə, daha çox vergi vermək üçün şirkətlər arasında bəhsləşmə olmalıdır.

XS
SM
MD
LG