Accessibility links

Hüquq müdafiəçiləri Nazpəri Dostəliyevanı müdafiə edir


Nazpəri Dostəliyeva

Nazpəri Dostəliyeva

Məhkəmə müğənnini 50 min manat cərimələyib. Yerli medianın yazdığına görə, məhkəmə qərarı müğənninin müxalif partiyanın liderinin oğlunun toyunda iştirakdan sonraya təsadüf edir

Ölkə ziyalıları və cəmiyyət fəalları xalq artisti Nazpəri Dostəliyevanın Nəsimi Rayon Məhkəməsi tərəfindən 50 min manat cərimələnməsinə etirazlarını ifadə edirlər.

Belə ki, xalq artisti İlhamə Quliyevanın iddiası əsasında xalq artisti Nazpəri Dostəliyeva çərimə edilib. Bəzi mətbuat orqanlarının bu qərarı N.Dostəliyevanın məhkəmədə İ.Quliyevaya uduzması kimi şərh etməsi ilə birinci razılaşmayıb, çəkişmənin hələ davam edəcəyini bildirib. Bununla belə ictimai rəy N.Dostəliyevanın müdafiəsinə köklənib.

Tanınmış ziyalı Mehriban Vəzir məhkəməyə qədər bir məhkəmə prosesinin olduğunu, amma İ.Quliyevanın iddiasının rədd edildiyini xatırladıb.

“Görünür, Nazpəri xanımı İsa Qəmbərin oğlunun toyunda iştiraka görə cəzalandırıblar”, - M.Vəzir məhkəmə qərarına münasibətini ifadə edib.
Onun fikrincə, bu rejimin müxalif siyasi şəxslərə və ya iqtidara yaxın olmayan qeyri-siyasi şəxslərə tərəf atdığı kiçik addıma görə sənətkarı cəzalandırmasıdır. Bu həm də digər sənətkarları qorxutmaq məqsədi daşıyır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da məhkəmə qərarının birbaşa N.Dostəliyevanın İ.Qəmbərin oğlunun toyunda iştirakı ilə bağlı olduğunu bildirir.

N.Cəfəroğlu bu məhkəmə prosesini iki sənət adamı arasında çəkişmə kimi dəyərləndirməyib, qərarın siyasi çalarlı olduğunu qeyd edib.

Hüquq müdafiəçisi Apellyasiya Məhkəməsi mərhələsində N.Dostəliyevanın hüquqlarını müdafiə etməyə hazırlaşdığını söyləyib.

Hüquq müdafiəçisi Leyla Yunus bu qərarla dövlət başçısı İlham Əliyevin polis günündəki çıxışı arasında paralellər aparıb. Dövlət başçısının cəmiyyəti “özününkülər” və “özgələr” kateqoriyasına böldüyünü xatırladıb. Məhkəmə qərarını bu bölgünün nəticəsi kimi dəyərləndirib.

“Şeron” qrupu “Susma” klipini oxuduğuna görə təzyiqə məruz qoyulur, N.Dostəliyeva İ.Qəmbərin oğlunun toyunda iştiraka görə cəzalandırılır”, - L.Yunus vurğulayıb.

“Sabah hansısa bənna və ya suvaqçı iqtidar tərəfdə olmayan şəxsin evini tikdiyinə, ya suvadığına görə cəzalandırılacaq”, deyə hüquq müdafiəçisi əlavə edib.

Xatırladaq ki, məhkəmə xalq artisti Nazpəri Dostəliyvanı digər xalq artisti İlhamə Quliyevanın iddiası əsasında 50 min manat cərimələyib. Yerli medianın yazdığına görə, məhkəmə qərarı Nazpəri Dostəliyevanın Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakdan sonraya təsadüf edir.
XS
SM
MD
LG