Accessibility links

Azərbaycan OPEC razılaşmasına əməl edir, hasilatı azaldıb


OPEC
OPEC

Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya əməl edir.

Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir ki, bu ilin fevral ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 776,4 min barrel olub. Bunun 726,4 min barrelini xam neft, 50,0 min barrelini isə kondensat təşkil edib. Gündəlik 604,1 min barrel xam neft, 50,0 min barrel kondensat, 26,8 min barrel isə neft məhsulları ixrac edilib.

“Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel olub”, məlumatda qeyd edilir.

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsindən Energetika Nazirliyinə daxil olmuş məktubda Azərbaycanın anlaşmaya 214 % əməl etməsi qeyd edilərək, ölkəmizin mövqeyi təqdir edilib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq hasilatın 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

XS
SM
MD
LG