Accessibility links

Qubad İbadoğlu: Dövlət Neft Fondu aktivlərinin və valyuta idarəetməsindən gəlirlərini artırıb


Dövlət Neft Fondunun binası

Dövlət Neft Fondunun binası

İqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində yazıb ki, Dövlət Neft Fondunun 9 aylıq fəaliyyətində müsbət tendensiyalar çoxalıb.

Ekspert hesab edir ki, fondun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin kəskin azalması təqdir olunmalıdır.

Qubad İbadoğlu yazır:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları mətbuat vasitəsilə ictimaiyyətlə bölüşüb. Bu məlumatların təhlili göstərir ki, hesabat dövrü ərzində Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 2,6 milyard manat olub. Bununla yanaşı, bu il ərzində Fondun aktivləri 2,3 milyard dollara qədər artıb.

Hazırda bu aktivlər 12 növ müxtəlif valyutalardan ibarət səbətdə saxlanılır. Belə ki, aktivlərin 47,6 faizi ABŞ dolları, 35,3 faizi Avro ilə, 5,3 faizi manatla, 4,9 faizi ingilis funtu ilə, 3,8 faizi qızılla, 1,5 faizi rus rublla, 1,4 faizi Çin yuanı ilə, 1,3 faizi Koreya vonu ilə, 1,2 faizi türk lirəsi ilə, 1,1 faizi yapon ienası ilə, 0,6 faizi Avstraliya dolları ilə və digər valyutalarda saxlanılır.
Fondun aktivlərinin 68,6 faizi inkişaf etmiş ölkələrdə, 28,8 faizi inkişaf etməkdə olan ölkələrdə, 2.6 faizi isə beynəlxal maliyyə intitutlarında yerləşdirilib.

ARDNF-nin investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı göstərir ki, vəsaitlərin 41,6 faizi Avropada, 27,3 faizi Asiyada, 24,1 faizi ABŞ-da, 3,9 faizi Avstraliyada və yerdə qalan 0,5 faizi isə digər regionlardadır. Bu vəsaitlərin 36,1 faizi 1 ilə qədər olan müddətdə, 20,7 faizi müddətsiz olaraq səhmlərə, qızıla və əmlaka, 19,2 faizi 1 ildən 3 ilə qədər, 14,5 faizi 3 ildən 5 ilə qədər, 9,2 faizi 5 ildən çox müddətdə yerləşdirilib. Hazırda fondun vəsaitlərinin 79,3 faizi çox aşağı faizlə (1 faizə qədər) sabit gəlirli istiqrazlara və pul bazarı alətlərinə 11,6 faizi səhmlərdə, 5,3 faizi əmlakda və 3,8 faizi qısıla investisiya olunub.

Cari ilin 9 ayında Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 734,8 milyon manat təşkil edib ki, bu da manat ifadəsi ilə ötən ilin eyni dövründən 15 dəfəyədək, dollar ifadəsi ilə 10 dəfəyədək çoxdur.


ARDNF-nin cari siyasətindəki müsbət dəyişikliklər yalnız aktivlərinin və vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin artımı ilə xarakterizə olunmur, eyni zamanda Fondun büdcəsinin xərclər hissəsində rasionallaşma da müşahidə olunub. Belə ki, Neft Fondundan ötən ilin eyni dövründə 2015-ci il büdcəsinin icrası çərçivəsində 5,65 milyard manat vəsait dövlət büdcəsinə transfert edilmişdirsə, bu ilin eyni dövründə 2016-cı il dövlət büdcəsinə cəmisi 3,26 milyon manat vəsait köçürülüb. Bu göstərici ötən illə müqayisədə 42,3 faiz azdır və bu il üzrə proqnozun 47,2 faizini təşkil edir.
Neft Fondun büdcəsinin icrasında diqqəti çəkən müsbət məqamlardan biri də ötən ilin eyni dövrü ilə müqayisədə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərinin 20, 2 milyon manatda 11,9 milyon manata qədər azalmasıdır.

Yekun olaraq onu qeyd etmək istərdim ki, ARDNF hazırkı çətin makro-iqtsiadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə etmişdir. Onun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin, xüsusilə də idarəetmə xərclərinin kəskin azalması menecmentinin düzgün qurulması və məsrəflərinin rasionallaşdırılmasının göstəricisidir və təqdir olunaraq digər büdcə təşkilatları üçün nümunə kimi təqdim edilməlidir.

XS
SM
MD
LG