Accessibility links

Bu gün UEFA-nın keçirdiyi püşkatma nəticəsi Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi”nin rəqibi müəyyənləşib. Belə ki, ağ-qaralar avqustun 23-ü və 30-u Şimali Kipr təmsilçisi APOEL-lə qarşılacaq.

"Neftçi" PFK Facebook səhifəsinin verdiyi məlumata görə, 1926-cı ildə yaranan Nikosiya təmsilçisi bakılılardan 11 il əvvəl “dünyaya gəlib”.

Həmin vaxt qənnadı sexində bir araya gələn 40 yunanıstanlı özləri üçün futbol komandası yaratmağa qərar verib.

APOEL adı altında yaranan komanda cəmi 2 il sonra fəaliyyətini genişləndirmək, digər idman növlərinə də diqqət ayırmaq məqsədilə APOEL-ə çevrilib. Bu, Nikosiyanın Yunan Atletik Futbol Klubu deməkdir. 1934-cü ildə yaradılan Kipr Futbol Federasiyasının işə başlamasında da əsas rol sahibi APOEL oldu. 10 illik yubileyin qeyd olunduğu 1936-cı ildə isə ilk çempionluq qazanıldı.

1948-ci ildə Yunanıstandakı vətəndaş müharibəsinə fərqli baxışlar klub rəhbərliyini 2 yerə parçaladı. Kommunizm tərəfdarları “Omoniya”nı – APOEL-in ən prinsipial rəqibini təsis etdi.

Həmin vaxtdan Nikosiya təmsilçisi daxili arenada at oynatsa da, avrokuboklarda yalnız son illərdə özünü göstərib. Tarixində 21 dəfə (1935/36, 1936/37, 1937/38, 1938/39, 1939/40, 1946/47, 1947/48, 1948/49, 1951/52, 1964/65, 1972/73, 1979/80, 1985/86, 1989/90, 1991/92, 1995/96, 2001/02, 2003/04, 2006/07, 2008/09, 2010/11) Kipr çempionu, 19 dəfə (1936/37, 1940/41, 1946/47, 1950/51, 1962/63, 1967/68, 1968/69, 1972/73, 1975/76, 1977/78, 1978/79, 1983/84, 1992/93, 1994/95, 1995/96, 1996/97, 1998/99, 2005/06, 2007/08) Kipr kubokunun qalibi, 11 dəfə (1963, 1984, 1986, 1992, 1993, 1996, 1997, 2002, 2004, 2008, 2009) Superkubokun qalibi olan APOEL avrokubokların tarixinə debütdə düşüb.

Kipr təmsilçisi qitə kuboklarında ümumilikdə 134 oyun keçirib.

2009/10 mövsümündə Çempionlar Liqasının qrupuna düşüb, 1/8 finala həsrət qalan APOEL ən böyük uğurunu ötən mövsüm qazanıb. Çempionlar Liqasında uğurlu çıxış edən komanda “Şaxtyor”, “Porto” və “Zenit”lə eyni qrupda birinci olmaqla, 1/8 finalda “Lion”u da mübarizədən kənarlaşdırdı.

APOEL-i yalnız məşhur “Real” 1/4 finalda dayandırdı. Bu uğurlar 2008-ci ildən baş məşqçi postunda olan serbiyalı İvan Yovanoviçin adı ilə bağlıdır.

Qeyd edək ki, APOEL UEFA-nın klub reytinqində 54-cü yerdədir. Onlar 55-ci olan Moskva “Spartak”ı və 56-cı olan “Qalatasaray”ı qabaqlayır ki, bu komandaların hər ikisinin Azərbaycanda kifayət qədər azarkeşi var. Bu isə o deməkdir ki, neçə ildir “Qalatasaray”ı Azərbaycana gətirə bilməyən “Neftçi” rəhbərliyi daha güclü rəqibi görəcək.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG