Accessibility links

Nelson Mandelanın həyat yolu [Video]


Çoxları üçün o, qəhrəman idi, cəsarətli, əqidəli bir şəxsiyyət idi. Onun təvazökar və cazibədar, başqalarının qeydinə qalan insan olduğunu deyirdilər.

Nelson Mandela 1918-ci il, iyulun 18-də Trankseydə, Cənubi Afrikan qaradərililər yaşayan bölgəsində anadan olub və boya-başa çatıb. Hələ gənc ikən o, ölkədə hökm sürən apardeidə qarşı mübarizəyə qoşulur və Afrika Milli Konqresinin üzvü olru. 1940-cı ildə isə Mandela Konqresin gənclər təşkilatına başçılıq edir.

Cənab Mandela kollecdə və hüquq məktəbində təhsil alır. Afrika Milli Konqresindəki iş yoldaşı ilə birlikdə Cənubi Afrikada qaradərililərin ilk hüquq şirkətini açır. Yohannesburq şəhərində yerləşən bu şirkət qaradərililərə pulsuz, ya da aşağı qiymətlərlə məsləhətlər verir.

1960-cı ildə hökumətin Afrika Milli Konqresinin fəaliyyətinə qadağa qoymasından sonra qrup gizli fəaliyyətə keçir. Polisdən qaçan Mandela ikinci həyat yoldaşı, onun kimi aparteidə qarşı mübarizə aparan Vinni ilə ayrı yaşamalı olur.

Milli Konqres aparteidə qarşı mübarizəsini gücləndirməyə qalxanda Mandela qrupun yeni hərbi bölməsinə başçı təyin edilir və Cənubi Afrika hökumətinə və ordusuna qarşı təxribatlar törədilməsinə yardım edir.

1962-ci ildə cənab Mandela hökumətə qarşı fəaliyyətlərinə görə həbs edilərək, məhkəmə qarşısına çıxarılır. O, bunun “Afrika xalqının azad cəmiyyət uğrunda mübarizəsi” olduğunu deyərək, fəaliyyətini müdafiə etməyə çalışır.

İki ildən sonra Mandela ömürlük həbs cəzasına məhkum edilir və Keyp-Taunun Roben adasındakı həbsxanaya göndərilir. Həmin həbsxanada 18 il qaldıqdan sonra 1989-cu ildə siyasi fəaliyyətindən əl çəkməsi müqabilində azad edilmək təklifini rədd edir. Nəhayət, 1990-cı ildə ağ hökumətin başçısı Frederik De-Klarkın bütün siyasi partiyaların qanuniləşdirilməsi və siyasi məhbusların çoxunun azad edilməsi qərarından sonra Nelson Mandela azadlığa çıxır.

1991-ci ildə cənab Mandela Afrika Milli Konqresinə prezident seçilir. 1994-cü ildə Konqres Cənubi Afrikada ilk dəfə ümummilli seçkilərdə qalib gəlidkdən sonra o, 75 yaşında ilk qaradərili president olur.

Nelson Mandela: “Heç vaxt, heç vaxt, bir də heç vaxt bu gözəl torpaqlarda biri digərinin əsarəti altında yaşamayacaq!”

Hörman Kohen 1989-91-ci illərdə Birləşmiş Ştatlar dövlət katibinin Afrika dövlətləri üzrə yardımçısı idi. O deyir ki, Cənubi Afrikadakı qaradərililər Mandelaya onların həyatını yaxşılaşdıracağı ümidi ilə baxırdılar. “Onda xarizmatik bir ruh var idi. O, aparteidə qarşı mübarizənin simvoluna çevrilmişdi. Aydın idi ki, o, onalrın ilk prezdenti olacaq.”

Nelson Mandela president vəzifəsində yalnız bir dönəm qalacağını demişdi. Cənab Kohen 5 illik prezidentlik müddətində Cənubi Afrikada milli barışığa nail olduğu üçün Mandelanın beynəlxalq miqyasda hörmət qazandığını deyir.

Həbsdən azad edildikdən sonra cənab Mandela ilə onun həyat yoldaşı Vinni birlikdə az yaşadılar. Vinnidən boşanandan sonra 80 yaşlı Mandela Mozambikin sabiq prezidenti, mərhum Samora Maşelin həyat yoldaşı Qrasa Maşellə evləndi.

Həyatı dönəmində Mandela yüzlərlə mükafat aldı. 1993-cü ildə o, Nobel Sülh mükafatını bir vaxtlar qatı düşməni olmuş de Klarkla bölüşdü. Onların hər ikisi Cənubi Afrikaya sülh gətirdiklərinə görə şərəfləndirildilər.
XS
SM
MD
LG