Accessibility links

Rusiya müxalifət lideri Boris Nemtsovun qətli ilə əlaqədar iki şübhəli saxlanılıb. Bunu Rusiyanın federal təhlükəsizlik xidmətinin başçısı Aleksandr Bortnikov dövlət televiziyasına bildirib.

Bortnikov saxlanılan iki nəfərin Şimali Qafqaz bölgəsinin sakinləri Anzor Qubaşev və Zaur Dadayev olduğunu bildirib, lakin detalları açıqlamayıb.

Bu iki nəfərin Nemtsovu güllə ilə vurub öldürməkdə ittiham edilib-edilmədiyi aydın deyil. Bortnikovun sözlərinə görə, prezident Vladimir Putin həbslər barədə məlumatlandırılıb.

Boris Nemtsov fevralın 27-də Kreml yaxınlığında qadının müşayiəti ilə körpüdən keçən zaman ona dörd dəfə atəş açıldıqdan sonra hadisə yerində dünyasını dəyişib. Qadın hadisə zamanı xəsarət almayıb.

Həmin həftə sonu Boris Nemtsov Moskvada müharibə və Putin əleyhinə nümayiş keçirməyə hazırlaşırdı. Bunun əvəzinə nümayiş Nemtsovun xatirəsinə həsr olunmuş kütləvi yürüşə çevrildi.

Hadisədən bir həftə əvvəl Rusiyanın “Sobesednik” xəbər veb saytına müsahibə verən Boris Nemtsov Vladimir Putinin onun ölümünü istədiyini fikirləşdiyini demişdi.

Beynəlxalq ictimaiyyət Boris Nemtsovun qətlini qətiyyətlə pisləmiş, ABŞ prezidenti hadisəni qəddar qətl adlandıraraq, Rusiyanın hərtərəfli və qərəzsiz təqiqat aparmalı olduğunu demişdi.

XS
SM
MD
LG