Accessibility links

Nəriman Qasımoğlu: İslam dünyasında çoxları "qaranlıq ideyaların əsiri"dir


İlahiyyatçı alim Nəriman Qasımoğlu

İlahiyyatçı alim Nəriman Qasımoğlu

Son aylar İraq və Suriyada özünü İslam Dövləti adlandıran qrupun törətdiyi zorakılıqlar Qərb dünyasında islam dininin sülhsevər mahiyyəti ilə bağlı müzakirələrin yeni dalğasına yol açıb. Islam radikalizmi və bunun səbəbləri diskussiyaların diqqət mərkəzindədir. İslam Dövləti qrupu islamın hansı formasına üz tutub? Bu radikal yanaşma tərzi haradan yaranıb? Bu suallarla ilahiyyatçı alim Nəriman Qasımoğluna müraciət etmişik.

Nəriman Qasımoğlu islam mövzusunda akademik çevrələrdə geniş müzakirələrin Amerikada 2001-ci ildə 11 sentyabr terror hadisələrindən sonra aparıldığını xatırladır. O, islamın mahiyyətinə yeni baxışı ortaya qoyan, onu bir daha incələyən, radikal islamın nədən qaynaqlandığı kimi mövzularda müzakirələrin yer aldığını qeyd edir: “Qurani-Kərimdə belə bir bölgü yer almır. Orada belə bir ayə keçir ki, “O şəxslər ki dinlərini bölüblər, parça-parça olublar dinlərində, dəstə-dəstə olublar, onların sənə heç bir dəxli yoxdur, onların işi bizə qalar, biz də bildirərik onlara nə iş görürdülərsə”. Yəni dində o parçalanma, təriqətlərə bölünmə məsələsinə bir ilahi qınaq var, dinimizin mahiyyətini ifadə edən onun ana qaynağı olan Qurani-Kərimin bu ayəsində.”

"Yəni dində o parçalanma, təriqətlərə bölünmə məsələsinə bir ilahi qınaq var, dinimizin mahiyyətini ifadə edən, onun ana qaynağı olan Qurani-Kərimin bu ayəsində.”-Nəriman Qasımoğlu

Nəriman Qasımoğlu akademik çevrələrdə islama “ siyasi islam”, “ənənəvi islam”, “milliləşmiş islam”, “mülayim islam”, “Avropa modelinə yaxın islam” kimi müxtəlif bölgülər və modellərin verildiyini qeyd edir. İlahiyyatçı alim deyir ki, bu, başa düşüləndir, çünki bütün baş verənlər islam adına iddia edilir. O zaman bəşəriyyətə qarşı cinayətlər törədən qrupların islam adından istifadə etməsi nə ilə izah edilir? Nəriman Qasımoğlunun sözlərinə görə buna şərti olaraq siyasiləşmiş islam demək olar. O, keçən əsrdən gələn cihad islamı, siyasi islam kimi ideyaları və xüsusən də Müsəlman Qardaşları qrupunun banilərinin əsasını qoyduğu ideologiyanın- islamdan siyasi məqsədlərlə istifadə edilməsi məsələsinin gündəmə gətirilməsini qeyd edir. Nəriman Qasımoğlu dinlə bağlı gedən müzakirələri müsbət qiymətləndirir və bunun şəriətin yenidən dəyərləndirilməsi, dində islahatçılığa yol aça biləcəyini deyir.

Müsəlman dünyası cihad islamını qınamalıdır

Müsəlman dünyasında İslam Dövləti, Əl-Qaidə, Taliban kimi qrupların törətdiyi əməllərin yüksək rəsmi səviyyədə kəskin tənqid edilməməsi və onların hərəkətlərinin qınağa səbəb olmaması nə ilə izah edilir? Nəriman Qasımoğlunun fikrincə, çox vaxt rəsmi mövqe bu ideologiya ilə üstü-üstə düşür: “Məzhəblərdə mənsub olduqları dinin bütün dinlərdən üstün olduğunu düşünürlər, belə insanlar yetişdirirlər...Dinin bir mahiyyəti var, bir də mahiyyətinə zidd saxtalaşdırılan bir variant. Təəssüf ki, müsəlman çoxluğunda, müsəlman dünyasında həmin o şəriət islamı dediyimiz, Qurana yox, hədislərə söykənən, “Qurana hədislərin gözü ilə baxmaq lazımdır və onu o cür təfsir etmək lazımdır” deyilən mövqelər mövcuddur. Bütün bu qurumlar siyasiləşən qurumlar olduğuna görə öz mövqelərini açıq ifadə edə bilmirlər ki, bax bu hərəkətlər, cihad islamı deyilən məsələ ümumiyyətlə islamın mahiyyətinə ziddir.”

Qurani-Kərimdə qadına üstün haqlar tanınır

“Qurani-Kərimdə Məryəm surəsində qadınların kişilərdən, kişilərin də qadınlardan üstünlüyü məsələsinə istinadən münasibət bildirmək qınanır. Qadınlarla kişilərin sosial bərabərliyi birmənalı şəkildə vurğulanır. Orada belə ifadələr keçir ki, imanlı kişilərlə imanlı qadınlar bir-birinin dostudurlar, yaxşılıığı buyurar, pisliklərdən çəkindirər. Əslində, bunlar qadının siyasi həyata aktivliyini təşviq edən ayələrdir”-deyə ilahiyyatçı alim bildirir. Nəriman Qasımoğlu qadına aşağılayıcı münasibətin Qurani Kərimlə paralel şəkildə təşəkkül tapmış qaynaqlardan gəldiyini, hədislərə əsaslandığını deyir: “O hədislərdə qadını kifayət qədər aşağılayan xeyli sayda məlumatlar var, Pəyğəmbər adına çıxılan, amma əslində Quranla heç bir əlaqəsi olmayan. Bax dindarlıq da bu qaynaqların üzərində köklənib. Müsəlman dünyasının əksəriyyətinin, çoxunun etiqad etdiyi din əslində, ana qaynağın üzərində yox, bu ikinci dərəcəli qaynaqların üzərindədi.”

“Qurani-Kərimdə Məryəm surəsində qadınların kişilərdən, kişilərin də qadınlardan üstünlüyü məsələsinə istinadən münasibət bildirmək qınanır. Qadınlarla kişilərin sosial bərabərliyi birmənalı şəkildə vurğulanır."-Nəriman Qasımoğlu

Nəriman Qasımoğlu qadını aşağılamaq üçün Qurani Kərimə istinad etmək cəhdlərini qeyd edərək, əslində mövzunun konteksdən çıxarıldığını deyir: ”Deyirlər, Qurani Kərimdə bir ayədə iki şahid qadın gətirin, bir kişi şahid. Yəni iki qadın bir kişiyə bərabərdir. Bu mənada qadını aşağılayan məsələlərə də istinad etmək istəyirlər. Kontekstdən çıxarırlar həmin ayəni. Həmin ayənin konteksti ticarət kontekstidi ki bir ticarət sazişi imzalayanda iki qadın kişi şahid tutsun, ya da bir şahid kişi. Orada da qadının maddi məsuliyyət bölüşməsidir ki, ailədə maddi məsuliyyət qadının üzərində deyil, kişinin üzərində nəzərdə tutulur və ticarət uğursuz olsa da, onun maddi məsuliyyətini, o yükü qadının üstündən azaltmaqdan ötrüdü idi.”

Müsəlman dünyasının əksəriyyətinin, çoxunun etiqad etdiyi din əslində, ana qaynağın üzərində yox, bu ikinci dərəcəli qaynaqların üzərindədi.”-Nəriman Qasımoğlu

Nəriman Qasımoğlu Qurani Kərimdə başqa dini qaynaqlarla müqayisədə yaradılış məsələsinin fərqli qoyulduğunu, qadının kişidən deyil, onların eyni yaradıldığı fikrinin öz əksini tapdığını qeyd edir. Lakin o, dindarlıqda bu məsələnin fərqli qoyulduğunu əlavə edir. Nəriman Qasımoğlu maariflənmənin əhəmiyyətini vurğulayır, lakin islam dünyasında çoxlarının “qaranlıq qaynaqların əsiri” durumunda olduğunu deyir.

Azərbaycan cəmiyyəti radikalizmə müqavimətlidir

İlahiyyatçı alim radikalizm dalğasının Azərbaycana təsirlərindən danışaraq, Azərbaycan cəmiyyətində oturuşmuş dini mentalitetin olduğunu və radikalizmə müqavimət göstərilə biləcəyinə inandığını deyir: “Geniş maarifçilik proqramları həyata keçirilə bilər. Vaxtılə radikal ideyaların təsiri altına düşmüş qruplarla söhbətlər etmişəm. Görürdüm ki, bunun təsiri olur. Bu məsələləri bizdə gündəmə gətirmək daha asandır. Bunda problem yaradan məsələ odur ki, mütəxəssislərin sayı azdır, gərək cəmiyyət özü reaksiya versin, ziyalılarımız özü töhfələrini versinlər. Vaxtılə keçən əsrin əvvələrində öndə gedən aydınlarımız olub. İndiki ziyalılarımız milləti mövhumatçılqdan qurtarmaq, xilas etməkdən ötrü fəaliyyət göstərən maarifçi-demokratlardan misal götürsünlər. Onlar bu məsələyə vaxtılə çox böyük önəm veriblər və ona görə də millətin formalaşmasına öz töhfələrini veriblər.”

“Azərbaycan cəmiyyətinin özəllikləri var, o belə radikalizmə müqavimətlidir, ümumiyyətlə tarixən formalaşmış dini mentalitet də var."-Nəriman Qasımoğlu

Nəriman Qasımoğlu mövhumatçılığın yaranma səbəblərinin ən başlıca elementinin öz dəyərləri və təriqətlərini başqa ölkələrə ixrac etmək üçün islami ölkələrdən gələn xarici təsirlə bağlı olduğunu və Azərbaycan cəmiyyətində buna müqavimətin olduğunu qeyd edir: “Azərbaycan cəmiyyətinin özəllikləri var, o belə radikalizmə müqavimətlidir, ümumiyyətlə tarixən formalaşmış dini mentalitet də var. Amma ayrl-ayrılıqda radikal ideyaların təsirinə düşmüş gəncləri də tərbiyə etmək mümkündür, təbliğat vasitəsilə və maatrifçilik işi də ciddi əsaslarla həyata keçirilməlidir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG