Accessibility links

ABŞ-ın “Xəbər və İnformasiya muzeyi”ndə Rafiq Tağının xatirə lövhəsi yerləşdirilib (video)


Jurnalistlər Memorialında səkkiz azərbaycanlı jurnalistin xatirəsi əbədiləşdirilib

ABŞ paytaxtı Vaşinqtondakı “Xəbər və İnformasiya muzeyi”ndə keçirilmiş xüsusi mərasimdə 2011-ci ildə peşə vəzifəsini yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi anılıb. Dünya ölkələrində həlak olmuş 70 mətbuat üzvünün adı Jurnalistlər Memorialına əlavə edilərək, buraya jurnalistlərin adlarını daşıyan lövhələr yerləşdirilib.

Newseum muzeyinin xatirə memorialında 1837-2011-ci illər arasında həlak olmuş 2156 jurnalistin adı əbədiləşdirilib. “Xəbər və İnformasiya muzeyi”nin icraçı direktoru Ceyms Daff Jurnalistlər Memorialını muzeyin ən mühüm sərgilərindən biri adlandırıb. O deyib ki, xatirə memorialı muzeyin sonrakı nəsillərin bu cəsarətli jurnalistlərin adlarını unutmaması üçün yerinə yetirdiyi vəzifəyə sadiq qaldığını nümayiş etdirir.


Latın Amerikasında ən böyük media şirkət olan “Grupo Reforme”nin prezidenti Alexandro Hunko çıxışında öz həyatlarını risk qarşısında qoyaraq, baş verən pozuntuları ictimaiyyətə çatdırmaqdan qorxmayan jurnalistlər haqda danışıb. O, insanların yaşadığı sistemlərdə onların həyatına mənfi təsir göstərən amillərin azaldılması üçün bu jurnalistlərin gördüyü işin əhəmiyyətini vurğulayıb. Alexandro Hunko jurnalistlərin hər gün təhlükələrlə qarşılaşdığını xatırladıb. “Tam beş ay olmamış artıq bu il dünya ölkələrində 18 jurnalist həyatını itirib, 179 jurnalist həbs edilib”-deyə o bildirib.


“Xəbər və İnformasiya muzeyi”ndə bu il xatirəsi əbədiləşdirilən jurnalistlər arasında azərbaycanlı jurnalist, yazıçı və publisist Rafiq Tağının da adı var. Rafiq Tağı 2011-ci ildə noyabrın 19-da işdən evə gedərkən naməlum şəxslər tərəfindən bıçaqlanmış və noyabrın 23-də əməliyyat edidiyi xəstəxanada vəfat etmişdir.


Muzeyin sərgisində səkkiz azərbaycanlı jurnalistin xatirəsi əbədiləşdirilib. Memorialda1991-1995-ci illər arasında Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı peşə fəaliyyətini yerinə yetirirkən həlak olmuş jurnalistlərin adları göstərilib. Jurnalistlər Memorialında1991-ci ildə Dağlıq Qarabağda yanvarın 9-da pusqu zamanı həlak olmuş “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova, 1991-ci ildə vertolyot qəzası nəticəsində həlak olmuş Azərbaycan televiziyasının əməkdaşları Alı Mustafayev və Fəxrəddin Şahbazov, 1992-ci ildə iyunun 15-də ağır yaralandıqdan sonra həlak olmuş ANS televiziyasının müxbiri Çingiz Mustafayevin adını daşıyan xatirə lövhələri yerləşdirilib.


Muzeyin qalereyasında 1995-ci ildə Bakıda iğtişaşlar zamanı həlak olmuş Reuters xəbər agentliyinin əməkdaşı Adil Bunyadov, 2006-cı ildə evinin qarşısında öldürülmüş aparıcı müxalif mətbu orqan olan “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov, 2009-cu ildə “Tolişi Sado” qəzetinin həbsxanada həlak olmuş redaktoru Novruzəli Məmmədovun adları xatirə lövhələrində həkk olub.

Jurnalistlər Memorialında bu il Ərəb Baharı ölkələrində hadisələri işıqlandıran zaman həlak olmuş mətbuat üzvləri adları əbədiləşdirilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG