Accessibility links

İnformasiya əldə edilməsi azadlığının məhdudlaşdırılması narazılıqla qarşılanıb (VİDEO/AUDİO)


Dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların payları barədə məlumatlar konfidensial saxlanacaq.

Respublikaçı Alternativ Hərəkatı (REAL) Milli Məclisin qarşısında piket keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb, beş fəalı saxlanıb. REAL-çılar qanunvericiliyə informasiya əldə olunması azadlığını məhdudlaşdıran düzəlişin qəbuluna etiraz bildirib.
Hərəkatın lideri İlqar Məmmədov bildirib ki, hərəkat fəalları deputatlarla görüş istəmək və öz narahatlıqlarını onların diqqətinə çatdırmaq niyyətindədir. “Biz tələb edirik ki, deputatlar bu mürtəce düzəlişlərdən imtina etsinlər. Bu dəyişiklikdə məqsəd kommersiya qurumlarının bu və ya digər məmura məxsusluğunu müəyyən etməyə imkan verən informasiyanın açıqlanmasına yol verməməkdir”.
Onun fikrincə, təklif olunan düzəlişlərin səbəbi bu yaxınlarda dövlət başçısının ailəsinin iri maliyyə maxinasiyalarında iştirakının üstünü açan jurnalist araşdırmalarıdır.
REAL-çılarla birgə yaşlı şikayətçi qadın da saxlanılıb. O, qanunsuz köçürülmə ilə əlaqədar parlamentə şikayətə gəlib.

Etirazlara baxmayaraq parlament bu gün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklikləri qəbul edib. Yeni dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfidensial saxlanılacaq.
Milli Məclis həmçinin Vergi Məcəlləsinə və "Kommersiya sirri haqqında" qanuna müvafiq dəyişiklikləri də qəbul edib.

Bir neçə deputat dəyişikliklərə qarşı çıxıb. Deputat Qüdrət Həsənquliyevin fikrincə, yeni dəyişikliklər jurnalistlərin araşdırma aparmaq imkanlarını məhdudlaşdırır.

Deputat Asim Mollazadə dəyişiklərin əleyhinədir. “Şəffaflığı pozmaq olmaz”.
”Dəyişiklikdə nəzərdə tutulanlar kommersiya sirri sayıla bilməz. Dünyanın heç yerində şirkətin payçısı, onun sahibi cəmiyyətdən gizlədilmir”, - deyə deputat İqbal Ağazadə qeyd edib.

Deputat Fazil Mustafa təklif edilən dəyişikliyin şəffaflığa qarşı olduğunu söyləyib.
Bununla yanaşı, parlament çoxluğu, iqtidaryönümlü deputatlar qanunlara dəyişiklikləri müdafiə edib.
”Yeni Azərbaycan” Partiyasının icra katibi, deputat Əli Əhmədov hesab edir ki, “İnformasiya əldə etmək haqqında” qanuna təklif olunan dəyişikliklər informasiya əldə etmək imkanlarını daha da genişləndirəcək.

XS
SM
MD
LG