Accessibility links

Keçmiş nazirin həbsi: vəkilin bəyanatı və rəsmi münasibət


Həbs
Həbs

Nicat Quliyevin həbsi barədə vəkili bəyanatla çıxış edib. Keçmiş nazir ittihamı qəbul etmir

Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin vəkili Elton Quliyev müvəkkilinin həbsi ilə bağlı mediada ona istinadən yayılan, həqiqəti təhrif edən məlumatlarla bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, N.Quliyev avqustun 7-də saat 19.00-da Novxanı qəsəbəsindəki bağ evindən çıxıb və qonşuluqda yerləşən təsərrüfat malları mağazasına yola düşüb.

“Onun arxasınca mağazaya daxil olan bir neçə şəxs özlərini təqdim etməyərək və hər-hansı izahat verməyərək, N.Quliyevi tutub qollarını qandallayıb. Onlar N.Quliyevin öz avtomobilinin arxa oturacağına əyləşdiriblər və Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına aparıblar.

N.Quliyevə hətta evinin yanından keçərkən ev paltarlarını dəyişib, evdə onu gözləyən doğmalarına saxlanıldığını xəbər verməyə belə imkan verməyiblər.

Həmin gün saat 23.30 radələrində 20-yə yaxın MTN əməkdaşı N.Quliyevin bağında yalnız onun həyat yoldaşının və yetkinlik yaşına çatmamış qızının olduğunu bilə-bilə hasardan adlayaraq keçmiş nazirin bağına daxil olublar, baxmayaraq ki, səs-küyə çıxan N.Quliyevin həyat yoldaşı qapını açıb. N.Quliyevin həyat yoldaşı bağa girən bütün insanların hərəkətlərinə nəzarət etmək iqtidarında olmayıb. Ailə üzvlərinin mobil telefonları əllərindən alınıb, onlara evdən çıxmaq qadağan edilib.

Heç bir zərurət olmadan saat 23.30-dan səhər 7.00-a qədər axtarış aparılıb. Nə axtardıqlarını izah etməyən xüsusi xidmətlərin nümayəndələri N.Quliyevin sənədlərini, şəxsi və ailə üzvlərinin həyatı ilə bağlı kompüterləri, fotomaterialları və videokassetləri, dəmir seyfi müsadirə ediblər.

N.Quliyevin həyat yoldaşı bildirib ki, onların evində və həyətində heç vaxt silah olmayıb. Həm də silahın tapıldığı köməkçi məkanı iki gün əvvəl o özü təmizləyib. N.Quliyevin həyat yoldaşı protokolda bunu qeyd edib.

Axtarış zamanı evdə olan ailə üzvlərindən heç kim bağın həyətində axtarış aparanların hərəkətlərinə nəzarət edə bilməyib.
N.Quliyev özü saxlandıqdan dərhal sonra öz vəkili ilə təmin edilməyi və evə zəng etmək imkanı tələb edib. Lakin onun tələblərinə məhəl qoyulmayıb.

Bir neçə saat sonra ona bildiriblər ki, guya avtomobilindən tapança və 8 güllə müsadirə edilib. Lakin N.Quliyev bu iddiaları təkzib edib. Avtomobilə baxış zamanı N.Quliyevin iştirakı təmin edilməyib.

Saxlandıqdan sonra avtomobil onun nəzarətindən kənar MTN əməkdaşlarının sərəncamında olub. Guya avtomobildə silah və döyüş sursatları tapıldığını əsas gətirərək, N.Quliyevə qarşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah və döyüş sursatı saxlama) maddə ilə cinayət işi açılıb.

Baxmayaraq ki, Cinayət Prossesual Məcəlləsinin 215.5-ci maddəsinə və Azərbaycan prezidentinin 25 avqust 2000-ci il tarixli 387 saylı fərmanının 3-cü bəndinin 1-ci altbəndinə əsasən, sözügedən maddə üzrə ibtidai istintaq polis orqanları tərəfindən aparılır.

Beləliklə, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar səlahiyyəti olmayan orqan və vəzifəli şəxs tərəfindən qəbul edilib.

Növbəti gün səhər N.Quliyev ona qarşı irəli sürülmüş ittiham mətnindən öyrənib ki, guya onun bağında avtomat silah, əl qumbaraları və digər döyüş sursatları aşkar edilib.

N.Quliyev bu ittiham saxta olduğu üçün ifadə verməkdən imtina edib.

Bununla belə, o, Səbayel rayon məhkəməsinə aparılıb, formal məhkəmə prosesi zamanı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarından apellyasiya şikayəti hazırlanıb, bayram günləri ilə əlaqədar şikayət bu həftə N.Quliyevin özü ilə razılaşdırıldıqdan sonra məhkəməyə veriləcək”, deyə vəkil E.Quliyevin bəyanatında deyilir.

Öz növbəsində, Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA agentliyinə bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.

N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.

Quliyev 1993-95-ci illərdə XİƏN rəhbəri vəzifəsini tutub. Daha sonra o, Acarıstana gedib, burada 2004-cü ildə istefasına qədər prezident Aslan Abaşidzenin müşaviri olub.

Bundan sonra o, Azərbaycana qayıdıb və Azərbaycanda və Türkiyədə bizneslə məşğul olub.

Quliyev hər-hansı siyasi, ictimai fəaliyyətlə məşğul olmayıb.

2005-ci ilin oktyabrında Quliyev dövlət çevrilişinə cəhd ittihamı ilə bir qrup yüksək vəzifəli şəxs ilə birlikdə həbs edilib. Lakin iki həftə sonra o, azad edilib və bundan sonra cinayət məsuliyyətinə cəlb edilməyib.
XS
SM
MD
LG