Accessibility links

NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi hələ də davam edir


 NİDA-çıların aksiyasından

NİDA-çıların aksiyasından

Gənclər ittihamları uydurma hesab edir

Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatının 7 fəalının və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə növbəti iclas keçirilib.

Məhkəmə prosesində iştirak edən hüquqşünas Samira Ağayevanın Amerikanın Səsinə verdiyi məlumata görə bu günki prosesdə təqsirləndirilən şəxs Bəxtiyar Quliyevin atası Səməndər Quliyev və məhbus “Nida” üzvü Rəşadət Axundov ifadə verib.

Səməndər Quliyev evlərində necə axtarış aparılmasından danışıb.

S.Quliyev evində aparılan axtarışı ətraflı şəkildə təsvir edib və bildirib ki, axtarış aparan MTN əməkdaşları ona və ya ailə üzvlərinə axtarış aparılması barədə məhkəmə qərarını təqdim etməyiblər.

Sonra Rəşadət Axundov məhkəməyə sərbəst ifadə verib.

İfadəsində ittiham aktının bir sıra məqamlara toxunaraq onun saxta olmasını məhkəmənin diqqətinə çatdırıb.

O, bütün ittihamları uydurma adlandırıb.

"İrəli sürülən ittihamların hamısı absurddur. Bunların hamısı əvvəlcədən qurulmuş ssenaridir. Məmməd Əzizov həbs olunanda işgəncəyə məruz qaldığından mənə qarşı ifadə verib. Biz hamımız sifarişlə həbs olunmuşuq".

Məhkəmə martın 28-də davam edəcək.

Təqsirləndirilən şəxslər 2013-cü ilin mart-aprel aylarında həbs edilib. Onlar Bakıda orduda qeyri-döyüş itkilərinə qarşı 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda ittiham olunurlar. Gənclərə qarşı həmçinin qanunsuz partlayıcı maddə, narkotik saxlamaq və xuliqanlıq ittihamları irəli sürülüb.
XS
SM
MD
LG