Accessibility links

Yeddinci N!DA-çı - Zaur Qurbanlı həbs edildi


N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı
N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı

“N!DA Vətəndaş Hərəkatı həbslərdən qorxmur, geri çəkilmir. Əksinə, biz mübarizəmizi daha böyük əzmlə davam etdirəcəyik” -N!DA-dan bəyanat

Aprelin 1-də N!DA Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Zaur Qurbanlı saxlanıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi ona qrşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürüb. Bu barədə vəkil Xalid Bağırov Amerikanın Səsi radiosuna bildirib.

Hazırda Nəsimi rayon məhkəməsi Zaur Qurbanlı barəsində həbs qəti imkan seçilməsi məsələsinə baxır.

NİDA vətəndaş hərəkatı öz üzvlərinin qondarma ittihamlarla həbs olunmasından ciddi narahatdır. Bu barədə N!DA-nın bəyanatında deyilir.

Hərəkat həbsləri qanunsuz sayır. N!DA baş verənləri hakimiyyətin təşkilata qarşı repressiyası və təzyiq vasitəsi kimi qiymətləndirir, NİDA üzvlərinin həbsini onların aktiv ictimai fəaliyyəti ilə əlaqələndirir. Eyni zamanda şərlənərək qanunsuz həbs olunan üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edir.

“Bəyan edirik ki, N!DA vətəndaş hərəkatı bu həbslərdən qorxmur, geri çəkilmir. Əksinə, biz mübarizəmizi daha böyük əzmlə davam etdirəcəyik”, - bəyanatda vurğulanır.

Xatırladaq ki, martın 7-də N!Da-nın fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu , martın 14-də Rəşad Həsənov həbs edilib. Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi “Nida”çı Üzeyir Məmmədli və Rəşadət Axundovu həbs edib. N!DA fəallarının hamısı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunur. Hazırda 7 N!DA-çı həbs edilib.

Beynəlxalq insan haqları təşkilatları N!DA-çıları vicdan məhbusu kimi tanıyıb.
XS
SM
MD
LG