Accessibility links

Gənclərin məhkəməsində İsa Qəmbər azadlıq tələb edib


Gənclərin məhkəməsi

Gənclərin məhkəməsi

NİDA-nın 7 fəalı, “Azad Gənclik”in 1 fəalı ittiham olunur

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının 7 üzvünün və “Azad Gənclik” Hərəkatının üzvü İlkin Rüstəmzadənin işi üzrə hazırlıq iclası davam etdirilib.

Onlar Bakıda 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunur. İlkin olaraq gənclər qanunsuz silah və narkotik saxlamaqda ittiham olunublar.

Mart-aprel aylarında bu ittihamlarla NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı həbs edilib.

Mayda “Azad Gənclik” hərəkatının üzvü İlkin Rüstəmzadə həbs edilib.
O və Quliyev həm də xuliqanlıqda, xüsusən dənizkənarı bulvarda
“Harlem Shake” rəqsini ifa etməkdə ittiham olunurlar.

Noyabrın 5-də başlamış hazırlıq iclası zamanı vəkillər cinayət işinə xitam verilməsi haqqında vəsatətlərlə çıxış ediblər, bu vəsatətlər təmin edilməsə, müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyəcək.

Hazırlıq iclası noyabrın 14-nə keçirilib.

Bu gün gəncləri dəstəkləmək üçün Müsavat Partiyasının lideri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, keçmiş deputatlar Arzu Səmədbəyli və Pənah Hüseyn məhkəməyə gəliblər.

İclas açıldıqdan sonra Qəmbər ayağa qalxıb və müttəhimlərə müraciət edərək deyib ki, gənclər millətin sütunudur və onları siyasi baxışlarına görə təqib etmək biabırçılıqdır.

O, hakimləri gəncləri azad etməyə çağırıb. “Siz ağsaçlı insanlar təqsirsiz insanları azad etmək yerinə burada hansısa prosessual normalardan danışırsınız”, deyə Qəmbər bildirib.

Buna cavabda iclasa sədrlik edən hakim Cavid Hüseynov məhkəmə iclası zamanı asayiş pozuntusuna görə məsuliyyət haqqında xəbərdarlıq edib.

Buna cavabda Qəmbər, Səmədbəyli və Hüseyn nümayişkaranə şəkildə zalı tərk ediblər.

Daha sonra Rüstəmzadə və Qurbanlının hüquqlarını müdafiə edən vəkil Xalid Bağırov söz alıb.

O, ilk növbədə gənclərin dəmir barmaqlıqlar arxasından azad edilməsi və vəkillərinin yanında oturmalarına icazə verilməsi haqqında vəsatət qaldırıb. “Bu, tərəflərin bərabərhüquqluluğu və məhkəmə prosesinin çəkişmə prinsipini, habelə təqsirləndirilən şəxslərin öz müvəkkilləri ilə ünsiyyətinin məxfiliyini pozur”, deyə Bağırov bildirib.

Daha sonra o, dəlillərin saxtalaşdırıldığını, əməliyyat video çəkilişlərinin axtarış protokolları ilə üst-üstə düşmədiyini bildirib.

Bağırov həmçinin Rüstəmzadənin və Quliyevin xuliqanlıqda ittiham olunmasının əsassız olduğunu, bu epizodla bağlı zərərçəkmişlərin, fiziki ziyanın olmadığını bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfdə bütün dünyada ifa olunan “Harlem Shake” rəqsini əks etdirən minlərlə videokadr var. Bundan başqa, hakimiyyətyönümlü “İrəli” gənclər hərəkatının üzvləri də bu rəqsi ifa ediblər.

Bağırov həmçinin qeyd edib ki, təqsirləndirilənlərin ittiham edildiyi video başqa bloger tərəfindən yayılıb və ümumiyyətlə, İnternetdə videoçarx yerləşdirilməsinə görə heç bir məsuliyyət ola bilməz.

“Amma prokurorluq bulvardakı heykəlin belə qayğısına qalırsa, qoy rəqsin ona vurduğu ziyanı sübut etsin”, deyə Bağırov bildirib.
Qurbanlının digər vəkili Elton Quliyev də bildirib ki, gənclərin saxlanılması şərəf və ləyaqətin alçaldılmasıdır.

Bağırov həmçinin prosesin videoçəkilişinin aparılması haqqında vəsatət qaldırıb.

Hər iki vəkil yenidən cinayət işinə xitam verilməsi haqqında vəsatətlə çıxış ediblər.

Bundan sonra hakim dinləmələrin 21 noyabr saat 15.00-a qədər təxirə salındığını elan edib.

Bu iclasda məhkəmənin vəsatətlərlə bağlı fikir bildirəcəyi gözlənilir.
XS
SM
MD
LG