Accessibility links

NİDA-çıların məhkəməsində qalmaqal


Gənc fəalların məhkəməsi (NİDA, Azad Gənclik)
Gənc fəalların məhkəməsi (NİDA, Azad Gənclik)

Gənc fəal Bəxtiyar Quliyev doğum gününü dəmir qəfəsdə qeyd edib. İştirakçılar gənci əl çalaraq alqışlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA Hərəkatının 7 fəalının və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə proses təyin olunduğu vaxtdan gec başlayıb. Zalda iştirak edən təqsirləndirilən şəxslərin valideynləri məhkəmənin gec başlamasına etiraz olaraq əl çalıblar, ayaqlarını yerə vuraraq, “Gətirin, gətirin!” şüarları səsləndiriblər, NİDA-nın himnini oxuyublar.

Bir saat gec başlayan prosesə gənclər əli qandallı gətirilib. Təqsirləndirilən şəxslərin valideynləri Bəxtiyar Quliyevin doğum günü ilə əlaqədar onu təbrik edib və əl çalıblar. Bundan sonra məhkəmə prosesi şahid Anar Abbasovun dindirilməsi ilə başlayıb. Şahid ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etdikdən sonra məhkəmədə ifadə verib.

Hakim “bu şəxslərdən kimi tanıyırsan” deyərək təqsirləndirilən şəxsləri göstərib. O isə təqsirləndirilənlərdən gözlüklü bir nəfər olduğunu deyib. O, ifadəsində bildirib ki, İçəri Şəhərdən çıxanda Axundov adına parkda maskalı şəxslərin oturub söhbət etdiyini görüb.

“Onlar mənə kafeyə getməyi təklif etdilər. Mən onlardan aralandım. Sonradan eşitdim ki, onlar tutulublar, məni də tutarlar deyə qorxdum və getdim ifadə verdim”, deyə o bildirib.

Bundan sonra o, Zaur Qurbanlını göstərərək deyib ki, “bu eynəkli oğlan mənə dedi ki, boş vaxtın olanda gəl, biz istəyirik mitinq edək, şüşənin içərisinə benzin töküb partladaq...

”Bu zaman dövlət ittihamçısı onun sözünə müdaxilə edərək “partladaq yox, yandıraq” deyib.

NİDA-çılardan Bəxtiyar Quliyev də baş verənlərə “Siz burada bizimlə oyun oynayırsınız, bu necə şahiddir məhkəməyə gətirmisiniz?!”, deyə əsəbi reaksiya verib. Hakim onlardan sakitləşməyi tələb edib. Əks halda xəbərdarlıq olunacağını deyib. Bu zaman valideynlər də şahidin dediklərinə etiraz ediblər. Daha sonra Vəkil Elton Quliyev məhkəməyə bildirib ki, şahidin üzərində onun şəxsiyyətini təsdiq edən sənəd yoxdur və bunun Anar Abbasov olması şübhə doğurur. Hakim bundan sonra şahiddən vəsiqə istəyib. O, isə şəxsiyyət vəsiqəsi əvəzinə SOCAR-in xidməti əməkdaşlıq vəsiqəsini göstərib.

Vəkillər buna etiraz ediblər, həmin şahidin şəxsiyyət vəsiqəsinin göstərilməsini tələb ediblər və sənədsiz şəxsin məhkəmədə şahid ifadəsi verməsinin qanunsuz olduğunu deyiblər. Təqsirləndirilənlərdən Rəşadət Axundov da şahidə etiraz edib. “Bax budur da, Azərbaycan hakimiyyətinin 22 ildə hazırladığı vətəndaş budur. Yarada bildiyi şah əsəri insan modeli budur”, deyə qışqırıb. Hakim onlardan sakitləşməyi tələb edib.

Daha sonra prokurorun şahid ifadə verərkən onu istiqamətləndirməsi gənclərin etirazına səbəb olub. Bundan sonra qalmaqal baş verib. Hakim fevralın 27-ə nəzərdə tutulan məhkəmə iclasının təqsirləndirilən şəxslərin iştirakı olmadan keçirilməsi haqqında qərar verib. Bu günkü iclas onların iştirakı olmadan davam etməsin deyə NİDA-çılar da öz vəkillərindən imtina ediblər. Proses fevralın 28-də davam edəcək. İttihama görə, bu gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadə etməyi planlaşdırıblar. “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub. Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu deyirlər. Amnesty İnternational təşkilatı gənc fəalları vicdan məhbusu elan edib.
XS
SM
MD
LG