Accessibility links

Məhkəmə vəkillərin vəsatətlərini təmin etməyib. Müxalifət fəalı avtoqəza ittihamı ilə həbs edilib

Abşeron Rayon Məhkəməsi müxalifətdə olan Müsavat Partiyasının fəalı Nigar Yaqublunun işi üzrə məhkəmə araşdırmasını noyabrın 23-nə təyin edib.

“Media forum” saytının məlumatına görə, noyabrın 13-də keçirilən hazırlıq iclasında vəkillərin üç vəsatətinə baxılıb.

Vəkillər prosesə sədrlik edən hakim İlham Kərimlinin dəyişdirilməsini, avtomobil qəzası ilə bağlı təkrar ekspertiza keçirilməsini və gənc fəal barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəsatətlərin heç biri təmin olunmayıb.

Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun avtomobili Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.

Nigar Yaqublu barəsində seçilmiş iki aylıq həbs qətimkan tədbirinin müddəti noyabrın 11-də bitib.
XS
SM
MD
LG