Accessibility links

Nina Oqnyanova: Seçkidən öncə mətbuata qarşı təzyiqlərin artdığı müşahidə edilir [Audio]


Jurnalistləri Müdafiə Komitəsi “P.S.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin həbsi ilə əlaqədar bəyanatında Azərbaycanda mətbuat azadlığının durumundan narahatlığını ifadə edib.

Təşkilatın Avropa və Mərkəzi Asiya Proqramları üzrə koordinatoru Nina Oqnyanova Amerikanın Səsinə müsahibədə Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini bildirib.


“Azərbaycan hökuməti jurnalistləri fəaliyyətlərinə görə cəzalandırmaq məqsədilə onların həbsinə son qoymalıdır. “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli son aylar Azərbaycanda yazdıqları məqalələrə görə həbs edilmiş səkkizinci jurnalistdir. Azərbaycanda son iki ildə mətbuat azadlığı sahəsində vəziyyət pisləşib. Bu isə oktyabr ayından öncə mühüm xəbər və şərhlərlə tanış olmaq imkanının məhdudlaşdırılması təhlükəsi yaradır.”

Nina Oqnyanova Sərdar Əlibəyliyə qarşı ittihamları saxta adlandıraraq, bunun jurnalistin birbaşa fəaliyyəti ilə əlaqədar olduğunu bildirib. “Ona qarşı xuliqanlıq ittihamları onun redaktoru olduğu “P.S.Nota” qəzetində Əlibəylinin özü və mühacirətdə olan keçmiş siyasətçilər və ordu zabitləri tərəfindən prezidentin korrupsiya, insan hüquqlarının pozulması və avtoritarizmdə ittiham edildiyi tənqidi məqalələrin yerləşdirilməsinə görə cəzalandırmaq məqsədilə irəli sürülüb. Sərdar Əlibəyli əvvəllər də fəaliyyəti ilə əlaqədar həbs edilib. Onun budəfəki həbsi də onu susdurmaq məqsədilə edilmiş cəhddir”-deyə Nina Oqnyanova Amerikanın Səsinə bildirib.

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda mətbuatın durumunun pisləşdiyini qeyd edərək, bunun seçkidən öncə ictimaiyyətin senzuradan azad xəbərlərlə tanış olmaq imkanını təhlükə altına qoyduğunu bildirib. Nina Oqnyanova Azərbaycanda oktyabr ayında prezident seçkisindən öncə hökumət tərəfindən mətbuata qarşı təzyiqlərin artdığının müşahidə edildiyini deyib.

“Bizim bu və başqa işlərlə bağlı sənədlərimizə baxsanız, Azərbaycanda son iki ildə jurnalistlərə qarşı təqiblər və hücumların artdığını görəcəksiniz. Son bir neçə ay isə artıq belə bir tendensiya yaranıb ki, rəsmilər oktyabr ayında seçkilərdən öncə müstəqil xəbərlər və fikirlərin ictimaiyyətə çatdırılmasını istəmir,” deyə o Amerikanın Səsinə bildirib.

Nina Oqnyanova araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı təzyiq kampaniyası və onun təhlükəsizliyi məsələsinə də toxunub. “Biz dəfələrlə Azərbaycan hökumətinə Xədicənin təhlükəsizliyini təmin etmək üçün əsaslı tədbirlər görməyə və ona qarşı iyrənc kampaniyanın təşkilatçılarının qanuna müvafiq şəkildə cəzalandırılmasını təmin etməyə çağırmışıq. Biz rəsmilər və hüquq-mühafizə orqanlarını bu narahat doğuran işlə əlaqədar öz vəzifələrini yerinə yetirməyə çağırmağa davam edəcəyik,” deyə Nina Oqnyanova Amerikanın Səsinə bildirib.

Nina Oqnyanova deyib ki, beynəlxalq ictimaiyyət Azərbaycanda prezident seçkisindən öncə ölkədə hadisələrə daha çox diqqət verməli, Qərb mətbuatı hadisələri daha çox işıqlandırmalıdır. “Azərbaycanda hadisələrə daha çox yer verilməlidir, çünki bu təkcə Xəzər sahilində ekzotik ölkə kimi işıqlandırılmamalıdır. Bu avtoritar rejimin kök salıb öz idarəçiliyini təsbit etdiyi və mətbuat və toplaşmaq azadlıqları da daxil olmaqla, fundamental hüquqların pozulduğu bir ölkədir. ABŞ, Avropa və eləcə də dünya liderləri Azərbaycan rəsmiləri ilə ikitərəfli və çoxtərəfli görüşlərdə mətbuat azadlığı məsələsini gündəliyə salmalıdır. Onlar bu məsələlərin müzakirəyə çıxarılmasına təkid etməli və Azərbaycanın söz və mətbuat azadlıqları sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmalıdır”-deyə Nina Oqnyanova Amerikanın Səsinə müsahibədə bildirib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG