Accessibility links

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin yaradılmasının 70 illiyi qeyd ediləcək


Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyi, Bakı
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyi, Bakı

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru Rafael Hüseynovla müsahibə

Bu il respublikamızın mühüm elmi-mədəni ocaqlarından biri kimi tanınan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin yaradılmasının 70 illiyi qeyd ediləcək. Bu mövzuda Nizami Gənvəvi adına muzeyin direktoru, filologiya elmləri doktoru, professor Rafael Hüseynovla söhbət etmişik.

Rafael Hüseynov respublikanın mühüm elmi-mədəni ocaqlarından biri kimi tanınan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin yaradılmasının 70 illiyi qeyd edilməsinə dair Azərbaycan respublikasının prezidenti İlham Əliyevin sərəncam imzaladığını bildirdi. O, belə bir yubileyin bütün Azərbaycan mədəniyyətinin bayramı olduğunu dedi. Rafael müəllim Azərbaycan ədəbiyyatı, azərbaycan mədəniyyəti ilə müqayisədə muzeyin yaşının çox az olduğunu və az bir müddətdə Azərbaycan ədəbiyyatı müzeyinin zəngin bir xəzinəyə çevrildiyini bildirdi.

Rafael Hüseynov Nizami adına muzeyin 1939-cu ildə Azərbaycan hökumətinin qərarı ilə yaradıldığını və muzeydə təxminən 1500 illik dövrü əhatə edən ədəbi abidələr, şəxsiyyətlər barədə zəngin materiallar toplandığını dedi.O, ədəbiyyat muzeyinin açılışının 1941-ci ildə müharibənin başlanmasına görə təxirə salındığını və yalnız 1945-ci ildə müharibədən cəmi 5 gün sonra qapılarını xalqın üzünə açdığını bildirdi. Lakin açılışdan əvvəl o, muzeydə işlərin davam etdiyini və Azərbaycanın ən görkəmli xadimlərinin muzeydə çalışdıqlarını dedi.

Rafael Hüseynov Azərbaycan ədəbi-bədii irsinin öyrənilməsi sahəsində kifayət qədər iş görülübmü sualının cavabında Azərbaycanda bədii düşüncənin araşdırılmasına orta əsrlərdən başlanıldığını, Azərbaycanın bir şox təzkirəçilərinin və salnaməçilərinin bu sahədə böyük işlər gördüklərini dedi. Lakin o, bədii irsin müasir anlamda fəaliyyətə XX əsrin əvvələrindən başlandığını bildirdi və Firudin bəy Köçərli, Salman Mümtaz, Həmid Araslı, Məmməd Arif Dadaşzadə kimi alimlərin Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini araşdırdıqlarını dedi. Muzeyin direktoru 2003-cü ildə Azərbaycan prezidentinin sərəncamı ilə muzey binasının təmir edildiyini və müasir təchizatlarla təmin edildiyini bildirdi.

Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə muzey işçilərinin əməyinin dəyərləndirilməsi məsələsinə gəldikdə isə Rafael müəllim Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə muzeyin bir neçə əməkdaşına Azərbaycan Respublikasının fəxri adlarının verildiyini bildirdi.

XS
SM
MD
LG