Accessibility links

Nobel ailəsi 19-cu əsrin sonunda Azərbaycanda neft ehtiyatlarının inkişaf etdirilməsində olduqca mühüm rol oynayıb. Onların neft emalı sənayesinə gətirdiyi innovativ texnologiyalar Bakının qısa bir müddət ərzində dünyanın neft mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxardı. “Nobel qardaşları” şirkətinin Bakı neftindən əldə etdiyi yüksək gəlirlər prestijli Nobel mükafatları fondunun əsasını qoymağa imkan yaratdı.

Nobel mükafatları fondunun yaradılmasında Bakı neftinin roluna dair tarix elmləri doktoru, professor Süleyman Əliyarlı və tarix üzrə fəlsəfə doktoru, dosent Ərəstun Mehdiyevin məqaləsini xülasə ilə təqdim edirik.

Alfred Nobel

Alfred Nobel

Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə - iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel İjevsk tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. R.Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburqa gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçuda bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.

Tezliklə Nobel qardaşları başa düşmüşlər ki, neft işinin texniki təchizatını yeniləşdirmək və bu sahədə əsaslı dəyişikliklər aparmaq lazımdır. Neft sənayesində bir sıra yeni ideyaların geniş miqyasda reallaşdırılması onların adı ilə bağlıdır.

"Nobel qardaşları" şirkətinin neft yataqları

"Nobel qardaşları" şirkətinin neft yataqları

XIX əsrin 80-90-cı illərində Azərbaycan neft sənayesində mühüm mövqe tutan “Nobel qardaşları” şirkəti öz təsir dairəsini genişləndirmiş və XX əsrin əvvəlində müxtəlif sahələrə aid 20-dən çox firmanı birləşdirən ən iri konsernə çevrilmişdi. 1917-ci ildə bilavasitə Nobel konserninin tərkibinə daxil olan firmaların əsas kapitalının ümumi məbləği 130 milyon rubla, keçmiş “Oyl” trestinin nəzarəti altında olan müəssisələrlə birlikdə isə 215,6 milyon rubla çatırdı.

Nobel qardaşlarının fəaliyyətində 1875-ci ildə kiçik bir ağ neft zavodunun təməlini qoymaqla başlanmış Bakı dövrü onları bütün dünyada məşhurlaşdırmışdır. Nobel qardaşları öz fərasətləri sayəsində neft sənayesində əsaslı dəyişikliklər aparmağa, bu işi səmərələşdirərək qabaqcıl mövqe tutmağa nail olmuşlar.

Sven Lidin, Staffan Normark və Mans Ehrenberg İsveç Kral Akademiyasında kimya üzrə 2014-cü il Nobel mükafatı qaliblərini elan edirlər. 8 oktyabr, 2014.

Sven Lidin, Staffan Normark və Mans Ehrenberg İsveç Kral Akademiyasında kimya üzrə 2014-cü il Nobel mükafatı qaliblərini elan edirlər. 8 oktyabr, 2014.

Əsas istehsal bazası Bakı müəssisələrindən ibarət olan şirkətin yüksək maliyyə göstəriciləri Alfred Nobelin ölümündən sonra Nobel Mükafatları Fondunun təsis edilməsinə imkan yaratdı. 1897-ci ildə “Nobel qardaşları” şirkətinin kapitalı artıq 32 milyon rubla bərabər idi. Buna görə də Alfred Nobelin adına toplanmış məbləğin götürülməsi bu şirkətin gələcək fəaliyyəti üçün heç bir çətinlik törətmirdi.

1879-cu ildə “Nobel qardaşları” şirkəti təsis edilərkən Alfred Nobelin adına cəmi 115 min rubl məbləğində səhm alınmışdı. Şirkətin əsas kapitalının (3 milyon rubl) cəmi 3.8 faizinə bərabər olan bu rəmzi “səhm paketi”nin dəyəri 17 il ərzində artaraq 3 milyon 740 min İsveç kronuna çatmışdı.

Fondun təsis edildiyi vaxtda mərhum Alfred Nobelin bütün əmlakının dəyərinin 31 milyon İsveç kronuna bərabər olduğunu nəzərə alsaq, asanlıqla yəqin etmək olar ki, bu böyük məbləğin 12 faizdən çoxu təkcə firmanın “maliyyə dahiləri” sayəsində deyil, ilk növbədə Bakı fəhlələrinin əməyi ilə qazanılmışdır. Buna görə də isveçli tarixçi və maliyyəçi, Nobellərin ailə arxivinə giriş imkanı olmuş E.Bergenqren öz kitabında məxsusi olaraq qeyd edir ki, məhz “Nobel qardaşları” şirkəti rəhbərliyinin Alfred Nobelin vəsaitlərinin Rusiya şirkətindən mükafat fonduna verilməsi haqqında qərarı “ümumiyyətlə Nobel mükafatlarının yaranmasında həlledici amil olmuşdur”.

XS
SM
MD
LG