Accessibility links

Bloq: Nobel laureatları arasında nə qədər qadın var?


"Mən Nobel kimi insanlığın yeni kəşflərdən şərdən daha çox xeyir əldə edəcəyini düşünən insanlardan biriyəm."-Mariya Küri, ilk qadın Nobel mükafatı laureatı

Nobel mükafatlarının bu il tibb sahəsində çinli Tu Yuyu və ədəbiyyat sahəsində Belarus yazıçısı Svetlana Alekseyeviçə verilməsi ilə dünyanın ən prestijli mükafatını alan qadınların sayı 49-a çatdı.

Tibb sahəsində Nobel mükafatı laureatı Tu Yuyu
Tibb sahəsində Nobel mükafatı laureatı Tu Yuyu

1901-ci ildə təqdim edilməyə başlanandan bu günə qədər Nobel mükafatı 49 dəfə qadınlara və 825 dəfə kişilərə verilib. Bir əsrdən çox Nobel mükafatları siyahısına baxanda bir cəhət çoxlarının nəzərindən qaçmır; bu da laureatların gender əsasında qeyri-bərabər təmsil olunmasıdır.

Nobel mükafatları laureatları arasında gender bərabərsiziliyi elmi-tədqiqat sahəsində gender problemlərinin mövcudluğunu müəyyən dərəcədə əks etdirir. Laureatlar arasında bir qadının da olmadığı 2012-ci ildə müşahidəçilər Nobel mükafatını “kişilərin eksklüziv klubu”nun rəmzi kimi dəyərləndirmişdi.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Alekseyeviç
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Alekseyeviç

Fortune jurnalının bu yaxınlarda açıqladığı infoqrafik sxemlərdə Nobel mükafatı kateqoriyalarının da bərabər təmsil olunmadığı göstərilir. Məsələn, indiyə qədər qadınlar ən çox ədəbiyyat və sülh kateqoriylarında Nobel mükafatına layiq görülüb. Altı kateqoriya arasında qadınlar ən çox (12,5%) ədəbiyyat sahəsində təmsil olunub. Bunun ardınca Nobel Sülh mükafatı alan qadınlar (12,4 %) gəlir.

Fizika sahəsində mükafat alan qadınların sayı yalnız 1% təşkil edir.

Nobel mükafatı alan ilk qadın-Mariya Küri
Nobel mükafatı alan ilk qadın-Mariya Küri

Alfred Nobelin təsis etdiyi altı kateqoriyaya daxil olmayan və 1969-cu ildən təqdim edilməyə başlayan İqtisadiyyat üzrə Nobel mükafatı da yalnız bir dəfə qadına verilib. Bu, 2009-cu ildə daha bir amerikalı iqtisadçı ilə “iqtisadi idarəetmə sahəsində analizə görə” mükafata layiq görülən amerikalı siyasi-iqtisadçı Elenor Ostromdur.

Mükafatların təqdim edilməyə başladığı ilk illər o yalnız dörd dəfə qadınlara verilib. Bu mükafatların ikisi istedadçı kimyaçı Mariya Sklodovskaya Kürinin payına düşüb. O, 1903-cü ildə Nobel mükafatı alan ilk qadın olmaqla yanaşı, həm də bu prestjili mükafatı iki dəfə (1911-ci ildə kimya sahəsində) iki müxtəlif sahədə alan yeganə qadındır.

Ən gənc Nobel mükafatı laureatı Malala Yusifzai Nobel mükafatlarının təqdimarı mərasimində
Ən gənc Nobel mükafatı laureatı Malala Yusifzai Nobel mükafatlarının təqdimarı mərasimində

Sonrakı illər vəziyyət bir qədər düzəlsə də, yalnız 2000-ci ildən sonra qadınlar müxtəlif kateqoriyalarda daha çox Nobel mükafatına layiq görülməyə başlayıb. 2000-ci illə 2015-ci il arasında qadınlar 19 dəfə mükafat alıb.

Qadın Nobel mükafatı laureatlarının təmsil olunduğu ölkələrə gəldikdə, Birləşmiş Ştatlarda yüksək mükafata layiq görülənlərin 4,2 fazini qadınlar təşkil edir. Britaniyalı Nobel mükafatı laureatlarının 4 faizi qadındır.

Polşanın 8 Nobel mükafatı laureatının üçü, Norveçin isə 11 laureatının ikisi qadındır.

2014-cü ildə Nobel Sülh mükafatına layiq görülən pakistanlı təhsil hüquqları müdafiəçisi Malala Yusifzai ən gənc Nobel mükafatı laureatıdır.

Son on ildə qadın Nobel mükafatı laureatlarının sayının artması bu tendensiyanın gələcəkdə də davam edəcəyi və qadınların elmi fəaliyyətinin ən yüksək səviyyədə qiymətləndiriləcəyi ilə bağlı ümidləri gücləndirir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG