Accessibility links

Tehranda 9 min qeyri-fars uşaq farsca təhsilə hazırlıq proqramlarında


Məktəbəqədər hazırlıq proqramları

Məktəbəqədər hazırlıq proqramları

Bütün vilayətlərdə məktəbəqədər qeyri-fars uşaqlar üçün hazırlıq proqramları təşkil olunub

İranda yeni təhsil ilinin başlanmasından öncə qeyri-fars məktəbəqədər uşaqlara məxsus hazırlıq proqramları çərçivəsində Tehran vilayətində 9 min qeyri-fars uşağın bir aylıq siniflərdə fars dilində təhsil almağa hazırlaşdığı bildirilir.

Qeyri-fars cəmiyyətlərin yaşadığı bütün vilayətlərdə avqust ayından təşkil olunan bu siniflər sentyabr ayının ilk həftələrinədək davam edəcək.

Tehran vilayəti təhsil idarəsinin ibtidai təhsil üzrə müavini Məhəmməd Ehsaninin sözlərinə görə, bu proqramlara qatılan məktəbəqədər uşaqların əksəriyyəti Türk, Kürd və Lur etnik qruplarındandırlar.

İran dövlətinin rəsmi xəbər agentliyi İRNA-ya danışan Ehsani bu proqramların bütün məktəbəqədər uşaqlara ədalətli bir təhsil imkanı təqdim etmək məqsədi ilə həyata keçirildiyini söyləyib.

Tehranda hazırlıq siniflərinə qatılan 9 min uşaq Tehran vilayətində yaşayan qeyri-fars məktəbəqədər uşaqların sadəcə bir hissəsi və bundan öncə hər hansı bir məktəbəqədər proqrama qatılmamış və uşaq bağçalarına getməmiş uşaqlardan ibarətdir.

Təhsil Nazirliyi qeyri-fars bölgələrin məktəbəqədər uşaqlarına fars dilini öyrətmək üçün İran televiziyasının imkanlarından da yararlandığını bildirib.

Yayılan məlumata istinadən, bu proqramlar sərhəd bölgələrdə daha geniş şəkildə icra edilir.

Ekspertlər və beynəlxalq insan haqları təşkilatları tərəfindən nəşr edilən bəyanatlara əsasən, İranda ana dilində təhsilin olmaması qeyri-fars şagirdlərin təhsil müddətində müxtəlif çətinliklərlə üzləşmələrinə səbəb olur. Bəzi araşdırmalar həmin çətinliklər səbəbilə bir çox şagirdin təhsili yarımçıq buraxdığını bildirir.

2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi İranda qeyri-fars şagirdlərin qarşılaşdığı problemi belə izah edib: “Ölkə şagirdlərinin 70 faizi ikidillidir. Onların ana dili məktəbə girib birinci sinfi bitirdikdən sonra belə farscaya çevrilmir... Birinci sinifdə təhsil uğursuzluğu ilə üzləşən bir şagird sona qədər müvəffəqiyyət əldə edə bilməyəcək.”

XS
SM
MD
LG