Accessibility links

Novella Cəfəroğlu: Doğrudan da İsa Qəmbər belə yaşayır?


Hüquq müdafiəçisi hesab edir ki. hakimiyyət dairəsində kimlərsə vəziyyətin daha da gərginləşməsini istəyir. “Mən prezidenti başa düşə bilmirəm... Hökumət iki xalça ilə özünü uçuruma aparır”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində son hadisələrə münasibət bildirib, hökuməti müxalifətlə dialoqa başlamağa çağırıb.

Müsahibədən seçmələr:

Biz başa düşdük ki, prokurorluqla danışmaq lazımdır.

-REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsini Monitorinq Qrupu pisləyir. Onların həbsindən sonra Azərbaycandakı beynəlxalq təşkilatlarla, Amerika, Böyük Britaniya səfirliyi, Daxili İşlər Nazirliyi və b. görüşlər keçirmişik. Yaxın günlərdə Baş Prokurorluqda və Prezident Administrasiyasında da görüşlər keçirəcəyik;

- Daxili İşlər Nazirliyində dedilər ki, istintaqın gedişində məlum oldu ki, bunlar tutulmalıdır. Biz başa düşdük ki, prokurorluqla danışmaq lazımdır. Çünki istintaqı prokurorluq aparır;

Hakimiyyət dairəsində kimlərsə vəziyyətin daha da gərginləşməsini istəyir.

- Hakimiyyət dairəsində kimlərsə vəziyyətin daha da gərginləşməsini istəyir. Çünki son həbslər, qanunlara dəyişikliklər edilməsi nə siyasi, nə seçkiqabağı vəziyyət baxımdan lazım deyildi;

- Mən prezidenti başa düşə bilmirəm ki, niyə bu addımları atan adamların qarşısını almır. Seçkiyə o gedəcək, mən getməyəcəm ki... Seçkiyə prezident gedəcək. Yəni bu addımlar kimə lazımdır;

Mən prezidenti başa düşə bilmirəm...

- Siyasi müxalifətin seçkiqabağı mübarizə aparması üçün şərait var ki, deyim? İsa Qəmbər Lənkərana gedəndə maşınını saxladılar, adamlarını döydülər. Beynəlxalq təşkilatlar da bunu görür;

- Məhkəmə icraçıları İsa Qəmbərin evinə gedib, onun evini ictimaiyyətə göstərməklə hökumət İsa Qəmbəri çox gözəl təbliğ etdi. Hamı sual verir ki, doğrudan da İsa Qəmbər belə yaşayır? Kasıb yox, yəni belə?

Kasıb uşaqdır o, iki xalçanı aparmaqla bu hökumət özünü uçuruma aparır.

- Əbülfəz Qurbanlının evindən iki xalça aparmaqla bu dövlət varlı olmayacaq. Kasıb uşaqdır o, iki xalçanı aparmaqla bu hökumət özünü uçuruma aparır;

- Baş verənləri bütün bu millət görür və dəyərləndirir;

- Mən istəmərəm ki, Azərbaycan Misirin, Suriyanın gününə düşsün. Heç istəmərəm;

- Mən dialoqu sevən insanam. Hələ, yenə də gec deyil. Hakimiyyət müxalifətlə dialoqa gedib bir stol arxasında oturub (özü də ən böyük başçıları) danışsa bəlkə bu millətdə bir balaca sakitləşmə gedər;

Prezident bir söz deyir, hakimiyyətdə olanlar ayrı şey edir.

- Başlayıblar. Yavaş-yavaş işdən çıxarırlar, xoşuma gəlir. Amma bunların birini çıxarıb, birini qoymaqla camaatın güzəranı yaxşılaşmır;

- Prezidentin son bəyanatları yaxşıdır. Amma icrası yoxdur axı... Hər addım başı insan haqları pozulur;

- Prezident bir söz deyir, hakimiyyətdə olanlar ayrı şey edir. Nazirlər heç vecinə də almır heç nəyi... toy da edirlər, övladlarına xaricdə evlər də alırlar. Yəni onun müqabilində İsa Qəmbərin evini ictimaiyyətə göstərmək çox vacib idi;

Gülər Əhmədova kimdir? Gülər Əhmədova oyunçudur.

- Gülər Əhmədova qadındır. Qadının həbsə salınmasına doğrudan da ürəyim ağrıyır. Gülər Əhmədova kimdir? Gülər Əhmədova oyunçudur. Buyurublar ki, sadəcə bu işlə o məşğul olsun. 16 qadından onu seçiblər. Əgər onun 9 villası varsa, gör indi nazirlərin, məmurların nələri var?
XS
SM
MD
LG