Accessibility links

Novruz Məmmədov: Azərbaycan Amerikadan münaqişənin həlli ilə bağlı ciddi addım atmasını gözləyir


Novruz Məmmədov: Azərbaycan Amerikadan münaqişənin həlli ilə bağlı ciddi addım atmasını gözləyir

Novruz Məmmədov: Azərbaycan Amerikadan münaqişənin həlli ilə bağlı ciddi addım atmasını gözləyir

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosuna müsahibə verib

Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosuna müsahibəsində Amerika Birləşmiş Ştatları Dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunları, Azərbaycanın gözləntiləri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindən danışıb.

Sual: ABŞ Dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunlarını necə qiymətləndirirsiniz? Dövlət katibinin Azərbaycan, region və dünya ictimaiyyətinə əsas mesajları nə oldu?

Cavab: ABŞ Dövlət katibinin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizdə çox mühüm hadisələrdən biridir. Azərbaycan mustəqilliyini qazandıqdan sonra qərblə uğurlu əməkdaşlıq edən, yaxşı nəticələrə nail olan dövlətdir. Bununla yanaşı, bir sıra sahələrdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı üçün, əslində dövlət katibinin səfərini bir qədər gecikmiş də hesab etmək olar. Çünki 20 il ərzində bir dəfə də olsun Azərbaycana səfər etməmək, müəyyən mənada laqeydliyin göstəricisi kimi də qəbul edilə bilərdi. Amma, bununla belə, bu səfərin çox böyük əhəmiyyəti var və biz də, buna böyük əhəmiyyət veririk. Düşünürəm ki, iki ölkə arasındakı münasibətlərdə bu səfər zamanı aparılan danışıqlar, fikir mübadiləsi, müzakirələr öz nəticələrini göstərəcək. Burada söhbət, səfər zamanı dövlət katibinin dünyaya verdiyi mesajlardan getmir, bizim ABŞ-dan gözləntilərimizdən gedir. Biz açıq-aydın qeyd edirik ki, ABŞ-la, dünyanın bu qlobal super dövləti ilə, imkan daxilində qarşılıqlı hörmət, eyni zamanda qarşılıqlı maraqların nəzərə alınması prinsipi üzərində qurulmuş əməkdaşlıq etmək istəyirik. Çünki, ikitərəfli münasibətlərdə yol da ikitərəfli olmalıdır. Təkcə bir tərəfin deyil, digər tərəfin də maraqları nəzərə alınmalıdır. Bax, əsas məsələ budur. Son il yarımdakı prosesləri təhlil etsək, mənə elə gəlir ki, ABŞ da yaxşı anlayır ki, regionda uzunmüddətli sülhün, təhlükəsizliyin təmin olunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mütləq həll olunmalıdır. Bundan başqa, tutulan digər yolu mən düzgün hesab edə bilmərəm. Təəssüflər olsun ki, bundan başqa notlar yenə də, səslənməkdədir. Dünən The Wall Street Journal-ın baş yazarı qeyd edib ki, dövlət katibinin regiona, yəni, Cənubi Qafqaza səfəri son bir il yarımda Amerikanın regiona diqqətini, yaxud laqeydliyini konpensasiya etmək üçün idi. Mən, belə düşünmürəm, amma ola bilsin ki, burada da bir həqiqət var. Məsələ ondadır ki, son il yarımda Amerika müəyyən prosesləri izləyərək gördü ki, münaqişə həll olunsa Ermənistanın bütün problemləri də avtomatik həll olunacaq. Yox, əgər belə olmasa, onda düzgün olmur. Ermənistan-Azərbaycan danışıqlar prosesinin getdiyi yolu nəzərə alsaq, son mərhələdə danışıqlar altı ildən çox yol keçib, Praqadan başlayaraq Madrid təklifləri ilə yekunlaşıb. Bu yolu Amerika da yaxşı bilir. Azərbaycanla bağlı mövqeləri də yaxşı bilirlər. İndi, biz istəyirik ki, sülh və danışıqlar yolu ilə münaqişə həll olunsun. Lakin, bununla bağlı qərbin, beynəlxalq təşkilatların mövqe bildirməməsi, həmsədr dövlətlərin qəti mövqe bildirməməsi, qətiyyətli addım atmaması, işğalçıya müəyyən təzyiqlər göstərməməsi, əlbəttə istədiyimiz nəticəni verə bilmir və münaqişənin daim uzanmasına, regionda təhlükəsizliyin, sabitliyin daim müəyyən maneələrə rast gəlməsinə səbəb olur. Bax, məsələ bundan ibarətdir. Biz düşünürük ki, indiki dövrdə Amerika Dövlət Departamenti də bunu yaxşı anlayır. Super dövlət kimi, bu, onlardan həm də tələb olunur.

Sual: Amerikanın Azərbaycanla münasibətlərində təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya və insan haqları əsas prioritet təşkil edir. Bu sahədə əsas mesajlar nədən ibarətdir? Ümumilikdə danışıqlarda bununla bağlı hansı məsələlərə toxunulub? Blogerlərin azad olunması məsələsini də xanım Klinton qeyd etdi?

Cavab: Azərbaycanla əməkdaşlıqda Amerikanın prioritetləri, - enerji sahəsində, terrorizmə qarşı mübarizə, demokratiya və siyasi islahatların keçirilməsi, azadlıqlarla bağlı əməkdaşlıqdır. Biz də, bunları qəbul edirik. Hətta enerji, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq, bizim səylərimiz nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Demokratiya sahəsində də Amerika ilə sıx əlaqədəyik və bu sahə bizim üçün də prioritetdir. Bu prioritetlərə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsini də əlavə etmək olmazmı? Bizim üçün bu düşündürücüdür. Biz istəyirik ki, ABŞ bu qədər laqeyd olmasın, bunu da görsün, bununla da bağlı ciddi addım atsın. Enerji, terrorizmlə bağlı atdığı addımlardan bir qədər az olsun, amma münaqişənin həlli ilə bağlı da qəti addım atsın. Siz sualınızda bunu qeyd etmədiyiniz kimi, təəssüf ki, Amerikanın siyasətində də bu bəzən görünür. Amerika başda olmaqla dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli istiqamətində bundan o yana bir addım atılmır. Münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli Amerikanın beynəlxalq nüfuzunu daha da artırar. Lakin bu edilmir.

Siz sualınızda göstərdiyiniz digər mesajlarla bağlı isə, dövlət katibi çıxışında bildirib. Mənə elə gəlir ki, onlarla bağlı mənim danışmağıma ehtiyac yoxdur. Amma, biz bütün sahələrdə əməkdaşlığımızı davam etdiririk. Demokratiya sahəsində də addımlarımız düzgündür və ölkənin demokratik inkişafı üçün əlimizdən gələni edirik. Biz istəyirik ki, burada qərbin və şərqin, şimalın və cənubun etibarlı, sabit və dinamik inkişaf edən bir tərəfdaşlığı olsun. Gündə əldən-ələ keçən, tapdaq altında qalan bir münasibət istəmirik. Əsas məqsədimiz budur.

Sual: Azərbaycan hökuməti Ermənistan - Azərbaycan münaqişəsinin həlli istiqamətində Amerikadan konkret olaraq hansı köməyi istəyir və gözləyir?

Cavab: Bu köməyi biz çoxdan istəyir və gözləyirik. Əgər ABŞ bu gün dünyanın qlobal super dövlətidirsə, dünyanın bir çox yerlərində gedən proseslərə fəal müdaxilə edib, orada demokratiya qurmaq, sabitlik, təhlükəsizlik yaratmaq istəyirsə, Cənubi Qafqaz da o regionlardan biri olmalıdır. Cənubi Qafqazda Azərbaycan Amerika ilə bu qədər uğurlu əməkdaşlıq edir. Elə isə nə üçün bir tərəfə daha çox diqqət yetirmək lazımdır, digər tərəfə yox. Biz ABŞ-dan, özünün də səs verdiyi BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, özünün formalaşdırdığı beynəlxalq hüquqa uyğun olaraq addım atmağı və bu addım üzərində qəti dayanaraq münaqişənin həllində qətiyyətli olmağı gözləyirik. Azərbaycan əraziləri 20 ildən artıqdır ki, işğal altındadır, yerlə yeksan olub, daşı-kəsəyi qalmayıb, dağıdılıb. Amma, ABŞ dünya birliyinin lideri olaraq bununla bağlı qəti, konkret addım atmır. Hətta bir sıra məsələlərdə Ermənistana daha çox dəstəyi hiss olunur. Nə üçün belə olmalıdır? Biz ədaləti nisbi də olsa, az da olsa görmək istəyirik və Amerikadan bunu gözləyirik. Dövlət katibinin səfərinin yekunu olaraq da bunu gözləyirik. Elə indinin özündə də Ermənistanla-Türkiyə arasında sərhədlərin açılmasını vurğulamaq düzgün deyil. Bu günlərdə Nyu-York Times yazmışdı ki, Ağ Ev və Dövlət Departamenti fikirləşir kİ, onlar nə deyirsə, dünya üçün qanun olmalıdır. Düşünmək lazımdır, doğrudanmı bu yol yaxşı yoldur. Mən buna şübhə edirəm.

Sual: Azərbaycan prezidentinin yaxın zamanlarda Amerikaya səfərini gözləmək olarmı?

Cavab: Bununla bağlı hələ məndə məlumat yoxdur.

Sual: ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edib. Yenilənmiş Madrid sənədini Azərbaycan qəbul edib. Belə olan halda həmsədrlərin yenidən Azərbaycana gəlməsi hansı məna kəsb edir? Ermənistan yenilənmiş Madrid sənədini qəbul etdiyini bəyan etməzsə iki ölkə xarici işlər nazirlərinin növbəti görüşünün baş tutacağı mümkündürmü?

Cavab: Bu sualı Amerikaya, həmsədrlərə versəydiniz daha yaxşı olardı. Azərbaycan bəzən həmsədrlərin fəaliyyətindən narazı qalsa da, daim onlarla konstruktiv əməkdaşlıq edib və uğurlu nəticələrə gəlib çıxıb. Azərbaycanın təkliflərlə bağlı narazı olduğu məqamlar olsa da Amerika, Rusiya və Fransanın verdiyi təkliflərlə razılaşır. Amma Ermənistan heç bir iş görmür və ona hər hansı təzyiq göstərilmir. Təəssüf doğuran odur ki, qərb çox zaman Ermənistanın nazı ilə oynayır. Axı nə qədər Ermənistana yardım ediləcək, nə qədər onlar üçün lazımlı addımlar atılacaq? Əgər bəzən qərbi və Amerikanı bir adamın taleyini düşündürürsə, təbii ki, bir adamın taleyi də dünyada vacib hadisədir. Amma necə olur ki, bir adamın taleyi ilə bağlı ildə bir neçə addım atılır, amma 750 min azərbaycanlı qaçqının taleyi ilə bağlı ildə bir addım belə atılmır. Bu suala kim cavab verməlidir.

XS
SM
MD
LG