Accessibility links

Novruz Məmmədov: Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur (audio)


Novruz Məmmədov: Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur (audio)
Novruz Məmmədov: Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur (audio)

Novruz Məmmədov: Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur, həqiqi ədalət prinsipi görünmür

Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar, Azərbaycan-Amerika münasibətləri, qərb qurumlarının Azərbaycanda demokratiya çağırışları və müxalifətin son fəaliyyətindən danışıb.


Sual: Azərbaycan-Ermənistan danışıqlarında hazırda çətin anlar nədir? Danışıqların yubanmasına əsas səbəb nədir?

Cavab: Mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında münaqişənin həlli istiqamətində gedən danışıqlarda, bu gün, diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, dünya birliyi, beynəlxalq təşkilatlar, başda ABŞ və Avropa İttifaqı olmaqla bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, bunu vaxtaşırı təkrar etsələr də, Azərbaycanın ərazilərinin işğalına müəyyən mənada göz yumurlar. Bununla bağlı, beynəlxalq hüququn normaları çərçivəsində konkret münasibət bildirmirlər. Münaqişənin həlli ilə bağlı Ermənistana təzyiq göstərmirlər. Bəzən isə, əksinə, bütün bunlarla bərabər Ermənistana hətta yardımlar edilir, kreditlər verilir və s. Bunlar bu gün münaqişənin həllində əsas məsələdir. Kimin üçünsə, bu görünə bilər, kimin üçünsə görünməyə bilər, amma mahiyyət bundan ibarətdir. Eyni zamanda, buna paralel olaraq bu gün danışıqlar prosesində Minsk qrupunda üç həmsədr olduğu halda (hər üç həmsədr danışıqlar prosesində iştirak edir) amma, dövlətlərin iştirakında bir balanslaşdırma yoxdur. Yalnız, son bir il yarımda Rusiya Federasiyasının prezidenti bu proseslərdə çox fəaldır, münaqişənin həllində maraqlı olduğunu nümayiş etdirmək istəyir və bununla bağlı müəyyən addımlar atır. Lakin, bunlar da hələ bir nəticə verməyib. Digər dövlətlər, müəyyən mənada Minsk qrupunun həmsədri olsalar da kənardan müşahidə etməklə kifayətlənirlər. Mən sizə səmimi deyirəm, yalnız həmsədr təyin edilmiş şəxsin bu məsələni həll etməyə gücü çata bilməz.

Sual: Danışıqlarda Azərbaycanın ərazi bütövlüyü, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və Dağlıq Qarabağın statusu ilə bağlı razılıq əldə edilibmi?

Cavab: Ümumilikdə, hələ bununla bağlı razılaşma əldə edilməyib. Belə razılaşma əldə edilsə idi, onda heç bir problem olmazdı. Baxmayaraq ki, bütün bunlar həll edilməlidir və danışıqlar prosesində gündəlikdə olmalıdır, amma Ermənistan tərəfi, Ermənistan rəhbərləri məsələ ilə bağlı nə həmsədrlərin, nə də beynəlxalq birliyin, beynəlxalq təşkilatların onlara təzyiqini, tələbini görmür. Belə olan halda, onlar vəziyyəti saxlamaqla, danışıqlar prosesini uzatmaqla məşğul olur. Bununla da vaxt gedir.

Sual: Danışıqları hansı bəhanələrlə uzadılır?

Cavab: Onların əlində bəhanələr çoxdur. Bu erməni dövləti də, xalqı da öz tarixini saxta sənədlər üzərində qurub. Bununla bağlı, Avropada da, Amerikada da, bizim regionda da həddindən artıq ciddi mənbələr, yazılar var. Bu mənbələri, yazıları azərbaycanlılar yazmayıb. 19-cu əsrdə də, 20-ci əsrin əvvəllərində də amerikalı, rusiyalı, avropalı tədqiqatçılar yazır ki, tarix ermənilərin dediyi kimi olmayıb. Lakin, buna baxmayaraq onlar bu gün, müəyyən bəhanələri ortaya qoyur. Görün necə vəziyyət yaranır ki, Dağlıq Qarabağın müstəqillik statusunu bəhanə edərək həm Azərbaycanın 7 rayonunu əllərində saxlayırlar və bu rayonlardan guya ki, bufer zonası kimi uzun müddət istifadə etməyə çalışırlar. Bu, beynəlxalq hüquqda olmayan bir istəkdir. Söhbət ondan gedir ki, əgər bu gün dünyanın aparıcı dövlətləri - həm Amerika Birləşmiş Ştatları, həm Avropa İttifaqı, onların əsas qurumu olan NATO bu məsələlərə belə laqeyd yanaşdıqları halda, necə ola bilir ki, Liviyaya qarşı bir gündə həm yekdilliklə olmayan qətnamə qəbul edilir, həm də sanki hər bir şey hazırmış kimi, o gün də qətnamənin icrasına başlanır. Axı, Azərbaycanla bağlı da 20 il əvvəl, özü də yekdilliklə qətnamələr qəbul edilib. Nə üçün NATO Avropa ərazisində baş vermiş işğalla bağlı müəyyən söz demir, demək istəmir, amma Afrikada bunu edir, yaxud deyir. Bütün bunların hamısı, bizim tərəfimizdən çox təəssüflə qarşılanır, bizdə təəccüb doğurur. Azərbaycan belə münasibətə layiq deyil. Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə ən uğurlu layihələr həyata keçirən yeganə dövlətdir, siyasi islahatlar da aparıb, inteqrasiya prosesində də ciddi addımlar atıb, beynəlxalq terrorizmə qarşı mübarizədə çox ciddi fəaliyyət göstərib. Lakin, çox təəssüflər olsun ki, hansı səbəblərdənsə, - onların bəziləri haqqında bizdə məlumatlar da var, - bunu bu gün, görüb qiymətləndirmək istəmirlər.

Sual: Amerika-Azərbaycan münasibətlərinin bu günki səviyyəsini və perspektivlərini necə görürsünüz? Problemlər nədir?

Cavab: Amerika-Azərbaycan münasibətlərində də, mənim bayaq dediyim elementlər özünü göstərir. Biz müstəqillik qazanandan sonra ən güclü və hərtərəfli əməkdaşlıq etdiyimiz dövlət ABŞ olub. Məhz, ABŞ ilə birgə böyük layihələri həyata keçirmişik. Çox mürəkkəb bir geosiyasi məkanda böyük uğurlar əldə etmişik. Bunun haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu layihələrin həyata keçirilməsində ən böyük maraq ABŞ və Avropa İttifaqının idi. Belə maraqların da reallaşmasına qısqanclıqla yanaşanlar çoxdur. İkinci tərəfdən isə, biz bu, böyük layihələrin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirmək istədik, şərqlə-qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirmək üçün yeganə dəmir yol idi. Birdə-birə həmin o tərəflərdən bizə, mesaj gəldi ki, bu layihədə maraqlı deyilik, biz bunu istəmirik. Bu, bizi çox təəccübləndirdi. Nə üçün belə olmalıdır? Yaxud, Türkiyənin rəhbərləri 1992-ci ildən bu günədək durmadan, ardıcıl surətdə, sistemli halda bəyanat verirlər ki, onlar Ermənistanla sərhədləri ona görə bağlayıb ki, Ermənistan Azərbaycanın rayonlarını işğal edib. Lakin, Qərbdə bütün bunları bilə-bilə, birdən mövqe nümayiş etdirirlər, bəyan edirlər ki, bu düzgün deyil, məsələlər bir-biri ilə əlaqədar deyil, münaqişə ilə sərhəd məsələsini əlaqələndirməyək, sərhədlərin açılması məsləhət görülür. Bu cür standartlara heç cür normal münasibət bildirmək mümkün deyil. Biz, dünyadan ədalətli mövqe istəyirik.

Necə olur ki, böyük ərazini yerlə-yeksan edirlər, ona münasibət bildirilmir. Bu yaxınlarda bu məsələ ATƏT-in sahə qiymətləndirmə missiyasının hesabatında da əksini tapıb. Bütün ərazi tamamilə dağıdılıb. Orada 760 min insanın hüquqları tamamilə pozulub, qaçqın və köçkün vəziyyətinə düşüblər. Lakin, onlar haqqında bir dəfə belə, güclü, qətiyyətli, beynəlxalq hüquq çərçivəsində bəyanat verilməyib. Amma, 250-300 nəfərin şəhərin izdihamlı, insanların toplaşdığı yerlərə provokasiya xarakterli addımlarla çıxmasına, o dəqiqə Avropa İttifaqı ilə ATƏT birləşib bəyanat verir. Bu məsələlər bizi çox düşündürür, çox təəssüfləndirir və çox təəccübləndirir. Mərdi qova-qova, namərd etməzlər. Bu, çox mühüm məsələdir. Amma, çox təəssüf ki, bu gün bir çox addımlara hərtərəfli qiymət verəndə, onların nə qədər ədalətsiz olduğu göz qabağına gəlir. Belə olan halda, münasibətləri daha da genişləndirmək, daha da dərinləşdirmək, strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq çətin olur. Bizim dünyadan, ABŞ da başda olmaqla beynəlxalq birlikdən bircə istəyimiz var idi. Bu münaqişənin həlli istiqamətində bizə, bir qədər normal kömək etsinlər. Mən şəxsən, öz mövqeyimi deyirəm, 20 ildir bunların heç birini etmirlər. Bundan sonra, məmur Novruz Məmmədov olmasın, Azərbaycanın küçələrində taksi sürən bir sürücü, ya bir fəhlə, ya bir müəllim, həkim, mühəndis olsun. Axı, burada böyük biliklərə malik olmaq lazım deyil, böyük təhlillər aparmaq lazım deyil. Bunların hamısı göz qabağında olan bir haldır. Zəngilanlı, Ağdamlı, Qubadlılı, Kəlbəcərli, Füzulidən olan bilir ki, bu onun torpağıdır. Buraya Ermənistanın heç bir iddiası yoxdur, ola da bilməz. Amma, dünya birliyi bu insanların hüquqlarını müdafiə etmək üçün heç nə demir.

Əksinə, bura göndərdiyi beynəlxalq qeyri hökumət təşkilatları, burada başqa maraqlar uğrunda çarpışır, hesabatlar yazır və sair. Sualınıza mən sualla cavab verirəm. Belə olan halda biz, necə etməliyik ki, yenə də bu münasibətlər daha da inkişaf etsin? Bu münasibətlərin inkişaf etməsi üçün Azərbaycanın gördüyü işləri düzgün qiymətləndirmək lazımdır. Təbii ki, nöqsanları tənqid etmək lazımdır. Nöqsanlar var, biz bunu da etiraf edirik.

Amma, nöqsanları da aradan qaldırmaq üçün xoş məram, normal münasibət, ədalətli mövqe olmalıdır. Görülən işlərin üzərində fundament qurmaq lazımdır. Yoxsa, onların üzərindən xətt çəkib, onları görməməzliyə vurub, hansı tərəfdənsə qarışdırmaq lazım deyil. Yenə də deyirəm, onlar da bilir, burada olan diplomatik korpus da çox yaxşı bilir, biz də yaxşı bilirik ki, küçənin ortasında 200-300 adam, özü də müxtəlif yerlərdə yığışıb. Məsələ burasındadır ki, əgər mövqe bildirmək istəyirsən, bir qurum kimi, palata kimi, partiya kimi, yığ tərəfdarlarını bir yerə, hamısı yığışsın, mövqeyini orada bildir. Görünsün ki, kim arxandadır, kim nə deyir və sən nə deyirsən. Amma, şəhərin müxtəlif yerlərində 10-15 nəfərlə provokasiya etmək, insanları bir yerə toplamaq əvəzində yaymaq, buna nə cür aksiya adı vermək olar. Sənə verilən yerə də getmirsən, pis yer olsa da, yaxşı yer olsa da. Bunun əvəzində, buradakı diplomatik korpusun nümayəndələrinin, bundan bir gün sonra yığışıb söhbət aparması, danışılar aparması, şəffaflıq deyilən yerdə nədən danışdıqlarının bilinməməsi birmənalı qəbul edilə bilməz. Mən çox təəssüf edirəm ki, bu qədər görülən işlərin fövqündə, ümumiyyətlə qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur və həqiqi ədalət prinsipi görünmür.

Sual: Qərb və Amerika institutları Azərbaycanda demokratiya, insan hüquqları, azad seçki, toplaşmaq, mətbuat, fikir azadlığı barədə tənqidlər səsləndirir. Bu çağırışlara münasibətiniz necədir? Təbii ki, Azərbaycan iqtisadi və biznes çağırışları ilə bağlı münasibət bildirib.

Cavab: Birincisi qərb alimləri, siyasətçiləri, mütəxəssisləri bilməlidir ki, hər bir dövlətin, xalqın özünün demokratik inkişaf yolu olmalıdır. Bunu xalqın özünəməxsus xüsusiyyətlərini, öz tarixi identikliyini saxlaması ilə həyata keçirmək ən düzgün yoldur. Yəni, bu bir qəlib deyil ki, hamı Avropanın, Amerikanın getdiyi yolu tam təqlid etsin. Bunu düşünənlər səhv düşünürlər. İkincisi, demokratiya deyəndə, burada söhbət fundamental dəyərlərdən gedirsə, dünyada tarixən, hələ min il bundan qabaq demokratiya sözü olmayanda belə, ədalət prinsipi olub. Ədalət fundamental dəyərlərdən biridir və birincisidir. Bu gün bütün dünya üçün də, demokratiyadan daha birinci ədalət prinsipidir. Lakin, əgər bu institutlar, bu təşkilatlar ən mühüm dəyərin üstündən xətt çəkib, tapdalaya-tapdalaya, başqa dəyərləri siyasi maraqları üçün istifadə edirsə, bunu başa düşmək olmur. Çox təəssüf ki, bu gün həmən o, sizin dediyiniz dəyərlər haqqında söhbət açanda, onları bir siyasi instrumentə çevirmək meylləri daha güclü görünür. Bu indi də görünür, gələcəkdə də görünəcək və buna qiymət veriləcək. Bu gün bunun qabarıq şəkildə nümayiş etdirilməsinə, mənim özüm çox qabarıq şəkildə təəccüb edirəm.

Sual: Təbi ki, Heydər Əliyev konstitusiyasında Azərbaycan prezidentliyində iki dəfədən çox qalmamaqla bağlı bənd var idi. Eyni zamanda, prezident Heydər Əliyev müxalifətin ölkənin müxtəlif yerlərində və meydanlarında mitinqlər keçirməsi üçün göstəriş vermişdi və mitinqlər də keçirilirdi. Bu gün Heydər Əliyev konstitusiyasından iki dəfədən artıq prezident olmamaqla bağlı müddəa çıxarıldı və müxalifətə onların istədiyi müvafiq yerlərdə mitinq keçirməyə icazə verilmir. Eyni zamanda, jurnalistlərin fiziki təzyiqlərə məruz qalması ilə bağlı araşdırılar da başa çatmır. Bunlara münasibətiniz necədir?

Cavab: Mən sizə artıq dedim. Siz, müxalifətlə bağlı hər hansı hadisə olanda, onun araşdırılmasını istəyirsiniz. Mən isə ərazilərin 20 ildən artıq işğalda qalmasının araşdırılmasını istəyirəm. Siz, buna fikri verməyəndən sonra, məndən nəyi tələb edə bilərsiniz? Siz, bir milyon insanın taleyi ilə bağlı fikir bildirməyəndən sonra, onda nəyin araşdırılmasını istəyirsiniz? Bu bir tərəfdən, digər tərəfdən, sizə bilmirəm, xoruz lazımdır, yoxsa quyruğu? Müxalifətin aksiya keçirməsi üçün, ona yerlər təklif edilib və verilib. Hansı ölkədə, məgər ABŞ-da müxalifətin istədiyi yerdə deyirlər, get aksiya keçir?

Dünyanın heç bir ölkəsində bu yoxdur. İkincisi, heç olmasa burada bir səfir, diplomatik korpusun bir nümayəndəsi deyərdi ki, ay qardaş, Fəvvarələr meydanı aksiya keçirmək yeri deyil. Yaxud, hansısa bir Nizami küçəsi aksiya keçirmək yeri deyil. Axı, bunları görə-görə, bilə-bilə buna göz yumub, buna siyasi rəng verib, məna verib, bu cür dünyaya təqdim etmək düzgün deyil. Dünyaya bu gün bir təqdimetmə vasitəsi var, o da qərbin KİV-ləridir. Axı, bu düzgün deyil, bu ədalətli deyil. Bax, söhbət də bundan gedir. Bax, qaraya ağ deyib, camaatın beyninə yeritmək düzgün deyil. Yenə də deyirəm, bütün bunlara ədalətli münasibət olmalıdır. İnsanların hüquqları üçün də, azadlıq üçün də, demokratiya üçün də bizim konstitusiyada bütün müddəalar var, yazılıb. İkinci tərəfdən, siz dediniz iki dəfədən çox seçilmək. Necə ola bilir ki, hansısa bir ölkədə beş dəfə seçilənə Avropa İttifaqından təbrik məktubu gedir? Siz, buna necə cavab verə bilərsiniz? Necə olur bu? Mən ad çəkmək istəmirəm. Biz bir-birimizlə bağlı belə söhbətlər deməli deyilik. Ancaq, bunu mən başa düşməliyəm. Qoy, qərbdə buna cavab versinlər? Amma, cavab vermirlər. Mən yenə demək istəyirəm. Əgər, ədalət prinsipi pozulursa, demək dünyada bütün prinsiplər pozulur, bütün dəyərlər tapdanır. Bunu etmək lazım deyil.

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovu Twitter-də izləyə bilərsiniz: www.twitter.com/NovruzMammadov

XS
SM
MD
LG