Accessibility links

Novruz şənlikləri davam edir [Video & Fotoqalereya]


Bu il Novruzda İrandan çoxsaylı turist gəlib

Azərbaycanda Novruz bayramı münasibəti ilə təşkil edilən el şənlikləri davam edir. Şənliklər ənənəvi olaraq Bakıda Qala Qapısından başlayır, İçəri Şəhər mərkəz olmaqla ölkə boyunca yayılır.

Novruz Şimal yarımkürəsində astronomik yazın gəlişi, gecə-gündüz bərabərliyi günündən başlayır. Azərbaycan xalqı qədim zamanlardan başlayaraq bu günləri, yəni baharı - yeni ilin gəlişini şənliklərlə qarşılayır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib və 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

Bu gün Bakıda davam edən el şənliklərində müxtəlif ansambllar çıxış edib, baharı tərənnüm edən qədim xalq mahnıları oxunub.

Kəndirbazlar kəndir üstündə hoppanır, kosa və keçəl meydan boyu dolaşır. Qara zurna yenə zilə çəkir, insanlar qol götürüb oynayır.

İşəri Şəhərdə və Qala divarları qarşısında çoxsaylı yarmarkalar təşkil edilib. Xalq sənətinin müxtəlif nümunələri insanlara təklif edilir.

Bakının küçələri Novruzu Azərbaycanda qarşılayan turistlərlə doludur. Paytaxta və ölkənin müxtəlif regionlarına on minlərlə turist gəlib. Şənliklərdə də yerli əhalidən çox turistlər gözə dəyir. Əksəriyyət isə İrandan, Cənubi Azərbaycandadır.

Doğrudur, Rusiyadan, Ukraynadan, İraqdan, Orta Asiyadan və ərəb ölkələrindən də turistlər var. Amma əksər çoxluğu təşkil edən İranda yaşayan azərbaycanlılardır. Onlar Novruzu Azərbaycanda daha xoşbəxt və azad qarşıladıqlarını deyir. “Öz vətənimizdir, necə ola bilər”, təbrizli turist Amerikanın Səsinə bildirib.

Yerli sakinlər də Novruzu şən qarşılayıb. Amma bazarda qiymətlər bir az kisələrinə uyğun deyil.

“Bayramda şənlənə bildik. Amma, qiymətlər çox bahadır, pensiyamıza uyğun deyil”, Bakı sakinlərindən biri Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG