Accessibility links

Məhəmməd Əmin Rəsulzadənin 131 yaşı tamam olub [Rəsulzadənin müraciəti- Audio & Fotoqalereya]


 Məhəmməd Əmin Rəsulzadənin 131 yaşı tamam olub

Məhəmməd Əmin Rəsulzadənin 131 yaşı tamam olub

Müxalifət partiyaları Rəsulzadənin abidəsi önündə bayram mitinqləri keçirib

Yanvarın 31-də Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının əsasını qoyanlardan biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131 ili tamam olur.

Bu münasibətlə M.Ə.Rəsulzadə ideyasının davamçıları olan müxalifət partiyaları onun Bakının Novxanı kəndindəki abidəsi önündə bayram mitinqləri keçirib.

İlk öncə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) fəalları abidəni və M.Ə.Rəsulzadənin Novxanı qəbiristanlığında dəfn olunan yaxınlarını ziyarət ediblər.

Daha sonra Müsavat Partiyası fəalları və tərəfdarları abidə önünə toplaşıblar.

Partiyanın başqanı Arif Hacılı və keçmiş başqan, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər mitinqdə çıxış edib. İ.Qəmbər 2015-ci ili “mühüm dəyişikliklər ili” adlandırıb. Demokratiya uğrunda mübarizənin bu il də davam edəcəyini deyərək, qarşıdakı parlament seçkilərinə işarə edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı M.Rəsulzadə irsinə rəsmi Bakının biganə münasibətindən bəhs edib.

Sonda, Milli Şuranın üzvləri abidə önündə mitinq keçirib. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hakimiyyəti ölkədə fundamental azadlıqlara hörmət etmədiyinə görə kəskin tənqid edib.

“Rəsulzadəyə bu hakimiyyətin münasibəti nankorluqdur. Çünki onun qurduğu dövlət olmasaydı bunlar indi əldə etdiklərinə nəsib ola bilməyəcəkdilər. Rəsulzadə gənc yaşlarından bütün həyatını Azərbaycana, Azərbaycan xalqına həsr edib. Onun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb”, Kərimli qeyd edib.

AXCP sədri bildirib ki, Rəsulzadəböyük dövlət xadimi, filosof, öz dövrü üçün çox irəli getmiş şəxsiyyətdir. “Xalqı onunla fəxr etməyə haqlıdır. Rəsulzadə ideyaları bu gün de aktual və yaşayır”.

Milli Şura sədri Cəmil Həsənli M.Rəsulzadənin fəaliyyəti haqda ətraflı danışıb. O M.Ə.Rəsulzadəni “öz dühasını müstəqil dövlət qurmağa həsr edən dahi” kimi dəyərləndirib.

“Bu gün Rəsulzadə başda olmaqla qurucu babalarımızın ucaltdığı bayrağın kölgəsinə sığınmışıq. Bu bayraq millətimizin yolunu dünən də göstərib, bu gün də göstərir, sabah da göstərəcək. Rəsulzadə bir kənddən çıxdı, bir millətin ideoloquna çevrildi, bir dövlətin qurucusu oldu”, o qeyd edib.

Cəmil Həsənli Rəsulzadənin bir ideoloq, ictimaiyyət və dövlət xadimi kimi, o dövrün müxtəlif illərindəki fəaliyyətindən və dövrünün ictimai-siyasi həyatına yön verən addımlarından danışıb.

M.Rəsulzadə fəaliyyətinin araşdırıcılarından Teyyub Qurban “ulu öndər” anlayışının ancaq M.Rəsulzadəyə aid olduğunu bildirib.

“Əmr və qərarlarla heykəlləri qoyulan şəxslərin yox, heykəlləri qəlblərdə tikilən M.Rəsulzadələrin ideologiyası əbədi yaşayacaq və qalib gələcək”, o qeyd edib.

M.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarından siyasi fəaliyyətə başlayıb. 19 yaşında ikən “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradıb. O vaxtın qəzetlərində milli dərkin güclənməsinə əsas olan məqalələrlə çıxış edib.

1904-cü ildə M.Rəsulzadəni Stalinlə tanış edirlər. Stalin M.Rəsulzadənin başçılıq etdiyi dərnəyi bolşevik mübarizəsi cərgələrinə qoşmağa can atıb. Daha sonra M.Rəsulzadə Bakıda həbsə alınan Stalinin həbsdən qaçırılmasında önəmli rol oynayır.

M.Rəsulzadə “Hümmət” təşkilatının yaradıcılarından biridir. Onun redaktorluğu ilə “Hümmət” qəzeti nəşrə başlayır. 1904-1909-cu illər ərzində M.Rəsulzadə daha çox milli-maarifçilik cəbhəsində yazıları ilə fəaliyyət göstərib.

1909-cu ildən çar Rusiyası M.Rəsulzadəyə təzyiqlərə başlayır və M.Rəsulzadə İrana gedir. İranda məşrutə inqilabının rəhbəri əfsanəvi Səttarxanla görüşür. İranda “Yeni İran” qəzetini nəşr edir. Elə həmin il bir qrup azərbaycanlı ziyalı ilə İranda İran Demokrat Partiyası yaradır. Çar Rusiyasının təzyiq ilə M.Rəsulzadə 1911-ci ildə İrandan çıxmağa məcbur olur. Elə həmin il bir qrup tərəfdaşı ilə Müsavat Partiyasını qurur. 1913-cü ildən Müsavat Partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir.

M.Ə.Rəsulzadənin bu dövrdəki çıxışlarında qaldırdığı “Azərbaycan ideyası” və “Azərbaycana muxtariyyət” şüarı İranda böyük narazılığa səbəb olur. 1918-ci il mayın 27də Gürcüstanda Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını (AMŞ) yaradır. Elə həmin il mayın 28-də M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycan İstiqlalını elan edir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti təşkil edilir. Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu 1918-20-ci illərdə M.Rəsulzadə dövlətin güclənməsi yönündə fəaliyyət göstərir. 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən rus-erməni hərbi birliklərindən azad edilir və paytaxt olur.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı istila edəndən sonra təqib və həbslərə məruz qalır, daha sonra Moskvaya aparılır və bir müddət burada nəzarət altında yaşayır.

1922-ci ildə Finlandiyaya, oradan isə Türkiyəyə mühacirət edir. Ömrünün sonuna kimi, yəni 1955-ci il martın 5-nə kimi müxtəlif xarici ölkələrdə yaşamağa məcbur olur və Azərbaycan uğrunda mübarizəni son nəfəsinə kimi davam etdirir.

XS
SM
MD
LG