Accessibility links

Nəqliyyat nazirinin oğlunun iddiası ilə Azadlıq və Yeni Müsavat qəzetləri cərimələnib


Nəqliyyat nazirinin oğlunun iddiası ilə Azadlıq və Yeni Müsavat qəzetləri cərimələnib
Nəqliyyat nazirinin oğlunun iddiası ilə Azadlıq və Yeni Müsavat qəzetləri cərimələnib

İş adamı Anar Məmmədov qəzetlər qarşı “Kəmaləddin Heydərovun ayısını yedilər”, “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrlə bağlı iddia qaldırıb.

Bakının Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Turan Agentliyinin məlumatına görə, prosesdə çıxış edən Anar Məmmədovun nümayəndəsi Nihat Axundov “Azadlıq” qəzetinin 01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”, “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat” qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində onun şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini, buna görə də cavabdehlərin Anar Məmmədovdan üzr istəyərək təkzib verməsi və onlardan müştərək olaraq 500 min manat tutularaq Buzovna qəsəbəsində yerləşən 9 saylı ruhi-əsəb, əlil və qocalar evinə verilməsi barədə qərar çıxarmasını xahiş edib. Bu zaman məhkəmə iclas zalına daxil olan “Yeni Müsavat” qəzetinin nümayəndəsi Vaqif Hüseynlə hakim arasında mübahisə yaranıb. Belə ki, işə mahiyyəti üzrə baxıldığını görən Vaqif Hüseyn bunun qanunsuz olduğunu hakimin diqqətinə çatdırdı. O, hazırlıq iclası ilə bağlı heç bir qərar olmadan işə mahiyyəti üzrə baxılmasını qərəzli və hakimin sifarişlə hərəkət etdiyinin göstəricisi olduğunu deyib. Hakim Vaqif Hüseynə söz verilmədən danışdığını və prosesin gedişinə mane olduğunu əsas gətirərək onun 50 manat cərimə olunduğunu bildirib və dərhal məhkəmə çıxışlarına keçirilməsi ilə bağlı qərar qəbul edib. Vaqif Hüseyn bu qərara etiraz olaraq məhkəmə zalını tərk edib.
Müşavirədən sonra hakim iddianın qismən təmin edildiyini bildirib. Belə ki, məhkəmə iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat təzminat ödəmələri ilə bağlı qərar çıxarıb.
“Azadlıq” və “Yeni Müsavat” qəzetləri Azərbaycanın ən çox oxunana qəzetləridir. Hər iki qəzet muxalifətyönümlüdür.

XS
SM
MD
LG