Accessibility links

Nüsrət İbrahimov: Azərbaycanda tikililərin 60 faizinin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur


Nüsrət İbrahimov: Azərbaycanda tikililərin 60 faizinin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur

Nüsrət İbrahimov: Azərbaycanda tikililərin 60 faizinin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur

Bakı şəhəri üzrə ilkin mənzil bazarında bir kvadratmetrin qiyməti 800 dollara, təkrar mənzil bazarında bir kvadratmetrin qiyməti 1300 dollara yaxındır. Şəhərin mərkəzində, birinci zonada bir sot torpaq 250-280 min, ikinci zonada 120-130 min, üçüncü zonada 22-24 min, dördüncü zonada 4500-5000 dollardır.

M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov Amerikanın Səsi radiosuna müsahibəsində daşınmaz əmlak bazarında mövcud durum, bazarda aktivlik, ölkədəki qanunsuz tikililər, vəziyyətdən çıxış yolları barədə danışıb.

Sual: Azərbaycanda daşınmaz əmlak bazarında son durumu necə qiymətləndirirsiniz? Artım, yaxud azalma var?

Cavab: 2009-cu illə müqayisədə artım var. Təxminən 18-20 faiz aktivlikdə artım var. Doğrudur, qiymətlərdə hələ artım yoxdur, stabilləşməyə doğru gedir. 2010-cu ili 2009-cu illə müqayisə edəndə, bazarın aktivliyində stabilləşmə 16-18 faiz təşkil edirdi. Qiymətlərdə 2010-cu ildə 7,8 faiz azalma var idi. 2011-ci ilin altı ayında isə qiymətlərdə cəmi 3 faiz azalma olub. Paralel olaraq satışın həcmində artım qeydə alınıb. Yəqin ki, 2011-ci ilin sonu, 2012-ci ilin birinci yarısında bazarda tam stabilləşməni müşahidə etmək mümkün olacaq.

Sual: İlkin və təkrar mənzil bazarında 1 kvadratmetr sahənin qiyməti neçəyədir?

Cavab: Bu gün Bakı şəhəri üzrə ilkin mənzil bazarında bir kvadratmetrin qiyməti 800 dollara, təkrar mənzil bazarında bir kvadratmetrin qiyməti 1300 dollara yaxındır.

Sual: Torpaq bazarında vəziyyət necədir?

Cavab: Torpaq bazarında aktivlik hələ aşağıdır. Amma, paytaxtın kənar hissələrində aktivlik qeydə alınır. Şəhərin mərkəzi hissəsində satılan torpaqlar çox azdır. Yalnız, burada torpaqlar kommersiya məqsədi ilə satılır. Şəhərin mərkəzində, birinci zonada bir sot torpaq 250-280 min, ikinci zonada (biznes zonası) 120-130 min, üçüncü zonada (kənarlar, Əhmədli, mikrorayonlar, Yeni Yasamal və s) 22-24 min, dördüncü zonada isə 4500-5000 dollardır.

Sual: Azərbaycanda hazırda nə qədər qanunsuz hesab edilən tikililər var? Bu tikililərin qeydiyyata alınması prosesi niyə gecikir?

Cavab: Birinci, aydınlaşdırmaq lazımdır ki, qanunsuz tikili nəyə deyilir. Azərbaycan qanunvericiliyinə görə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan tiklilərin hamısı qanunsuz sayılır. Hazırda, ölkədəki bütün tikililərin demək olar ki, 60 faizinin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Bəli, tikililəri belə kütləvi şəkildə qanunsuz hesab etmək olar. Bəlkə də, bu tikililər ümumi tikililərin 60 faizindən də çoxdur.

Sual: Rəsmi şəxslərin dediyinə görə, yalnız Bakıda 400 min qanunsuz tikili, o cümlədən 6000 qanunsuz mənzil, 600 qanunsuz çoxmərtəbəli ev var. Qanunsuz tikili problemini həll etmək üçün hökumət nə etməlidir?

Cavab: Ümumən, Azərbaycanda 1 milyon 800 minədək tikili var. Onun 700 mini Bakı şəhərində yerləşir. Bu tikililərin isə əksəriyyətinin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Bəzi insanların əlində ilkin sənəd, yəni bələdiyyələrin qərarı, bəzilərinin əlində torpağa bələdiyyələrin alqı-satqı sənədi, bəzilərinin əlində layihə - cizgi sənədləri, bəzilərinin əlində qeydiyyat sənədi, bəzilərinin tikintinin bir hissəsinə sənədi var, bəzi tikintilərlə sənədlər arasında isə uyğunsuzluq var. Bir sözlə, əksər sənədlər qanunvericiliyə və real tikintiyə uyğun deyil. Vəziyyətdən çıxış yolu birdir. Yəni, əhalinin əlində olan bütün tikililərin hamısını invertarlaşdırmaq və siyahıya almaq lazımdır. Bundan sonra, həmin siyahı analiz edilib, qiymətləndirilməlidir. Hansı tikilər infrastruktur layihələrinin üzərinə düşürsə, onları bir kənara qoyulmalıdır. İnfrastruktur layihələrinin üzərinə düşməyən bütün tikililərin siyahısı tərtib olunub yüksək rəhbərlik səviyyəsində təsdiq edilməlidir. Həmin tikililərin hamısına reyestrdən çıxarış və mülkiyyət hüququnu təsdiq edən sənəd vermək lazımdır. Bununla yanaşı, bundan sonra sənədsiz tikilinin aparılmasına sərt qadağa qoyulmalıdır. Təəssüf ki, hökumət bunları etmir. Bir zaman dedilər ki, inventarlaşma başlandı, amma nə ilə başa çatdı hələ bilinmir.

Sual: Eyni zamanda, sənədləşmə prosesi o qədər uzun sürür ki, insanlar nəhayətdə bezir. Bəzən insanlar bir neçə il çalışır, amma nəticə əldə edə bilmir?

Cavab: Dediklərinizlə razıyam. Azərbaycanda nümunə üçün bir qurum var. Bu, Vergilər nazirliyinin vahid pəncərə sistemi ilə işləyən Hüquqi Şəxslərin Qeydiyyat Departamentidir. Burada sənədləri təqdim edirsən, özləri insanlara kömək edir, lazım olan sənədləri doldurur və üç gün müddətində qeydiyyat prosesini başa çatdırır. Yəni, gözəl nümunəvi bir sistemdir. Bu sistemi həm Dövlət Sosial Fondunda, həm Daşınmaz Əmlakın Reyestri Xidmətində, həm də Torpaq Komitəsində yaratmaq olar. Vətəndaş ərizə ilə bir pəncərəyə müraciət etməlidir və sonra digər prosesləri dövlət məmurları həyata keçirməlidir. Üç gün müddətində vətəndaş dövlət rüsumlarını ödəyib sənədini almalıdır. Bunun üçün sadəcə istək lazımdır.

Sual: Bəs, niyə yaradılmır?

Cavab: Mən, bunun niyə yaratmadığının səbəbini deyə bilmərəm. Yəqin ki, zaman lazımdır. O zaman nə vaxtsa gələcək və onda bunu edəcəklər.

XS
SM
MD
LG