Accessibility links

Nyu Hempşir seçiciləri praymeridə səs verir


ABŞ-ın Nyu Hempşir ştatında soyuq hava şəraitinə baxmayraq, seçicilər Demokrat və Respublikaçılar partiyalarından prezidentliyə namizədlərin seçki kampaniyasının gedişini müəyyənləşdirəcək praymeridə səs verir.

"Mən Donald Trampa səs vermişən. Onun siyasi baxışları xoşuma gəlir"-deyə ştatın ən böyük şəhəri olan Mançesterin sakini Kith Lenon bildirib.

Ştatda gecə qar qasırğası nəticəsində yağan 20 santimetr hündürlüyündə qar hərəkəti çətinləşdirib.

Lorreyn Buman səs verdikdən sonra nahar edir. O deyir ki, soyuq hava şəraiti insanların səsverməsinə mane olmur.

"Adam çox idi, amma növbə tez keçirdi. Mən seçimimi çox bəyənirəm. Mən Hillari Klintona səs vermişəm. Məndə heç vaxt buna şübhə olmayıb, o möhtəşəmdir"-deyə o bildirib.

Demokrat namizəd Hillari Klinton
Demokrat namizəd Hillari Klinton

İlkin nəticələr

Ştatın əhalisi az olan üç kiçik şəhərində səslər artıq sayılıb.

Ohayo ştatının qubernatoru Con Keysik Diksvil Notç şəhərciyində iki səs qarşılığında üç səslə milyarder Donald Tramp üzərində qələbə çalıb. Vermont ştatından senator Berni Sanders demokratlar üçün bütün dörd səsi alıb.

Keysik və Sanders Harts-Lokeyş şəhərində də qələbə çalıb.

Keçmiş dövlət katibi Hillari Klinton Millsfild şəhərində Sandersdən irəliyə çıxıb, Texas ştatından qubernatoru Ted Kruz isə burada Donald Tramp üzərində qələbə çalıb.

Demokrat namizəd Berni Sanders
Demokrat namizəd Berni Sanders

Səsvermə məntəqələrinin açılmasından sonra keçirilən rəy sorğuları Sandersin Demokrat partiyasından yarışlarda Klintondan bir qədər irəli olduğunu göstərib.

Respublikaçılar partiyasından namizədlər arasında isə Tramp böyük üstünlüklə irəli gedir. Trampdan sonra ikinci yer uğrunda partiya establişmentinə mənsub olan bir neçə namizəd arasınd gərgin mübarizə gedir.

Səsləri qazanmaq üçün son cəhdlər

Həyat yoldaşı, keçmiş prezident Bill Klintonla birlikdə seçicilərlə görüşən Hillari Klinton onlara belə müraciət edib: "Hələ də fikrini müəyyən edə bilməyənlər, ümid edirəm ki, mənə dəstək verəcəksiniz."

Özünü demokrat sosialist adlandıran və sosial proqramların genişləndirilməsinə çağıran Sanders də Mançesterdə kampaniya aparıb. O, iqtisadi bərabərsizlik mövzusu ilə bağlı müzakirələri davam etdirib.

"Milyonlarla ailələrin uşaqlarını çətinliklə kollecə göndərə bilməsi düzgün deyil. İnfrastrukturumuzun dağılması düzgün deyil. 29 milyon amerikalının tibbi sığortası olmaması, o birilərinin isə kifayət qədər sığortalanmaması düzgün deyil"- deyə o bildirib.

Sandersin onun təmsil etdiyi Vermont ştatı ilə qonşu olan Nyu Hempşirdə qələbə çalacağı gözlənilir. Klinton ölkə üzrə rəy sorğularında irəlidə olsa da, Sandersin də reytinqləri son zamanlar qalxır.

Tramp və Buş arasında atmacalar

Respublikaçılar partiyasından namizədlər arasında irəlidə gedən Donald Tramp Florida ştatının keçmiş qubernatoru Ceb Buşa qarşı atmacalar söyləyib.

Respublikaçı namizəd Donald Tramp
Respublikaçı namizəd Donald Tramp

"Ah bu bacarıqsız Buş. Şirkətiniz olsa onu işə belə götürməzsiniz. O elə bil uşaqdır, ərköyün bir uşaq"-deyə Tramp seçicilərlə görüşü zamanı bildirib.

Daşınmaz əmlak maqnatı Tvitter hesabında da Buşa qarşı hücumlar edərək, onu "ümidsiz", "zəif" və Nyu Hempşirdə reklamlara milyonlarla dollar sərf etdiyi üçün "yazıq" adlandırıb.

Nyu Hempşirdə yaxşı göstəricilərə nail olmaqla kampaniyasını canlandırmağa ümid edən Buş Tvitterdə Trampa cavam verərək, "Sən təkcə uğursuz deyil, həm də yalançı və ah-vayçısan" yazıb.

Respublikaçı namizəd Ceb Buş
Respublikaçı namizəd Ceb Buş

Qələbə uğrunda gərgin mübarizə

Buş Respublikaçılar partiyasının estabişmentinin nümayəndələri arasında Nyu Hempşirdə səsverməyə böyük ümid bağlayan bir neçə namizəddən biridir. Nyu Hempşir sakinləri keçən həftə kokusun keçirildiyi Ayovadan fərqli olaraq daha çox mərkəzçi namizədlərə meyl göstərir.

Respublikaçı namizəd Marko Rubio
Respublikaçı namizəd Marko Rubio

Bu qrupa Nyu Cersi ştatının qubernatoru Kris Kristi, Ohayo ştatının qubernatoru Con Keysik və Florida ştatından senatoru Marko Rubio daxildir.
Ayovada yüksək göstəricilərə malik olaraq üçüncü yerə çıxan Rubio namizədlərin son debatında tənqidlərlə qarşılaşıb.

Onun rəqibləri olan Kristi, Buş və Tramp Florida qubernatorunun kifayət qədər təcrübəyə malik olmadığı üçün prezidentliyə hazır olmadığını deyib.

Nyu Hempşirdə seçkidə gərgin mübarizə aparan namizədlərdən biri də Texas qubernatoru Ted Kruzdur.

Respublikaçı namizəd Ted Kruz
Respublikaçı namizəd Ted Kruz

Ayovada yevangelist xristianların böyük əksəriyyətinin dəstəiyini alan Kruz Nyu Hempşirdə daha az dindar olan seçicilərlə qarşılaşır.

Səslərini kimə verəcəyini müəyyən etməyən seçicilər

Hələ də səslərini kimə verəcəyini müəyyən etməyən çox sayda seçici var.
Monmaut universitetinin apardığı sorğuya əsasən, respublikaçı seçicilərin yalnız yarısı namizədlərdən kimə səs verəcəklərini müəyyən etdiklərini bildiriblər.

Qeyri-müəyyənliyə bir səbəb də ştatda demokrat, ya da respublikaçı kimi qeydiyyat keçməyən seçicilərin olmasıdır. Bu isə elektoratın 44 faizini təşkil edir və onlar istənilən partiyanın seçkisində iştirak edə bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG